Tehranda baş verənlərin PƏRDƏARXASI

Tehranda baş verənlərin PƏRDƏARXASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tehran morqlarında çarəsiz valideynlər cəsədlər arasında öz övladlarını axtarırlar.

“Ağa, xərəkləri boşaldın, gətirin!” bu, yenicə gətirilən cəsədləri daşımaq üçün edilən növbəti çağırışdır.

Küçələrdə isə gənc nəsil alovlar içində, İraqdan və Livandan gətirilmiş muzdluların güllələri altında azadlıq uğrunda savaşmağa davam edir.

Tribuna.az xəbər verir ki, hadisə ilə bağlı politoloq Elşən Manafov İranda baş verən prosesləri gələcək perspektivdə necə qiymətləndirdiyini açıqlayıb.

E. Manafovun sözlərinə görə, Tehranda yaşananlar ABŞ və İsrailin bölgədə kürdlərin hərbiləşdirilmiş qrupları vasitəsilə həyata keçirmək istədikləri senarinin tərkib hissəsidir. Başlıca məqsəd isə ABŞ-ın Yaxın Şərqlə bağlı geosiyasi layihəsinin əleyhinə olan və onun bölgədəki əsas müttəfiqi İsraili təhdid edən İran rejiminin devrilməsidir.

Politoloq qeyd edib:

“İranda yaşanan həyəcan, fərqli maraqlara köklənmiş kütlə ilə təhlükəsizlik qüvvələri arasında getdikcə kəskinləşən qarşıdurmanın gerçək səbəbkarı ABŞ, onun İslam İnqilabının qələbəsindən bəri İrana tətbiq etdiyi sanksiyaların, bu ölkənin bank, maliyyə, enerji sektorunda, bütövlükdə iqtisadiyyatda doğurduğu sosial-iqtisadi problemlərdir. Məhz bu sanksiyalar İranda inflyasiyanı dərinləşdirir. İran rialının alıcılıq qabiliyyətini dəfələrlə aşağı salıb, əhalinin geniş təbəqələrinin maddi durumunu ağırlaşdırır, onu hakimiyyətə qarşı etiraz aksiyalarına sövq edir. İran cəmiyyəti İslam İnqilabının qələbəsindən sonra monolit olduğundan ABŞ və İsraildə anlayıblar ki, buradakı rejimi, bu monolitliyi parçalamaq vasitəsilə zəiflətmək mümkündür. Burada da milli münasibətlər sahəsində problemləri kəskinləşdirmək, ölkənin sosial durumunda problemlərin yüksələn xətlə artmasına nail olmaqla, əhalini rejimə qarşı etiraz aksiyalarına sürükləmək mümkündür.”

Politoloq əlavə edib:

