“Leyla Medical Center”də 3 yaşlı uşağın müalicəsinin yarımçıq dayandırıldığı iddia olunur.
Tribuna.az xəbər verir ki, bu barədə uşağın atası Ruslan İmanov “Şikayətim Var” səhifəsində yazıb.
Onun sözlərinə görə, noyabrın 11-də 40 dərəcə hərarət, güclü öskürək və ağciyərlərlə bağlı şikayətləri olan qızını klinikanın təcili tibbi yardım şöbəsinə aparıb. Uşağa venadaxili sistem qoşularaq müalicəyə başlanılıb.
Ata iddia edir ki, müalicə davam edərkən klinika əməkdaşları daxili qaydalara əsasən uşağın yanında yalnız bir valideynin qala biləcəyini bildirərək ondan otağı tərk etməsini tələb ediblər. O, qaydanın yazılı əsasını soruşduqda isə konkret sənəd təqdim olunmayıb.
Ruslan İmanovun sözlərinə görə, otaqdan çıxmayacağı təqdirdə uşağa tibbi xidmət göstərilməyəcəyi bildirilib. Nəticədə infuziya dayandırılıb, sistem çıxarılıb və onlardan klinikanı tərk etmələri tələb olunub.
Ata müalicənin dayandırılması zamanı uşağa nə qədər məhlul yeridildiyi, bunun mümkün tibbi nəticələri və sonrakı müalicə ilə bağlı ona yetərli məlumat verilmədiyini iddia edir.
O, hadisə zamanı klinikanın təhlükəsizlik əməkdaşı Ülvi Rzayevin, supervisor Racid Həsənlinin, eləcə də Gülər Mustafayeva və Lalə Ümidli Həmidin davranışlarının araşdırılmasını tələb edir.
Ruslan İmanov məsələ ilə bağlı Baş Prokurorluğa, Səhiyyə Nazirliyinə və digər aidiyyəti qurumlara müraciət edəcəyini bildirib. O, həmçinin hadisə günü müşahidə kameralarının görüntülərinin qorunmasını və uşağın tibbi sənədlərinin araşdırılmasını istəyir.
Qeyd edək ki, hadisə ilə bağlı iddialar uşağın atasının müraciətinə əsaslanır.
Klinikanın mövqeyini dərc etməyə hazırıq.
Gülşən Rəsul










