Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz.
Təhsil sistemində yeni paradiqma axtarışları
Bəşəriyyət tarixində təhsil sisteminin əsas vasitələrindən biri dərslik olmuşdur. Min illər ərzində dərslik biliklərin nəsildən-nəslə ötürülməsinin ən mühüm vasitəsi kimi çıxış etmişdir. Lakin XXI əsrin ilk rübündə baş verən texnoloji inqilab, rəqəmsal transformasiya və süni intellekt texnologiyalarının sürətli inkişafı ənənəvi dərslik modelinin gələcəyini yenidən düşünməyi zəruri edir.
Ənənəvi məktəb dərsliklərinin özəlliklərindən danışmazdan əvvəl, qeyd edək ki, sovet vaxtı dərsliklərimiz indikilərlə müqayisədə xeyli keyfiyyətli idi. Müstəqilliyin ilk illərində də dərsliklərimiz pis deyildi. Ancaq 2000-ci illərdən başlayaraq dərsliklərimiz sürətlə keyfiyyətsizləşdi. Dərslik müəlliflərinə qonorar verdikdən sonra, bu sahədə keyfiyyətin artması əvəzinə, vəziyyət daha da pisləşdi, bu sahədə də rəqabət yox, monopoliya yarandı. Nazirlik məsuliyyəti boynundan atmaq üçün, bu yükü nəşriyyatların boynuna qoydu.
Bu səhv addım idi. Bu gün də sistem belə işləyir. Görünür məmurlara belə sərf edir. Amma unudurlar ki, təhsildə ən mühüm vasitə dərslikdir, heç olmasa onu normal yazmaq və uşaqlara çatdırmaq lazım idi. Bu gün də dərsliklərimiz bərbad durumdadır. Bu prosesin davamı olaraq hazırlanmış azsaylı elektron (multimediya əsaslı) dərsliklərimiz də, keyfiyyət və kəmiyyət baxımından yaxşı vəziyyətdə deyil.
Biz kağız daşıyıcıları üzərində 30 ildə normal dərslik yarada bilməsək də, bir çox ölkələr artıq yeni nəsl – süni intellekt və virtual reallıq əsaslı, multimediya imkanlı, fərdiləşdirilmiş dərsliklərin hazırlanmasını layihələndirirlər.
Bu gün məktəblərdə istifadə olunan dərsliklərin böyük əksəriyyəti metodik baxımdan XIX–XX əsr sənaye cəmiyyətinin məhsuludur. Onlar standart məzmunun bütün şagirdlərə eyni məzmun və formada təqdim edilməsinə əsaslanır. Halbuki müasir cəmiyyət fərdi, çevik öyrənmə, sürətlə yenilənən biliklər və rəqəmsal mühit tələb edir. Məhz buna görə də “Gələcəyin dərsliyi necə olmalıdır?” sualı müasir pedaqogikanın və təhsil siyasətinin ən mühüm problemlərindən birinə çevrilmişdir.
Ənənəvi dərsliyin böhranı
Müasir dərsliklərin əsas problemi onların statik xarakter daşımasıdır. Bu gün dünyada biliklərinin həcmi hər iki-üç ildən bir iki dəfə artır. Süni intellekt, biotexnologiyalar, kvant hesablamaları və digər sahələrdə baş verən dəyişikliklər nəticəsində bir çox məlumatlar dərslik çap olunana qədər artıq köhnəlir.
Ənənəvi dərslik modelinin əsas çatışmazlıqları məlumatların onların tez köhnəlməsi, bütün şagirdlər üçün eyni məzmunun təqdim etməsi, fərdi öyrənmə xüsusiyyətlərinin nəzərə alınmaması, zəif interaktivlik, əks-əlaqə (geribildirim) mexanizmlərinin olmaması, müəllim və şagirdlə dinamik qarşılıqlı əlaqənin zəifliyidir.
Müasir məktəblər bir çox hallarda XXI əsrin şagirdlərini. XX əsrin müəllimləri və XIX əsrin dərslik tələbləri ilə öyrətməyə çalışır.
Gələcəyin dərsliyi nədir?
Gələcəyin dərsliyi sadəcə kağız kitabın elektron versiyası deyil. Bu, biliklərin təqdim olunması, mənimsənilməsi, qiymətləndirilməsi və yenilənməsini vahid rəqəmsal mühitdə birləşdirən intellektual platformadır. Belə dərslik adaptiv, interaktiv, multimedia, süni intellekt əsaslı, fərdi təlim resursudur. Bu dərslik fasiləsiz yenilənir. Başqa sözlə, gələcəyin dərsliyi “kitab” deyil, “dinamik öyrənmə sistemi” olacaqdır.
Süni intellekt və dərsliklərin transformasiyası
Süni intellekt təhsil tarixində ilk dəfə olaraq hər bir şagirdə fərdi dərslik yaratmağa imkan verir. Bu gün bir sinifdə 30 şagird varsa, müəllim faktiki olaraq 30 müxtəlif səviyyəli uşağın təhsil ehtiyacı ilə işləyir. Ənənəvi dərslik isə yalnız bir versiyada-orta səviyyəli şagirdin səviyyəsində tərtib edilir. Süni intellekt əsaslı dərsliklər isə özü şagirdin hazırlıq səviyyəsini müəyyən edir, öyrənmə sürətini təhlil edir, fərdi tapşırıqlar hazırlayır, əlavə izahlar təqdim edir, zəif tərəfləri müəyyənləşdirir, fərdi inkişaf trayektoriyası qurur. Beləliklə, eyni mövzu müxtəlif şagirdlərə müxtəlif formada təqdim oluna bilir. Bu isə təhsil tarixində görünməmiş fərdiləşdirmə imkanları yaradır.