“İranı özünün nəhəng qaz və neft ehtiyatlarını sərbəst şəkildə dünya bazarlarına çıxarıb satmasına mane olmaqda da ABŞ-ın məqsədi rəsmi Tehranı enerji faktorundan əldə etdiyi milyardlarla vəsaitdən məhrum etmək, onu zəiflətmək məqsədlərindən irəli gəlib. İranın şiə inqilabını regiondakı digər ərəb ölkələrinə ixrac etmək və beləliklə də bu ölkələri özünün nüfuz dairəsinə daxil etmək, nüvə enerjisi ətrafında çalışmalar və bununla bağlı özünün suveren hüququndan imtina etmək istəməməsi, Qərbin bölgədəki geosiyasi opponentləri olan Rusiya və Çinlə sıx əməkdaşlığı, İsrailin Fələstinə yönəli siyasətinə qarşı çıxış etməsi və onu təhdid edən Hizbullah və HƏMAS-a verdiyi siyasi-texniki və hərbi dəstək antiiran koalisiyasınl formalaşdıran səbəblərdəndir ki, burada bəlli ərəb ölkələri, ilk növbədə Səudiyyə Ərəbistanı, habelə, BƏƏ də yer alıb.
İranın Yəməndə husilərə verdiyi dəstək və şiə inqilabının ideyalarını təbliğ etməklə ərəb dünyasında özünün təsir dairəsini genişləndirmək istəyi bəzi ərəb siyasi istibleşmentlərini rəsmi Tehrana qarşı ABŞ və İsrailin avanqard olduqları koalisiyaya qoşulmasının səbəblərindəndir.
Həyəcanlar dekabrın 28-də Tehran tacirlərinin iştirakı ilə başlasa da, onlar silahlı qarşıdurma səviyyəsinə İraqla həmsərhəd olan bölgələrdən silahlanmış kürd birləşmələrinin müdaxiləsi ilə güclənmişdir. Burada belə bir məqam diqqəti cəlb edir ki, Tehrandan başlayan həyəcanlar tacirlərin və onlara dəstək olanların rialın kursunun 50%-dək aşağı düşməsi ilə əlaqədar olmuşdur və əsasən iqtisadi tələblər irəli sürülürdü. Qərbdən birbaşa dəstək alan silahlı kürd birləşmələrinin hadisələrə müdaxiləsindən sonra tələblər siyasi mahiyyət kəsb etmiş, hökumətin istefası, habelə, kürdlərə muxtariyyət, hətta müstəqil kürd dövlətçiliyi tələbləri səsləndirilməyə başlanmışdır. Hadisələrin gedişatı göstərərir ki, ABŞ və İsrail İraqda Səddam, Suriyada isə Əsəd rejiminə qarşı olduğu kimi İranda da rəsmi Tehranla mübarizədə kürd seperatizminin xidmətlərindən istifadə etməyə qət edib. İraq Kürdüstanında kürdlərin nəzarət etdiyi bölgənin (Mosul və ətrafı) 45 milyard barrelə yaxın neft ehtiyatları var ki, ABŞ özünün yeni Yaxın Şərq layihəsində onların silahlanması üçün bu amildən yararlanmalarına göz yumur.
ABŞ prezidenti Trampın rəsmi Tehranı etirazçılara qarşı güc tətbiq etməkdən imtina etməyə, əks təqdirdə isə ABŞ-ın hadisələrə müdaxilə edə biləcəyi ilə bağlı xəbərdarlığından sonra İran uğrunda geopolitik qarşıdurmanın yeni mərhələyə daxil olacağı danılmazdır. Belə ki, İran və onun ətrafında yaşananlara diplomatik konteksdə yanaşan rəsmi Pekin kifayət qədər sərt xəbərdarlığı ilə mövqe sərgiləmişdir. İranda yaşanan hadisələrə Çin Xarici İşlər Nazirliyi Qərbdən dəstək alan quldurların və onların felinə uyan kütlənin müdaxiləsi kimi qiymət verərək, İran dövlətçiliyinə terrora qarşı mübarizədə hər cür, o cümlədən, hərbi dəstək verməyə hazır olduğunu bildirmişdir. Bunun ardınca Çin, Rusiya və İranın birgə hərbi dəniz təlimləri barədə qərarı əslində Tehran ətrafında vəziyyəti gərginləşdirmək istəyən tərəflərə geopolitik və hərbi konteksdə ciddi xəbərdarlıq kimi qiymətləndirilməlidir. Kürd layihəsinin İsrail tərəfindən dəstəklənməsi və perspektivdə Türkiyəni də təhdid etməsi anlamında bəllidir ki, rəsmi Ankara da yaşananlara laqeyd qalmayacaq. Lakin, onun Suriyada hakimiyyətə gəlməkdə dəstək verdiyi Colanı, hakimiyyəti ilə münasibətləri rakursunda Türkiyənin hadisələrə məhz indi deyil, bir müddət sonra münasibət sərgiləyəcəyini düşünmək olar. Hərçənd rəsmi Ankara onun müxalifət liderinə qarşı qərarının Qərb tərəfindən anlaşıqla davranılması ilə bağlı məsələləri də nəzərə almaya bilməz. Bütövlükdə isə İranda mövcud rejimin devrilməsi məqsədi ilə Qərbin bu və ya digər ad altında müdaxiləsinə Çin susqunluq nümayiş etdirməyəcək. Zira, Tehranda Amerikan yönümlü iqtidarın hakimiyyətə gəlməsi onun geosiyasi, enerji təhlükəsizliyi ilə bağlı maraqlarına ziddir. ABŞ-ın dəstəklədiyi “Pəhləvi” layihəsinin İranda ən qatı əleyhdarı azərbaycanlılardır və kürd faktoruna qarşı mübarizə tərəfdarları bu amili diqqət mərkəzində saxlayacaqlar.”

Dəniz Pənahova