Təhsil üzrə mütəxəssis, sabiq deputat Etibar Əliyev 610,4 bal toplamasına baxmayaraq, Ali məktəbə daxil ola bilməyən abituriyentlə bağlı təklif irəli sürüb.
Tribuna.az xəbər verir ki, E. Əliyev bildirib ki, bu gənclə bağlı bir ilkə imza atılmalı və ona jest edilərək tələbə olmasına şərait yaradılmalıdır:
“Bu il bir abituriyent 610,4 bal toplamasına baxmayaraq, Ali məktəbə daxil omayıb. lV qrup üzrə hazırlaşan abituriyent xəyalının Qarabağ Universiteti olduğunu bildirib.
Qarabağ Universitetinin Tibb və Sağlamlıq Elmləri Fakültəsinin dekanı, Qarabağ Universitetinin Klinikasının Baş direktoru Dr. Samir Babayev abituriyentə göstərdiyi yüksək nəticənin və əzminin təqdirəlayiq olduğunu bildirərək, ona ruhlandırıcı sözlər ünvanlayıb.
Ruhlandırıcı söz nədən ibarətdir?
“610,4 bal sizin potensialınızın göstəricisidir. Sevmədiyiniz bir ixtisası seçmək əvəzinə məqsədinizin arxasınca getmək qərarınıza hörmət edirəm. Ümid edirəm ki, gələn il zəhmətinizin qarşılığını alacaqsınız və bəlkə də yollarımız Qarabağ Universitetində kəşisəcək. Sizə ürəkdən uğurlar arzulayıram!”
Əslində Cəmiyyətin üzvləri də bu dəyərli abituriyentə elə doktor Samir Babayevin fikirlərinə oxşar ruhlandırıcı sözlər yazıb. Bilikli abituriyentə bu cür ümidlər vermək əvəzinə aidiyyəti qurumlara bir məsələ barədə müraciət etmək daha faydalı ola bilər. Qarabağ Universitetinin Tibb fakültəsinə əlavə 1 yer verilsin. Universitet yeni yarandığına görə bir gəncin istəyinə çatması Universitetin bioqrafiyasına qızıl hərflərlə yazıla bilər.
Həmin yer ayrılarsa, tam əminliklə deyirəm, 610,4 bal toplamış gənc bundan ruhlanaraq böyük təhsil uğurlarına imza ata bilər”.
Ekspert bildirib ki, təcrübədə belə hallar olub və apatiya vəziyyətinə düşmüş balamızın Qarabağ universitetinin tibb fakültəsinə əlavə yer ayrılmaqla qəbul olunması cəmiyyətin də sevincinə səbəb ola bilər.
Nigar İxtiyarqızı









