Elm və Təhsil Nazirliyi (ETN) və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşkil etdiyi Müəllimlərin İşə Qəbulu (MİQ) prosesi dərin institusional və idarəetmə böhranı mərhələsindədir. Problemin kökündə hesabatlılıq mexanizmlərinin işləməməsi və məlumat inhisarçılığı dayanır.
Tribuna.az xəbər verir ki, bu sözləri təhsil eksperti Vüqar Məmmədov bildirib. O qeyd edib ki, imtahanın təşkili və gedişatı barədə ictimaiyyətə dəqiq, qərəzsiz statistik təhlillərin, reytinq dinamikasının və operativ məlumatların təqdim edilməməsi idarəetmənin sistemli fəaliyyət planından məhrum olduğunu göstərir:
“Məlumatların qapalı saxlanılması idarəedici qurumların atdığı addımların əsaslandırılmasını çətinləşdirir və prosesin legitimliyini sual altına alır.
Sistemin ən ciddi struktur qüsuru vakansiyaların idarəedilməsindəki şəffaflıq böhranıdır.
Ölkə üzrə real kadr tələbatını əks etdirən, davamlı yenilənən və ictimaiyyətə açıq məlumat bazası mövcud deyil. Vahid və əlçatan reyestrin olmaması vakansiyaların gizlədilməsi, müəyyən iş yerlərinin sistemə ümumiyyətlə daxil edilməməsi üçün manipulyasiya imkanı yaradır. Seçim mərhələsində bəzi vakansiyaların süni şəkildə “saxlanılması” və ancaq sonradan, naməlum prinsiplərlə paylanması prosesin avtomatlaşdırılmış ədalət prinsipindən uzaq olduğunu təsdiqləyir. Vakansiyalar haqqında qeyri-şəffaflığın bu səviyyəsi kadr planlaşdırmasının qüsurlu aparıldığını və idarəetmənin subyektiv müdaxilələrə açıq olduğunu sübut edir”.
V. Məmmədov bildirib ki, vakansiyaların qeyri-şəffaf bölüşdürülməsi və təklifin tələbə nisbətdə məhdudlaşdırılması bilavasitə süni bal artımı anomaliyasını formalaşdırır:
“İmtahanların mürəkkəblik dərəcəsi ilə sistemə çıxarılan iş yerlərinin sayı arasındakı qeyri-mütənasiblik keçid ballarının hər il qeyri-təbii formada yüksəlməsi ilə nəticələnir. Bu rəqəmsal inflyasiya namizədlərin kütləvi şəkildə savadının artmasının göstəricisi deyil; bu, sadəcə daraldılmış kvota çərçivəsində rəqabətin süni şəkildə sərtləşdirilməsinin məntiqi nəticəsidir. Təhsil idarəçiləri tərəfindən bal dinamikası barədə heç bir elmi-analitik əsaslandırma yayımlanmır və nəticədə kifayət qədər yüksək nəticə göstərən savadlı kadrlar bu yaradılmış süni baryerə görə kənarda qalırlar.
İdarəetmədəki struktur qüsurları ilə yanaşı, prosesin konseptual fəlsəfəsində də ciddi məntiqi ziddiyyətlər mövcuddur. Bunun ən bariz nümunəsi MİQ imtahanında iştirak üçün namizədlərdən 60 manat məbləğində rüsumun tələb edilməsidir. Kadr ehtiyacını qarşılamaq üçün vakansiya elan edən ETN-in işəgötürən qismində çıxış edərək namizəddən iştirak haqqı alması əmək bazarının fundamental qanunauyğunluqlarına ziddir. Məntiqə əsasən, işəgötürən təklif etdiyi yerlərə ən yaxşı mütəxəssislərin cəlb olunmasında birbaşa maraqlı olmalı və prosesi stimullaşdırmalıdır. Lakin dövlət təhsil müəssisələrinə işə qəbulun bu cür kommersiyalaşdırılması göstərir ki, kadr cəlb etmək niyyəti fiskal maraqların kölgəsində qalıb. İşsiz və gəlirsiz bir namizədin qarşısına məcburi maliyyə baryerinin qoyulması qurumun öz vakansiyalarını keyfiyyətli kadrlarla doldurmaq hədəfi ilə daban-dabana ziddiyyət təşkil edir.
Ümumilikdə, mövcud MİQ mexanizmi təhsilin inkişafına xidmət edən rasional kadr seçimi prosesindən çıxaraq, qeyri-şəffaf və tənzimlənməyən bir ələk alətinə çevrilib. ETN və MÜTDA-nın idarəetmə böhranından yeganə çıxış yolu prosesi informasiya inhisarından və gəlir mənbəyinə çevrilmək modelindən xilas etmək, bütün vakansiyaların dəqiq əks olunduğu vahid, açıq elektron reyestr yaratmaqdır. Məlumat şəffaflığı təmin edilmədən həyata keçirilən istənilən proses ancaq böhranı və kadr israfını dərinləşdirəcək”.
Nigar İxtiyarqızı









