SOCAR və onun strukturuna daxil olan idarə və müəssisələrdə təqaüd yaşına çatmış işçilərin əmək hüquqlarının pozulması davam edir.
Tribuna-nın məlumatına görə, bu barədə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirib.
O qeyd edib ki, işçi ilə bağlanmış Əmək Müqaviləsinə, işçinin razılığı, istəyi olmadan heç kim və heç bir qurum əlavə və dəyişiklik edə bilməz.
M. Qəhrəmanlı əlavə edib ki, razılaşmadığınız əlavəyə qol çəkməyin:
“ARƏM Maddə 70 e-bəndi (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda onunla bağlanmış əmək müqaviləsi ləğv edilə bilər). tələblərinin pozulması.
-SOCAR dövlət büdcəsindən maliyyələşmir. Lakin SOCAR və onun tərkibinə daxil olan bütün müəssisələrində, işçilərə təzyiq edilərək, yaş həddi ilə əlaqədar əmək müqaviləsinin ləğv edilməsi barədə əmək müqaviləsinə razılaşmalar əlavə edilmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43.3 maddəsinə əsasən işçilərin Əmək məcəlləsində nəzərdə tutulan hüquq və güzəştləri məhdudlaşdırıla bilməz.
-SOCAR rəhbərliyi tərəfindən tələb olunan (tərtib olunan) heç bir qanuna əsaslanmayan qərara əsasən strukturuna daxil olan idarə və müəssisələrdə işçilərlə işəgötürən arasında bağlanmış Əmək müqaviləsinin “əmək müqaviləsinə xitam verilməsi” bölməsinə xüsusi məcburi bənd əlavə olunub. Əlavə olunan “d” bəndinə əsasən “İşçi Azərbaycan Respublikasının Qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqda bu Əmək müqaviləsinə işəgötürən tərəfindən 1 ay müddətində xitam verilə bilər”. Və işçiyə məcburi imza atdırılır. SOCAR rəsmiləri tərəfindən ölkənin əmək qanunvericiliyin pozulmasına həmkarlar təşkilatları( ARƏM maddə 309) və Dövlət Əmək Müfəttişliyi Xidməti(DƏMX) ( ARƏM maddə 15) susur”.
Gülşən Rəsul