Statik məzmundan dinamik məzmuna keçid
Ənənəvi dərsliklər dəyişməz məzmuna malikdir. Gələcəyin dərslikləri isə “canlı sistemlər” olacaq. Məsələn, tarix dərsliyi yeni arxeoloji kəşflər əsasında fasiləsiz yenilənəcək, coğrafiya dərsliyi real vaxt rejimində iqlim məlumatlarını göstərəcək, iqtisadiyyat dərsliyi cari bazar məlumatlarını operativ əks etdirəcək, biologiya dərsliyi yeni elmi kəşfləri inteqrasiya edəcək v.s. Beləliklə, şagird daim aktual biliklərlə işləyəcək.
Multimodal təhsil mühiti
İnsan beyninin informasiya qəbul etmə mexanizmləri müxtəlifdir. Bəziləri mətn vasitəsi ilə daha yaxşı öyrənir, digərləri vizual, üçüncülər isə audio materialları daha yaxşı mənimsəyirlər. Gələcəyin dərsliyi bütün bu kanalları birləşdirəcək: mətn, video, animasiya, virtual laboratoriyalar, artırılmış reallıq, simulyasiyalar, interaktiv xəritələr, 3D modellər. Beləliklə, öyrənmə daha effektiv və maraqlı olacaqdır.
Virtual və artırılmış reallıq texnologiyaları
Gələcəyin dərsliyi yalnız oxumağa deyil, öyrəndiyini yaşamağa imkan verəcək. Şagird qədim Roma şəhərində virtual gəzintiyə çıxacaq, atomun quruluşunu üçölçülü formatda araşdıracaq, insan ürəyinin fəaliyyətini daxildən müşahidə edəcək, kosmos missiyalarını simulyasiya edəcək. Bu yanaşma abstrakt anlayışları konkret təcrübəyə çevirəcəkdir.
Dərslikdən öyrənmə ekosisteminə keçid
Müasir dərslik yalnız informasiya mənbəyidir. Gələcəyin dərsliyi tədris materialları, tapşırıqlar, qiymətləndirmə sistemi, süni intellekt köməkçisi, müəllim paneli, valideyn paneli, analitika sistemi kimi komponentləri birləşdirəcək. Beləliklə, vahid öyrənmə ekosistemi formalaşacaqdır.
Müəllimin yeni rolu
Bəzən belə düşünülür ki, gələcəyin dərslikləri müəllimi əvəz edəcək. Əslində isə proses əks istiqamətdə gedəcək. Texnologiya rutin funksiyaları öz üzərinə götürdükcə müəllimin rolu daha mühüm olacaqdır. Müəllim mentor (təcrübəli mütəxəssis, məsləhətçi, rəhbər), fasilitator (prosesləri asanlaşdıran, müzakirələri yönləndirən şəxs), pedaqoji dizayner (tədris materialları, kurikulumlar hazırlayan mütəxəssis), motivator (insanları motivasiya edən, həvəsləndirən şəxs), inkişaf məsləhətçisi rolunu oynayacaq. Süni intellekt müəllimin rəqibi deyil, köməkçisi olacaq.
Gələcəyin dərsliyinin yaradılması modeli
Belə dərsliyin yaradılması ənənəvi müəllif kollektivindən daha geniş əməkdaşlıq tələb edir. Komandaya fənn mütəxəssisləri, pedaqoqlar, psixoloqlar, dizaynerlər, proqramçılar, süni intellekt mühəndisləri, multimedia mütəxəssisləri, data analitikləri daxil olmalıdır.
Əslində gələcəyin dərsliyi artıq nəşriyyat məhsulu deyil, yüksək texnologiyalı rəqəmsal platformadır.
Azərbaycan üçün çağırışlar
Azərbaycan təhsil sistemi də bu transformasiyadan kənarda qala bilməz. Ölkədə rəqəmsal dərslik strategiyası hazırlanmalıdır, Sİ əsaslı təhsil platformaları yaradılmalıdır, müəllimlər yeni texnologiyalar üzrə xüsusi olaraq hazırlanmalıdır, milli təhsil məlumat bazaları formalaşdırılmalıdır, açıq rəqəmsal təhsil ekosistemi qurulmalıdır. Bu istiqamətdə atılacaq addımlar gələcək insan kapitalının keyfiyyətinə birbaşa təsir göstərəcəkdir.
Göründüyü kimi, dərsliklərin gələcəyi sadəcə çap formatından rəqəmsal formata keçid deyil. Bu, təhsil fəlsəfəsinin dəyişməsidir. Gələcəyin dərsliyi hər bir şagird üçün fərdiləşdirilmiş, daim yenilənən, süni intellekt tərəfindən dəstəklənən və multimodal öyrənmə imkanları təqdim edən intellektual sistem olacaqdır.
Ən vacib məsələ isə texnologiyanın özündə deyil, onun hansı pedaqoji məqsədlərlə istifadə olunmasındadır. Çünki təhsilin əsas məqsədi informasiya ötürmək deyil, tənqidi düşünən, yaradan, təhlil edən, məsuliyyətli vətəndaş yetişdirməkdir.
Gələcəyin dərsliyi məhz bu məqsədlərə xidmət etdiyi dərəcədə uğurlu olacaqdır.
Dosent İlham Əhmədov









