Yay başlamamış suda boğulmalar başladı: diqqət edilməli 5 QIZIL QAYDA

Yay başlamamış suda boğulmalar başladı: diqqət edilməli 5 QIZIL QAYDA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yay mövsümünün başlamasına hələ günlər qalsa da, artıq suda boğulma halları qeydə alınmağa başlayıb. Havanın isinməsi ilə insanlar dəniz sahillərinə, çaylara, göllərə, su kanallarına və digər su hövzələrinə üz tutur. Lakin bir çox hallarda təhlükəsizlik qaydalarına əməl edilməməsi faciə ilə nəticələnir.

Boğulmaların böyük hissəsi nəzarətsiz ərazilərdə çimmək, əlverişsiz hava şəraiti və ehtiyatsız davranış səbəbindən baş verir.

Bəs dənizdə, su kanallarında və digər su hövzələrində istirahət edərkən hansı qaydalara əməl etmək lazımdır? Boğulma riskini azaltmaq üçün nələrə diqqət edilməlidir? 

Tribuna.az xəbər verir ki, mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib ki, çimərlikdə təhlükəsizlik məsələsinə ciddi yanaşmaq lazımdır:

“Çimərliyə gedərkən istirahəti planlı şəkildə təşkil etmək vacibdir. Xüsusilə yay aylarında insanlar sərinlənmək və istirahət etmək üçün dəniz, hovuz, su hövzələri, su anbarları, kanallar və digər su məkanlarına üz tuturlar. Buna görə də çimərlikdə və ümumiyyətlə suda istirahət zamanı təhlükəsizlik qaydalarına əməl etmək olduqca önəmlidir”.

Ekspert çimərlikdə təhlükəsizliklə bağlı 5 qızıl qaydanı qeyd edib:

“Əlverişsiz hava şəraitində çimərliyə getməyin. Küləyin sürəti saniyədə 10-12 metri keçdikdə suya girmək təhlükəli ola bilər. Üzgüçülük üçün müəyyən edilmiş sərhədləri keçməyin. Spirtli içkilərin təsiri altında çimərliyə və ya suya girməyin. Nəzarətsiz çimərliklərdən istifadə etməyin. Xilasedici xidmətin olmadığı ərazilərdə çimmək risklidir. Uşaqları nəzarətsiz qoymayın. Uşaqlar daim böyüklərin nəzarəti altında olmalıdır. Bu 5 qızıl qaydaya əməl etməklə çimərlikdə və digər su hövzələrində boğulma və digər bədbəxt hadisələrin qarşısını almaq mümkündür”.

Müsahibimizin sözlərinə görə, əlverişsiz hava şəraiti məsələsinə xüsusilə ciddi yanaşmaq lazımdır:

“Statistik göstəricilər onu deməyə əsas verir ki, dünyada hər il təxminən 370-400 min insan suda boğularaq həyatını itirir. Bu hadisələrin böyük əksəriyyəti, yəni 70 faizdən çoxu məhz əlverişsiz hava şəraiti ilə əlaqədardır. Bu fakt hava şəraitinin nə qədər önəmli amil olduğunu bir daha göstərir”.

Eımar Nurəliyev: Suda boğulma hadisələrinin 95 faizdən çoxu nəzarətsiz çimərliklərin payına düşür

Elmar Nurəliyev əlavə edib ki, digər vacib məsələ nəzarətsiz çimərliklərdir. Dediyinə görə, dünyada qeydə alınan suda boğulma hadisələrinin 95 faizdən çoxu məhz nəzarətsiz çimərliklərin payına düşür. Nəzarətsiz çimərlik dedikdə xilasedici xidmətin olmadığı və çimmək üçün nəzərdə tutulmayan ərazilər nəzərdə tutulur:

“Məlum olduğu kimi, Xəzər dənizinin 825 kilometrlik bütün sahil zolağı çimmək üçün nəzərdə tutulmayıb. Hər il çimərlik mövsümü başlamazdan əvvəl aidiyyəti qurumlar tərəfindən çimərlik sahələrinə baxış keçirilir. Bu zaman suyun dibinin vəziyyəti, sualtı relyef, yarğanlar, akvatoriyanın xüsusiyyətləri, suyun fiziki-kimyəvi və bioloji göstəriciləri, həmçinin sanitar və bakterioloji normalara uyğunluğu araşdırılır. Yalnız bütün təhlükəsizlik tələblərinə cavab verən çimərliklərin fəaliyyətinə icazə verilir. Əgər hər hansı ərazi insanların həyatı və sağlamlığı üçün risk daşıyırsa, həmin çimərliklərin istifadəsinə icazə verilmir”.

Həmsöhbətimiz vurğulayıb ki, fəaliyyətinə icazə verilən çimərliklərdə isə təhlükə riski minimum səviyyədə olur, xilasedici xidmət fəaliyyət göstərir və həmin ərazilər çimmək üçün uyğun hesab edilir:

“Buna görə də vətəndaşlar bu məsələyə ciddi yanaşmalı, yalnız rəsmi icazə verilmiş və xilasedici xidmətlə təmin olunmuş çimərliklərdən istifadə etməlidirlər. Bu, daha təhlükəsiz seçimdir və statistika da bunu təsdiqləyir. Su kanalları, su anbarları, müxtəlif su hövzələri, çaylar və göllər çimmək üçün nəzərdə tutulmayıbsa, həmin ərazilərdə suya girmək insanların həyatı və sağlamlığı üçün ciddi təhlükə yarada bilər”.