Ermənistan Mərkəzi Seçki Komissiyası ölkədə keçirilən parlament seçkilərinin yekun nəticələrini iyunun 14-də elan edəcək.
Tribuna.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının rəhbəri Vaaqn Ovakimyan Ermənistan İctimai Televiziyasının efirində danışıb.
“Nəticələr cümə gününə qədər yenidən sayılacaq və düzəlişlər ediləcək. Bundan sonra şikayətlər və ərizələr qiymətləndiriləcək. Yekun nəticələr isə 14 iyunda açıqlanacaq”, – deyə o, bildirib.
MSK sədri qeyd edib ki, Seçki Məcəlləsinə əsasən, 14 iyundan sonra beş günlük fasilə olacaq və beşinci gün Konstitusiya Məhkəməsinə şikayət verilə bilər.
“Yəni, iyunun 14-də nəticələr ümumiləşdiriləcək. İyunun 19-da seçkilərdə iştirak edən siyasi qüvvələr Konstitusiya Məhkəməsinə müraciət edə biləcək. Əgər onlar müraciət etsələr, müzakirə üçün Konstitusiya Məhkəməsinə gedəcəyik. Növbəti addımlar məhkəmə tərəfindən diktə ediləcək”, – deyə Ovakimyan izah edib.
Ermənistan Mərkəzi Seçki Komissiyasının rəhbəri qeyd edib ki, Konstitusiya Məhkəməsinə şikayət daxil olduqdan sonra ona 15 gün ərzində baxılmalıdır. Əgər partiyalar məhkəməyə müraciət etməsələr, nəticələr elan edildikdən sonra növbəti addım partiyalara mandatların verilməsi olacaq.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçirilib. Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, Baş nazir Nikol Paşinyanın hakim “Vətəndaş Müqaviləsi” Partiyası bütün 2005 seçki məntəqəsindən səslərin 49,825%-ni toplayıb. Biznesmen Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 23,28%, keçmiş prezident Robert Köçəryanın “Ermənistan bloku” isə 9,934% səs toplayıb. Seçkilərdə iştirak edənlərin sayı 58,97% olub.









