“Quru sərhədlər bağlıdır, turizm potensialından danışırlar” – Natiq Cəfərli

“Quru sərhədlər bağlıdır, turizm potensialından danışırlar” – Natiq Cəfərli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

REAL Partiyasının sədri Natiq Cəfərli Azərbaycanda keçirilən “İqtisadi artımı və diversifikasiyanı təmin etmək üçün Azərbaycanın turizm potensialının açılması” mövzusunda tədbiri tənqid edib.

Tribuna.az xəbər verir ki, siyasətçi sosial şəbəkə hesabında paylaşdığı fikirdə quru sərhədlərin bağlı olduğu bir dövrdə turizm potensialının açılmasından danışılmasını istehzalı şəkildə qarşılayıb.

“Quru sərhədləri bağlı olan məmləkətimizdə bu günlərdə ‘İqtisadi artımı və diversifikasiyanı təmin etmək üçün Azərbaycanın turizm potensialının açılması’ mövzusunda tədbir keçirilir. Artıq gülməlidir, deyilmi?! Amma, ardı da var”, – deyə o bildirib.

Natiq Cəfərli tədbirdə iştirak edən Dünya Bankının özəl sektor üzrə baş mütəxəssisi Şon Mannın çıxışına da diqqət çəkib. Şon Mann bildirib ki, “lüks hotellər Azərbaycanın turizm potensialını tam reallaşdırmaq üçün kifayət etmir” və regionlarda kiçik hotellərin, ailə tipli qonaq evlərinin, restoranların, bələdçi xidmətlərinin inkişaf etdirilməsi turist xərclərinin daha çox hissəsinin yerli iqtisadiyyata yönəlməsinə imkan verəcək.

REAL Partiyasının sədri qeyd edib ki, bu fikirləri illər əvvəl özü də səsləndirib. O, 2020-ci ildə verdiyi müsahibədən sitat gətirərək bildirib:

“‘Home hotel’ tipli konsepsiyanın inkişaf etdirilməsi üçün yaxşı fürsət yaranıb. Regionlarda, əsasən də təbiəti gözəl olan bölgələrdə ev şəraitində kiçik otellərin açılması və ya fəaliyyət göstərməsi üçün imkanlar var”.

Cəfərli həmin dövrdə kiçik otellərə vergi güzəştlərinin tətbiq edilməsinin daxili turizmi canlandıra biləcəyini də vurğuladığını xatırladıb.

Siyasətçi paylaşımının sonunda “2020-dən öncə də eyni fikirləri demişik, 6 il əvvəl dediklərimizi indi bir ətək pul verib dəvət etdiyiniz Şon Mann da deyir – onun sözlərini manşetə çıxarırsınız, dəyər verirsiniz” fikrini səsləndirib.

Gülşən Rəsul