Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2026-cı il tarixində jurnalistlərə verdiyi müsahibədə Azərbaycan dilinin qorunması və yad təsirlərdən müdafiəsi məsələsinə xüsusi önəm dən bəhs edib. Prezident vurğuladı ki, dil milli kimliyin əsas dayaqlarından biridir və onun saflığının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Bu kontekstdə mədəniyyət sahəsinin rolu xüsusilə əhəmiyyətlidir. Teatr, kino sənayesi, uşaqlar üçün nəzərdə tutulan cizgi filmləri və ən əsası keyfiyyətli Azərbaycan dili dublajları dilin yaşadılması və inkişafında mühüm vasitələrdir. Çünki müasir dövrdə gənclərin və uşaqların əhəmiyyətli hissəsi xarici – əsasən türkcə və ingiliscə seriallara, filmlərə və animasiya məhsullarına üstünlük verir. Bu isə zamanla gündəlik danışıq dilində leksik pozuntulara, sintaktik təsirlərə və ana dilinə marağın azalmasına səbəb ola bilər.
Xüsusilə uşaqlar üçün məzmun istehsalı strateji əhəmiyyət daşıyır. Uşaq yaşlarından düzgün, zəngin və estetik Azərbaycan dili ilə təmas gələcək nəsillərin dil yaddaşının formalaşmasında həlledici rol oynayır. Bu baxımdan yerli dublaj sənayesinin inkişafı, teatr və kino sahəsində dil normalarına ciddi nəzarət, həmçinin müasir auditoriyanın maraqlarına cavab verən keyfiyyətli milli məzmunun artırılması vacib məsələ kimi ön plana çıxır.
Mövcud vəziyyət sizi qane edirmi?
Dublaj sahəsində keyfiyyət problemi tez-tez müzakirə olunur. Sizcə problem daha çox kadr çatışmazlığı, maliyyə məsələsi, yoxsa nəzarət mexanizmlərinin zəifliyi ilə bağlıdır?
Uşaqlar üçün nəzərdə tutulan cizgi filmlərinin və serialların Azərbaycan dilində istehsalı və ya dublajı niyə yetərli səviyyədə deyil? Bu yöndə hansı təklifləriniz olardı?
Mövzu ilə bağlı Tribuna.az-a açıqlama verən Əməkdar artist Elman Rəfiyev bildirib ki, çox dəyərli, insanı düşündürən bir məsələyə toxunulub. Cənab Prezident doğurdan da bunu vurğulayıb və həqiqətən də buna diqqət çox olmalıdır.
Elman Rəfiyevin sözlərinə görə, bu gün bizim gənclərimizə, uşaqlarımıza və nəvələrimizə baxanda görürük ki, onlar öz dilimizdə danışa bilmirlər. Çünki bütün gün oturub xarici və türk cizgi filmləri, seriallara baxaraq oradakı kəlmələri işlədirlər. Mən demirəm onlar pisdir. Dil öyrənmək üçün yaxşı bir metoddur. Amma ilk növbədə Azərbaycan dilidir. Mənim qızım Amerikada yaşayır. Mən qızıma tapşırmışam ki, dilimizi unutmamaq üçün evdə çalışın Azərbaycan dilində danışın. Öz də təmiz Azərbaycan dilində, yəni parazit sözlərdən istifadə etmək lazım deyil. Çünki uşaq nəyi eşidirsə, o cür formada danışır. Necə ki, biz evdə övladımızla, nəvələrimizlə çalışırıq ki, uşaq dili ilə danışaq. Uşaq dili ilə danışan zaman uşaq görür ki, qarşısındakı böyük bir adam bu dillə danışır, düşünür ki, dil belə olmalıdır. Hərdən küçədə rastlaşanda görürük ki, balaca bir uşaq loru dildə danışır. Niyə? Çünki evdə və yaxud ətrafda o nəyi eşidirsə, onu təkrarlayır. Uşaq 7 yaşa kimi sadəcə dünyanı dərk edir. Və bu gün Azərbaycan dilinin mükəmməlliyini qorumaq hər birimizin borcudur.
“Mən pandemiya dövründə bu barədə çoxlu təlimlər keçdim. Görürdüm ki, insanlarda maraq var. Bu dili qorumaq üçün sadəcə intellektual səviyyə lazımdır. Bundan əlavə, çoxlu kitablar oxunmalıdır. Səsli kitab dinləmək dilin inkişafı demək deyil. Sadəcə kitab barədə məlumatın olur. Amma kitabı özün oxuyanda, sənin söz ehtiyatın çoxalır və dili mükəmməl bilirsən. Mən arzu edirəm bunun üzərinə böyük diqqət ayrılsın. Məktəblərdə, universitetlərdə, baxçalarda, evlərdə uşaqlara dillə bağlı yanaşma vacib şərtdir. Bu iş ən çox teatrın, kinonun və dublajın üzərinə düşür. Mütləq surətdə bunun üzərində işlər getməlidir. Televiziyalarda aparıcılarımız loru dildə danışırlar. Televiziya bir güzgüdür. Filmlərimizdə parazit sözlərdən istifadə olunur. Bunu da uşaq görür. Cizgi filmləri kitab dilində olmaz. Normal dildə səsləndirilməlidir ki, uşaq başa düşsün. Əyləncəli olsun deyə bəzən ləhcələrdən istifadə edilir. Bunu hardasa qəbul edirəm. Amma bütün filmlərdə ləhcə ilə danışmaq düzgün deyil. Çünki görən tamaşaçı, uşaq, gənc elə biləcək ki, bu cür də danışmalıdır. Aparıcılarımız çox bərbad vəziyyətdə danışırlar. Onların danışığı elə bil küçə danışığıdır. Televiziya bir məktəbdir. Bunun üzərinə diqqət artırıldıqca, mən buna sevinəcəm. Mən də bacardığım qədər ətrafımdakı insanları düzgün danışmağa, düzgün nitqə sahib olmağa çağırıram. Mənim yanımdakı insanlar deyir ki, “sənin yanında danışa bilmirik, hər sözümüzdə bir səhv tutursan”. Mənim kimilər gərək çox olmalıdır ki, biz dilimizi qoruyaq.”
