“Bu hadisəyə “şokdayıq”, “təəccübdəyik” demək əslində, özümüzü aldatmaqdır”.
Bu fikri Tribuna.az-a analitik Tural İbrahimov məktəblinin müəllimə atəş açması ilə bağlı deyib.
Onun sözlərinə görə, təəccüb ediləsi heç nə yoxdur: “Təəccüb ancaq o zaman olur ki, baş verən hadisə əvvəlki gedişata zidd olsun. Amma bu, illərdir göz görə-görə gələn bir nəticədir.

Kitab oxumayan, fikri 30 saniyəlik videoların arasında parçalanan, həyatla münasibəti “trend”lər, “like”lar üzərində qurulan bir nəsil yetişdiririk. Qətl, zorakılıq, terror, “silah romantikası” gündəlik kontentə çevrilib. Bunu izləyən, içində böyüyən şüur üçün silah artıq qorxulu obyekt deyil, güc simvoludur. Kişilik isə məsuliyyət, səbir, ağıl, özünü idarə etmək demək ikən, biz onu səs qaldırmaq, qorxutmaq, zorla “haqlı çıxmaq” kimi təqdim etmişik. İndi sual veririk: problem uşaqdadır, müəllimdədir, valideyndədir?”
T.İbrahimovun fikrincə, problem təkcə uşaqda deyil: “Uşaq boş qabdır, içinə nə töksən, o olar. Problem təkbaşına müəllimdə də deyil. Müəllim artıq tərbiyə edən deyil, qorxudulan, susdurulan, daim “hüquq” sözü ilə divara dirənən fiqura çevrilib. Ən böyük problem valideyndədir. Amma bioloji mənada yox, mənəvi mənada valideynlik edənlərdə.
“Müəllim uşağıma güldən artıq söz deməsin” deyən valideyn, əslində uşağına deyir:
— Sən haqlısan, dünya sənə borcludur.
— Sən səhv etmirsən, səni tənqid edən düşməndir.
— Sərhəd yoxdur, cəza yoxdur, məsuliyyət yoxdur.
Belə mühitdə böyüyən uşaq “yox” sözünü eşidəndə bunu təhqir sayır. Qarşısına çıxan müəllimi yox, insanı yox, sistemi yox — düşmən görür. Silah da artıq onun üçün sonuncu “arqument”ə çevrilir.
Biz müəllimi cəmiyyətdə nüfuzdan saldıq. Onu həm az maaşla, həm hüquqsuzluqla, həm də psixoloji təzyiqlə tək buraxdıq. Sonra da deyirik: “Niyə müəllim nüfuzlu deyil?” Nüfuzu əlindən alınmış adamdan nə gözləyirik?
Bir tərəfdə valideyn var ki, uşağının telefonuna nə baxdığını bilmir, amma müəllimin dediyi bir kəlməyə görə məktəbə hücum edir. Digər tərəfdə müəllim var ki, sinfə girəndə artıq dərs yox, öz təhlükəsizliyi barədə düşünür. Ortada isə yönsüz, dəyərlərsiz, aqressiya ilə bəslənən bir gənclik qalır.
Bu hadisə fərdi cinayət deyil, kollektiv iflasdır. Təhsilin, ailənin, cəmiyyətin, dəyər anlayışının iflası.
Biz gənclərə kitab vermədik, onlara məna vermədik. Onlara sual verməyi yox, qışqırmağı öyrətdik. Gücü ağıl yox, zor hesab etdik. Sonra da silah əlində uşağı görüb “hardan çıxdı bu?” deyə təəccüblənirik.
Əsl sual budur:
Biz bu cəmiyyətdə müəllimi qoruyuruqmu?
Ata-ana övladına tərbiyə verir, yoxsa onu öz eqosunun qalxanı edir?
Kişilik anlayışını biz harda itirdik?
Bu suallara cavab tapmadan, hər növbəti hadisəyə yenə “şokdayıq” deyəcəyik. Ta ki, şok da adiləşənə qədər”.
Dəniz Pənahova









