Son illər dünya üzrə geyim sənayesində təhlükəli bir tendensiya hökm sürür: polyester faktiki olaraq bazarı zəbt edib. Qiymətindən və brendindən asılı olmayaraq, ən bahalı markaların etiketlərini yoxladıqda belə görürük ki, pambıq və yun kimi təbii materiallar azlıq təşkil edir, əsas yük isə sintetik – xüsusən polyester üzərindədir.
Halbuki bu material təkcə ekoloji baxımdan deyil, insan sağlamlığı və bədənin enerji balansı (frekansı) baxımından da ciddi suallar doğurur. Dəri nəfəs almır, statik elektrik yaranır, istilik balansı pozulur. Hətta bu gün sırf təbii yun və ya pambıq tərkibli geyimi şəxsi dərziyə tikdirmək, toxutdurmaq istədikdə, onlar bildirir ki, təbii yun tapmaq çətindir.
Nə baş verir? Təbii materiallar niyə yoxa çıxır?
Bir geyimin doğrudan da təbii olub-olmadığını adi vətəndaş ev şəraitində necə ayırd edə bilər?
Uşaqlar və həssas dərili insanlar üçün hansı materiallar qətiyyən tövsiyə olunmur?
Mövzu ilə bağlı Tribuna.az-a açıqlama verən modelyer-dizayner Gülnaz Usubova bildirib ki, təbii materialların yoxa çıxmasının səbəbi iqtisadiyyatda baş verənlərdir.
Gülnaz Usubovanın sözlərinə görə, bu, təkcə Azərbaycanda deyil, dünyada da baş verən iqtisadi proseslərdir. İqtisadiyyatın vəziyyəti təbii materialların – pambığın, yunun, kətanın yoxa çıxmasına səbəbdir. Çünki asan hazırlanan geyimlər əlverişlidir. Pambıq əkib-becərmək istəməyən, çətinliklə ərsəyə gələn bir materialı istehsal etməkdənsə, neft artıqlarından, neftdən əmələ gələn polyesterdən hazırlanan materiallar daha tez, daha fast-fasion-a uyğundur.
Mütəxəsis vətəndaşların geyimlərin təbii olub-olmadığını necə ayırd etməyin qaydalarından bəhs edib:
“İlk növbədə biz geyimlərin təbi olub-olmadığını etiketindən görə bilərik.
“Cotton”, “wool”, “polyester” yazılarından ayırd etmək mümkündür. Etiketdən əlavə, geyimin təbi olub-olmadığını Ona əl vuranda bilmək mümkündür. Əgər bir geyimə toxunanda Onun üzərində pürüzlü, daha qalın, bükən zaman əzilirsə və qırışlar Daha gec əmələ gəlirsə, bu geyim təbii sayılır. Amma bir geyimi ki, əldə bükdükdə, açan kimi dərhal əvvəlki, pürüzsüz halına dönürsə, bu, polyesterdir. Geyimə toxunduqda, üzərində incəlik daha çoxdurda, bu, yenə polyester tərkiblidir. Bunu ayırd etməyin başqa yolu da yandırmaq üsuludur. Parçanın bir lifini, sapını götürüb yandıra bilərik. Bu üsul təhlükəli olsa da, yoxlamaq mümkündür. Yandıran zaman o kül olursa, kül kimi qalıq qalırsa, demək ki, bu parça təbiidir. Yox, əgər yandıran zaman ağırlaşmış və kauçukun yanması hisslərini verirsə, deməli, təbii deyil”.
G. Usubova sonda vurğuladı:
“Mən düşünürəm ki, artıq, təbii materiallardan istifadə lüks kateqoriyasına aiddir. İndiki zəmanədə bazarda tez satılan və daha çox gəlir gətirən bir geyim markası yaratmaq daha sərfəlidir. Ancaq biz bilməliyik ki, insan dərisi nəfəs alan bir orqandır. Və insna dərisi təbii olmayan materiallara çox məruz qalanda, qızarır. Hətta bu uşaqlarda daha çox bilinir. Çünki uşaqların dərisi daha həssas olur. Təbii olmayan materiallardan istifadə uşaqlar üçün uyğun deyil. Ancaq yun, kətan, pambıq və bəzi ipək materiallar, hansı ki, Azərbaycanda da bunun çox gözəl istehsalı var. Bu materiallardan istifadə edərək biz uşaqlarımızı qoruya bilərik. Biz öz övladlarımızı və gələcək nəsillərimizi qorumaq üçün çalışmalıyıq ki, baha olsa da Azərbaycanımıza məxsus olan barama ipək, yun, pambıq kimi təbii məhsulların inkişafına dəstək verməliyik”.
Dəniz Pənahova










