Bakıda KFC restoranlarında müştərilərin narazılığına səbəb olan hallarla bağlı sosial şəbəkələrdə paylaşımlar artır. Şikayətlər arasında yeməklərin keyfiyyəti ilə yanaşı, restoranların daxilində dilənən şəxslərin müştəriləri narahat etməsi də qeyd olunur.
Tribuna.az xəbər verir ki, bu barədə son olaraq şikayətçi İnci Hüseynova Feysbuk hesabında paylaşım edib.
O, KFC-nin Əcəmi filialında yaşadığı hadisədən narazılığını bildirib.
İ.Hüseynovanın sözlərinə görə, sifariş etdiyi burgerin çörəyi boyat çıxıb və buna görə yeni sifariş vermək üçün kassaya yaxınlaşıb. Bu zaman restoranda dilənən bir şəxs onun stolunun üzərindəki yeməyi götürərək aparıb.
Şikayətçi bildirib ki, həmin vaxt zalda müştərilərə nəzarət edən heç bir əməkdaş olmayıb. O, həmçinin filiala hər gedişində dilənən şəxslərin müştəriləri narahat etdiyini qeyd edib.
“Çox biabırçı və xoşagəlməz vəziyyət idi. Ümid edirəm, filial rəhbərliyi belə halların qarşısını almaq üçün nəzarəti gücləndirər”, – deyə İ.Hüseynova yazıb.
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə KFC restoranları ilə bağlı müxtəlif müştəri narazılıqları, o cümlədən yeməklərin keyfiyyəti və restoranlardakı xidmətlə bağlı şikayətlərə rast gəlinir.
Məsələ ilə bağlı KFC-nin mövqeyini öyrənməyə çalışacağıq.
Gülşən Rəsul











