“Sizin pulunuz yoxdur…”-“Bank Standard”ın kreditorlarının iclası qalmaqallı keçib

“Sizin pulunuz yoxdur…”-“Bank Standard”ın kreditorlarının iclası qalmaqallı keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 9-da ölkə vətəndaşlarının əmanətlərinin batdığı banklardan biri olan “Bank Standard”ın Kreditorlar Komitəsinin növbəti iclası keçirilib. İclasda bir qrup kreditorlarla bərabər bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru vəzifəsini icra edən Vüqar Abdullayev də iştirak edib.

“AzPolitika.info” xəbər verir ki, iclasda iştirak edən kreditorlar tədbir başlayan kimi ADİF rəhbərindən batan əmanətlərilə bağlı hesabat tələb ediblər. Daha sonra komitə üzvlərinin özlərinin arasında qalmaqal yaşanıb. Bu zaman zalda hay-küy düşüb və Vüqar Abdullayev iclası tərk etmək istəyib.

Bir qədər ara sakitləşdikdən sonra ADİF rəhbəri bankın ləğvetmə prosesilə bağlı ümumi məlumatlar verib. Lakin kreditorlar onlara indiyə qdədr verilən vədlərin yerinə yetirilmədiyindən şikayətlənərək, pullarının nə zaman qaytarılacağını soruşublar.

Bu zaman Vüqar Abdullayev onlara xatırladıb ki, bank müflis olub və artıq onların pulları yoxdur “Sizin pulunuz yoxdur, tələbiniz var…”

Bundan sonra iclasda gərginlik getdikcə artmağa başlayıb və kreditorlar “Bank Standard”dan faizsiz və girovsuz kredit götürüb qaytarmayan məmurlardan hesabat tələb edilməli olduğunu bildiriblər.

Əmanətçilər bankın müflisləşməsinə səbəb olan həmin məmurların və onlara aid şirkətlərin adlarının açıqlanmasını tələb ediblər. Lakin ADİF rəhbəri bunun “bank sirri” olduğunu, onun açılmasının isə cinayət məsuliyyəti yaratdığını bildirərək, əslində “Bank Standard”ı talayan həmin şəxslərin və şirkətlərin adlarının açıqlanmasının mümkün olmadığını söyləyib. Bu isə kreditorların ciddi etirazına səbəb olub.Ümumiyyətlə, bu iclasda bir çox maraqlı məqamlara toxunulub və əmanətləri batan vətəndaşlar haqlı iradlarını bildirməklə yanaşı, bankın bilərəkdən müflisləşdirilməsinə dair bəzi iddialar irəli sürüblər.

Məsələnin kifayət qədər geniş və dərin köklərə malik olduğunu nəzərə alaraq, həm son iclasda səsləndirilən iddialar, həm də ümumilikdə “Bank Standard”ın talan edilməsi ətrafında baş verənlərlə bağlı növbəti saylarımızda geniş material dərc edəcəyik.

TİA.AZ