“Tarixdə elə fiqurlar var ki, onların fərdi taleyi ictimai sistemlərin mahiyyətini açmaq üçün açar rolunu oynayır. Ceffri Epşteyn də bu fiqurlardandır. Onun ətrafında toplanan faktlar bir şəxsin cinayət məsuliyyətindən daha çox, qlobal güc münasibətlərinin necə qurulduğunu göstərən struktur problemini üzə çıxarır”.
Bu sözləri Tribuna.az-a açıqlamasında analitik Tural İbrahimov deyib.
Hadisəni analiz edən Tural İbrahimovun sözlərinə görə, Epşteynin topladığı və illərlə gizli saxladığı materiallar təsadüfi deyil. Şantaj mexanizmi tarix boyu hakimiyyətin ən effektiv alətlərindən biri olub. Fərq ondadır ki, bu dəfə söhbət lokal siyasətdən yox, özünü “qlobal dəyərlərin daşıyıcısı” kimi təqdim edən dairələrdən gedir.
“Bu dosyalar göstərir ki, etik diskurs çox vaxt real davranışın üzərində qurulmur, əksinə, onu ört-basdır etmək üçün istifadə olunur.
Qərb siyasi sistemi uzun illər legitimliyini hüquq, azadlıq və şəffaflıq anlayışları üzərində qurub. Lakin Epşteyn dosyaları bu anlayışların seçmə şəkildə tətbiq olunduğunu üzə çıxarır. Hüquq hər kəs üçün eyni işləmədikdə, sistem artıq hüquqi yox, korporativ xarakter alır. Bu isə demokratiyanın mahiyyətini sual altına qoyur”.
Epşteynin ölüm məsələsinə toxunan T. İbrahimov əlavə edib:
“Epşteynin həbsdə ölümü ayrıca təhlil mövzusudur. Rəsmi izahların cəmiyyətdə inandırıcılıq qazana bilməməsi təsadüfi deyil. Burada əsas məsələ onun necə öldüyü yox, niyə bu ölümün suallara cavab vermədiyidir. Dövlət institutlarına etimad məhz bu məqamda sarsılır — cavabsızlıq ictimai şüurda şübhəni fakt qədər güclü edir.
Bu dosyaların ictimailəşməsi elmi və siyasi diskurs üçün də dönüş nöqtəsidir. Onlar sübut etdi ki, bəzən arxiv materialı yüzlərlə nəzəriyyədən daha təsirlidir. Çünki faktın dili ideologiyaya tabe olmur. Hakimiyyət mexanizmləri ifşa olunduqda, onları müdafiə edən nəzəri konstruksiyalar avtomatik olaraq zəifləyir.
Epşteyn məsələsi eyni zamanda qərbpərəstlik anlayışına yenidən baxmağı zəruri edir. Dəyərlərə əsaslanan seçimlə kor təqlid arasında ciddi fərq var. Tənqidi düşüncə olmadan qəbul edilən hər model gec-tez inam böhranı yaradır. Bu sənədlər həmin böhranın artıq nəzəri yox, real mərhələyə keçdiyini göstərir.
Nəticə etibarilə, Epşteyn dosyaları təkcə bir cinayət işinin materialları deyil. Onlar hakimiyyətin necə qorunduğunu, həqiqətin hansı hallarda təhlükəyə çevrildiyini və etik ritorikanın harada funksional alətə çevrildiyini açıq şəkildə göstərir. Bu dosyalar bizə bir həqiqəti xatırladır: şəffaflıq iddiası olan hər sistem, əvvəlcə öz qaranlıq sahələri ilə üzləşməyə cəsarət etməlidir”.
Dəniz Pənahova










