Azərbaycanda 2026-cı il üzrə pensiya yaşı ilə bağlı qaydalar açıqlanıb. İyulun 1-dən etibarən qadınların pensiya yaşı da 65-ə çatdırılacaq, kişilər üçün isə bu hədd dəyişməyərək 65 yaş olaraq qalacaq. Pensiya yaşının mərhələli şəkildə artırılması 2017-ci ildən etibarən tətbiq olunur və bu proses 2027-ci ilədək davam edəcək. Qanunvericiliyə əsasən, vətəndaşın pensiya kapitalı minimum pensiya təminatına imkan vermədikdə, ən azı 25 il sığorta stajı tələb olunur. Bu dəyişikliklər cəmiyyətdə həm sosial, həm də iqtisadi baxımdan ciddi müzakirələrə səbəb olub.
Orta ömür müddəti və sağlam həyat göstəriciləri nəzərə alındıqda, bu yaş həddi iqtisadi baxımdan əsaslandırıla bilərmi?
Qadınların pensiya yaşının kişilərlə eyniləşdirilməsi sosial ədalət prinsipinə uyğundurmu, yoxsa əlavə sosial mexanizmlər olmalı idimi?
Azərbaycanda qeyri-rəsmi məşğulluğun yüksək olduğu şəraitdə 25 illik sığorta stajı tələbi nə dərəcədə əlçatandır?
Vətəndaşların pensiya sisteminə inamının artması üçün hansı iqtisadi və institusional addımlar atılmalıdır?
Mövzu ilə bağlı Tribuna.az-ın suallarını cavablayan İqtisadiyyat Elmləri üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Günay Hüseynova fərqli təklif irəli sürüb:
“Sığorta Fondu özəl yaradılsın. Yaxud da dövlətə tamamilə bağlı olmasın. Sadəcə dövlət nəzarəti olsun və hər kəs müstəqil olaraq sığortasını ora yatırsın. Yatırdığı sığortanın müqabilində də gələcəkdə pensiya ala bilsin. Yoxsa ki, işsizliyin hökm sürdüyü bir vaxtda stajı harada toplasın? İşləyən olsa belə, dövlət büdcəsi müxtəlif sahələri maliyyələşdirir. Vətəndaş bu gün pul ödəyir, 25 ildən sonra o pul dəyərini itirib qəpik-quruşa çevrilir. Və o pulla infilyasiyanın altında əzilir. Həm də dövlət tərəfindən bildirilib ki, gənclərin sayı azdır, çünki ölkə xaricinə gedirlər. Eyni zamanda ölkədə doğum səviyyəsi azdır. Həmçinin də yaşlı nüfuzun sayı artır. Bu say artanda, Dövlət büdcəsindən pensiya kapitalı üçün ayrılan vəsait kifayət qədər deyil. Bu da dövlətə əlavə yük yaradır. Ona görə də çıxış yolu odur ki, özəl formaya keçsin. Hər kəs kapitalını görə bilsin. Yaxud da şəxs vəfat edərsə, övladı ondan istifadə edə bilsin. Özəl yatırılan pensiya kapitalı sayəsində səhiyyə xidmətlərindən işsiz olduğu müddətdə də istifadə edə bilsin. Çünki onsuz da pul ödəyir. Rüşvətsiz xəstəyə baxılmır. Sonra kredit öhdəliklərini yerinə yetirə bilməyəndə, pensiya kapitalından çıxılsın. Çünki belə pensiya heç bir işə yaramır. Daha doğrusu 25 il sonra heç bir işə yaramayacaq.”
Digər təklifindən bəhs edən G. Hüseynova qeyd edib:
“Pensiya müavinətləri artsa belə, çox işə yaramır. Bununla bərabər infilyasiya da sürətlənir. Bazarda mer-meyvə, aptekdə dərmanların qiyməti yüksəlib. Ona görə də yaşlılara dərman preparatları güzəştli şəkildə verilsin. Bununla yanaşı xarici ölkələrdə yaşlı insanlar səyahətə çıxa bilirlər. Amma bizdə heç bir avantajlı şərait yoxdur. Müxtəlif nəqliyyat vasitələrində onlar üçün güzəştlər tətbiq edilsin. Məsələn, özəl istirahət mərkəzlərində onlar üçün il ərzində bir dəfə şəxsən istifadə etsinlər. Yaşlı nəslin bəlkə təfəkküründə də dəyişiklik olar. Çünki ömürlərini övladlarına, sonra da nəvələrinə qurban verirlər. “Oğlum üçün bunu edim, qızım üçün onu edim”, sonra da keçirlər nəvələrinə… Sonra ömür bitir. Sosial dəstəkli paketin hazırlanması daha məqsədəuyğun olardı.
Eyni zamanda bayram ərəfələrində yaşlılara qida paketləri göndərilə bilər.
Çünki elə yaşlı insanlar var ki, ailələri uzaqdadır, süfrələri boş qalan insanlar var. Yardım adı altında düyü, ucuz makaron, qarabaşaq demirəm, ət, yağ, kartof və s. kimi əsas lazımi məhsulları hər bayram ərəfəsində pensionerlərə verilsə, məsələn Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində könüllü şəxslər də çalışır, bir qutu ərzaq payı olsa da onları bayramdan-bayrama sevindirsinlər. Onsuz da 3 bayram var. Gələcəkdə bu şərait yaradılsa, gələcəyə də ümid yaranar. Gənclər indidən öz qocalığını dərd edir. Heç kəs dünyaya uşaq gətirmək istəmir. Bu proses əslində dövlətin yükünü artırır. Çünki bu gün gənc dünyaya uşaq gətirməyəndə, həmin şəxs qocalanda övladı olmadığı üçün qocalar evində dövlət baxmalıdır. Ona görə də elə şərait yaradılmalıdır ki, gələcəkdə dövlətə də yük düşməsin.”
Dəniz Pənahova










