Rusiya adına vuruşan azərbaycanlı şəhid sayılırmı? Bu, təkcə mənəvi baxımdan yox, Allah qarşısında, Konstitusiyamız qarşısında və tarix qarşısında ağır bir cinayətdirmi?
Həmin şəxs sağ qayıtsaydı, Azərbaycanda məhkəmə qarşısına çıxıb həbs ediləcəkdi?
“İşğalçılara qarşı canını verən şəhidlərimizin yanında, işğalçı tərəfdə döyüşmüş birini eyni adla torpağa tapşırmaq onların ruhuna açıq-aşkar hörmətsizlik, təhqir və xəyanətdir”, – deyir insanların çoxu. İslam belə məsələlərdə nə deyir?
Məsələ ilə bağlı Tribuna.az-a açıqlama verən ilahiyyatçı Əkrəm Həsənov bildirib ki, islamda şəhidlik anlayışı siyasi simpatiyaya görə yox, haqq mövqeyinə görə müəyyən edilir.
Ə. Həsənovunun sözlərinə görə, Qurani Kərimdə Allah buyurur ki, zülm edənlərə meyl etməyin, yoxsa sizə od toxunar. Bu ayə açıq mesaj verir. Zülm tərəfdə olmaq, hətta dolayı yolla belə, ilahi ədalətlə ziddiyyət təşkil edir. Başqa bir ayədə Allah yolunda döyüşənlərlə yer üzündə fəsad törədənlərin eyni tutulmayacağı bildirilir. Deməli, hər ölən şəhid olmur, hər öldürülən haqq uğrunda ölmüş sayılmır.
Peyğəmbər Məhəmməd əleyhissəlamın hədisi məsələni daha da aydınlaşdırır. Kim mal, şöhrət, qövmçülük və ya batil bir bayraq altında vuruşarsa və öldürülərsə, onun ölümü cahiliyyət ölümüdür. Bu hədisi İmam Nəvəvi şərh edərkən açıq yazır ki, niyyət və mövqe əsasdır. Haqq olmayan bir tərəfin silahını daşıyan insan dini baxımdan şəhid hökmündə ola bilməz, hətta zahirdə müsəlman olsa belə. İbn Teymiyyə isə daha sərt mövqe ortaya qoyur. O bildirir ki, zülmkar orduda vuruşmaq zülmə şərik olmaqdır və belə bir ölüm savab deyil, məsuliyyətdir.
Müasir dövr alimləri də bu mövzuda eyni xətti davam etdirir. Yusuf əl Qaradavi qeyd edir ki, müsəlman bir savaşda tərəf seçərkən milliyyət yox, ədalət meyarını əsas götürməlidir. Əgər bir dövlət işğalçıdırsa və başqasının torpağını zorla tutubsa, onun ordusunda döyüşən müsəlman haqq tərəfdə deyil. Bu baxımdan Rusiya adına vuruşan azərbaycanlı, xüsusən də Rusiya uzun illər Azərbaycan torpaqlarının işğalında siyasi və hərbi dəstək verən tərəf olduğu üçün, dini baxımdan şəhid sayıla bilməz. Bu, çox ağır səslənsə də, elmi nəticə budur.
Konstitusiya və hüquqi müstəvidə məsələ daha da qətidir. Azərbaycan Respublikasının Konstitusiyası və Cinayət Məcəlləsi xarici dövlətlərin silahlı birləşmələrində iştirak etməyi cinayət sayır. Əgər həmin şəxs sağ qayıtsaydı, hüquqi baxımdan onun məhkəmə qarşısına çıxarılması tam real və qanuni olardı. Bu, sadəcə ehtimal deyil, normativ hüquqi reallıqdır. Dövlətin təhlükəsizliyinə və beynəlxalq mövqeyinə zidd fəaliyyət heç bir halda məqbul hesab edilmir.
Tarix qarşısında məsuliyyət isə daha dərindir. Tarix şəhid anlayışını da seçərək yazır. Azərbaycanın minlərlə şəhidinin qanı torpağa bu torpaq üçün axıdılıb. İşğalçılara qarşı vuruşanla işğalçı tərəfdə döyüşəni eyni adla çağırmaq təkcə emosional məsələ deyil, mənəvi balansın pozulmasıdır. İnsanların dediyi fikir burada təsadüfi reaksiya deyil. Bu, kollektiv vicdanın səsidir.
Dünyəvi alimlər və sosioloqlar da bu mövzuda maraqlı mövqe ortaya qoyur. Müharibə etikası ilə məşğul olan müasir tədqiqatçılar bildirir ki, əsgərin legitimliyi onun xidmət etdiyi məqsədlə ölçülür. Haqsız müharibədə ölən əsgər qəhrəman kimi deyil, münaqişənin qurbanı kimi dəyərləndirilir. Bu yanaşma dini baxışla da üst üstə düşür.
Nəticə aydındır. Rusiya adına vuruşan azərbaycanlı dini baxımdan şəhid deyil. Hüquqi baxımdan sual altındadır. Tarixi baxımdan mübahisəli və ağır yük daşıyan bir fiqurdur. Onu Vətən uğrunda can vermiş şəhidlərimizlə eyni məqamda təqdim etmək nə İslamın ədalət anlayışına uyğundur, nə dövlət hüququna, nə də xalqın vicdanına. İslam bu məsələdə emosiyaya yox, haqq tərəfinə baxır. Haqq haradadırsa, şəhidlik də oradadır. Burada isə tərəflər çox aydındır.
Dəniz Pənahova