Dublaj məsələsinə toxunan E. Rəfiyev qeyd edib:
“Biz uşaq vaxtı Azərbaycan cizgi filmlərini izləyirdik. Əfsuslar olsun ki, bu gün Azərbaycanda cizgi filmi çəkilmir. İnkişaf dövründəyik, artıq süni intellektdən istifadə edirik. Amma bizim cizgi filmlərimiz yox dərəcəsindədir. Uşaq serialları bu gün çəkilmir. Çünki uşaqla işləmək çətindir. Bəs niyə o vaxt “Sehirli xalat”, “Bir qalanın sirri” çəkilirdi? Biz xarici cizgi filmlərin keyfiyyətinə baxanda görürük ki, elə bil canlı nəyəsə baxırsan. Ona görə bizim övladlarımız türklərin, ingilislərin cizgi filmlərinə baxırlar. Uşaqları maraqlandıran bir dənə maraqlı veriliş yoxdur. Yutub kanalında yayımlanan “Cocomelon”u bütün uşaqlar əzbər bilir. Niyə bizdə belə bir şey olmamalıdır?! Niyə biz bunu yaratmırıq? Bütün bunların başında maliyyə dayanır. Çünki maliyyə olmasa, bunlar əmələ gəlməyəcək. Deyirlər ki, bizim dublajımız zəifdir. Mən sovetlər dönəmində doğulub boya-başa çatdığı üçün deyərdim ki, rus dublajı nömrə birdir. Çünki mən gözümü o dublajla açmışam. Amma mən xatırlayıram ki, uşaq vaxtı kinoteatrlara hind, rus filmlərinə baxmağa gedəndə, Azərbaycan dilində baxanda bizə necə doğma gəlirdi. Səməndər Rzayevin Kral Liri səsləndirməyi və rolu oynayan aktyor deyib ki, “mən heç bilmirdim ki, Azərbaycan dilində belə gözəl danışıram”. Çapayev öz filmini gəlib izləyəndə demişdi ki, “doğurdan, mən Azərbaycan dilində səlis danışıram”. Yəni, bu dublaj var idi. Çünki mən kolifeylərdən eşitmişəm ki, o vaxt dublaj sənətinə çox gözəl qiymət verilirdi. Şahmar Ələkbərov, Əminə Yusifqızı, Rasim Balayev, (Allah ona can sağlığı versin) Səməndər Rzayev kimi sənətkarlarımız var idi ki, sadalamaqla bitməz. Onlar dublaja qiymət verir, canlarını qoyurdular. Amma bu gün dublajımız maliyyə tərəfdən çox bərbad bir vəziyyətdədir. Mən uzun müddət televiziyada dublajla məşğul oldum. Mənim bir günümə verilən məbləğin adını çəkməyə utanıram. “Joker” filmini səsləndirmək üçün mən iki gün o televiziyaya getdim. Sonda elə bir məbləğ aldım ki, bunu eşidən hamı şoka düşür. Rusiyada, Türkiyədə dublaja düşən aktyorlar sevinirlər ki, normal dolanacaqlar. Amma bizim aktyorlar fikirləşir ki, “tez bu filmi yazım, gedim o biri redaksiyada digərini yazım, sonra gedim televiziyada yazım, ortalığa nəsə bir məbləğ çıxsın”. Aktyor bilsə ki, normal məbləğ veriləcək, ürəyini qoyacaq və tez-tələsik iş görməyəcək. Ona görə də bizim dublajımızın bu vəziyyətdə olmasının səbəblərindən biri də maliyyədir. İkinci səbəb isə texnikanın güclü olmamasıdır. Dublaja gedirsən, bir də gördün komputer dayandı. “Yaramaz mən” cizgi filminin ikinci hissəsində Rusiyadan Dima adlı bir səs rejissoru gəldi. Biz səsləndirmə edirdik. Mən onu beş saata səsləndirdim. Dima mənə yaxınlaşıb dedi ki, “sənin bu səsləndirdiyin obrazı rus aktyoru 3 günə səsləndirdi.” Mən özümü tərifləmirəm. Bu gün dublajda niyə aktyorlar inkişaf etmirlər? Düşünürlər ki, niyə vaxtlarını buna sərf etsinlər. Gülməli bir məbləğ almaqdansa, gedib başqa işlə məşğul olarlar. Dublajda o dövrün seçmə insanları qalıb. Dublaj çox gözəl sənətdir. Mən çox sevirəm çünki obraza can verirsən. Tamaşaçı bu obrazla səni sevir. Tamaşaçıya maraqlı gəlir ki, görəsən bu səsin sahibi kimdir. Prodakşnlar, rejissorlar bu işə can qoyanları düzgün qiymətləndirin. Sinxron dublajın da öz qiyməti var. Azərbaycan dili çox musiqili bir dildir. Dilimizi qorumaq üçün bütün bunlara nəzarət etmək lazımdır. Biz bir olsaq dilimizi qoruyacağıq.”
Dəniz Pənahova










