Son vaxtlar ədəbiyyat və tarix fənnləri əsasında “mədəniyyət” adlı yeni bir fənnin tədrisi ilə bağlı təkliflər müzakirə olunur. Bu məsələyə etirazların olması əsaslıdır, çünki ədəbiyyat və tarix hər biri ayrı-ayrılıqda milli-mənəvi dəyərlərin formalaşmasında əvəzsiz rola malikdir. Bununla yanaşı, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının qəbulu mədəni dəyərlərin strateji səviyyədə önə çəkildiyini göstərir.
Ədəbiyyat və tarix fənnlərinin birləşdirilməsi doğru addımdırmı? Niyə?
Mövzu ilə bağlı Tribuna.az-a açıqlama verən təhsil eksperti Şəmsi Qocayev bildirib ki,
təhsil sistemində ədəbiyyat və tarix fənlərinin “mədəniyyət” adı altında birləşdirilməsi ideyası, ilk baxışda müasir bir inteqrasiya cəhdi kimi görünsə də, əslində milli təfəkkürün və dövlətçilik şüurunun fundamental sütunlarını sarsıda biləcək bir addımdır.
Şəmsi Qocayevin sözlərinə görə, biz bu məsələyə sadəcə kurikulum dəyişikliyi kimi deyil, millətin gələcək genetik kodunun qorunması prizmasından yanaşmalıyıq. Çünki hər iki fənnin özünəməxsus tədqiqat obyekti, fərqli metodologiyası və vətəndaş yetişdirilməsində bir-birini əvəz edə bilməyən strateji missiyası vardır.
“Tarix — millətin siyasi yaddaşı, dövlətçilik təcrübəsi və xronoloji varisliyidir. O, şagirdə hadisələr arasındakı səbəb-nəticə əlaqələrini faktlar və sənədlər üzərindən öyrədir. Ədəbiyyat isə həmin millətin ruhudur, bədii təfəkkürünün və ana dilinin zənginliyinin estetik ifadəsidir. Bu iki nəhəng sahəni vahid bir fənnin içində əritmək, hər iki elmin dərinliyini itirməsinə və tədrisin səthiləşməsinə gətirib çıxaracaq. Şagird nə Şah İsmayıl Xətainin dövlət quruculuğu siyasətini tam qavraya biləcək, nə də onun poeziyasındakı fəlsəfi dərinliyi duya biləcək.
“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının məqsədi mədəni dəyərləri strategiya səviyyəsinə qaldırmaqdırsa, bu hədəfə çatmağın yolu tarixi və ədəbi bazanı ixtisar etməkdən yox, əksinə, həmin təməli daha da möhkəmləndirməkdən keçir. Tarixini dərindən bilməyən və ədəbi irsinin ruhuna nüfuz etməyən bir nəslin “mədəniyyət” anlayışı yalnız zahiri bir forma olaraq qalacaqdır. Bizim üçün tarix və ədəbiyyat sadəcə fənn deyil, milli kimliyimizin onurğa sütunudur. Bu sütunu “inteqrasiya” adı altında zəiflətmək milli yaddaşın itirilməsinə rəvac verməkdir. Mədəniyyət fənnini ayrıca bir dünyagörüşü kursu kimi təqdim etmək olar, lakin bu, əsas fənlərin hesabına və onların mahiyyətini kiçiltməklə baş verməməlidir”.
Dəniz Pənahova










