Facebook və TikTok-da söyüş yazanlar cərimələnir — Hüquqi İZAH

Facebook və TikTok-da söyüş yazanlar cərimələnir — Hüquqi İZAH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda sosial şəbəkələrdə davranış qaydaları Sərtləşib. Milli Məclisdə ilk oxunuşda qəbul edilən qanun layihəsinə əsasən, söyüş söyən istifadəçilər cərimələnəcək. Həmçinin İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə 1000 manat cərimə olacaq. Zərurət yaranarsa, 30 günədək inzibati həbs nəzərdə tutulur.

Mövzu ilə bağlı çox sayda suallar insanları düşündürür. Aqresiyasını söyüşlə çıxaran cəmiyyət olduğumuza görə, bir sıra suallar doğur. Sosial şəbəkədə məsələn hansı, şəkildə təhqirəmiz ifadələr cəriməyə səbəb olacaq? Bir istifadəçiyə qarşı kobud bir rəy yazıldıqda, bu zaman şəxs hara, necə müraciət etməlidir ki, söyüş söyən şəxs cəzalansın.

Məsələyə aydınlıq gətirən vəkil Turan Abdullazadə Tribuna.az-a danışıb.

T. Abdullazadənin sözlərinə görə, qanunvericilikdə əsas meyar “şərəf və ləyaqətin alçaldılması” və ya ictimai əxlaqın pozulmasıdır. Praktikada cərimə riski yaradan ifadələr, cəriməyə səbəb ola bilən hallar bunlardır: 1) Açıq söyüş və nalayiq sözlər) (ana-bacı söyüşləri, seksual xarakterli təhqirlər və s.) 2) Şəxsin şərəf və ləyaqətini alçaldan ifadələr (məsələn: “şərəfsiz”, “əxlaqsız”, “namussuz”, “fahişə”, “oğraş” və s.) 3) Təhqiramiz memlər, şəkillər, montajlar (üzərinə söyüş yazılmış şəkil, alçaldıcı karikatura və s.) 4) Şəxsi mesajda belə olsa, qarşı tərəfin ağır formada təhqir olunması 5) Fahişəliyə açıq çağırış, reklam və ya təşviq xarakterli paylaşımlar, cinsi orqanını nümayiş etdirmə və sair.
Müvafiq normalara əsasən, Tənqid qanunidir, söyüş və alçaltma isə inzibati xətadır.

Yeni dəyişikliklərdən sonra təhqir olunan şəxs nə etməlidir? 1) Sübutları toplamalıdır 2) Təhqiramiz şərhin, paylaşımın screenshot-u saxlamalıdır 3) Tarix, saat, təhqir edənin profil adı görünməlidir. Unutmamaq lazımdır ki, şərh silinsə belə, screenshot (video və ya şəkil) sübut hesab oluna bilər.
Təhqir olunan şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Rayon polis idarəsinə yazılı ərizə və ya e-Polis elektron portalı vasitəsilə, habelə 102 qaynar xəttinə şikayət edə bilər.
Ərizədə: kim tərəfindən, harada (platforma adı), hansı ifadələrlə təhqir edildiyi, sübutlar (şəkillər) göstərilməlidir.
Əgər əməldə xırda xuliqanlıq tərkibi olacaqsa, müvafiq qurum materialları inzibati icraat qaydasında məhkəməyə göndərir. Məhkəmə: cərimə və ya 30 günədək inzibati həbs qərarı verə bilər.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə – əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.

Yeni dəyişikliklə, əgər bu hərəkətlər internetdə kütləvi şəkildə nümayiş olunursa (məsələn, əxlaqsız ifadələr, qeyri-etik jestlər, bədən hissələrinin əxlaqa zidd göstərilməsi), cərimə 500–1000 manat olacaq. Zərurət yaranarsa 30 günədək inzibati həbs nəzərdə tutulur. Yəni, xırda xuliqanlığa görə məsuliyyətin dərəcəsi ağırlaşdırılacaq.
Bu dəyişiklik: tənqidi yox, söyüş mədəniyyətini hədəfləyir, insanları emosiyanı söyüşlə yox, sözlə ifadə etməyə məcbur edir, sosial şəbəkədə “tam azadlıq” anlayışının hüquqi sərhədini xatırladır.
Bu qaydalar yalnız cinayət məsuliyyəti yaratmayan hallara şamil olunacaq. Bir növ təhqirin və təhqiramiz hərəkətlərin cinayət hesab olunmayan daha yüngül formalarına görə inzibati məsuliyyət yaranacaq. Digər hallarda şəxs təhqirə görə daha ağır məsuliyyətə cəlb oluna bilər.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma —min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu maddədə “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür.

Dəniz Pənahova