Son illər Sumqayıtda, xüsusilə paytaxt Bakıda və ətraf ərazilərdə köhnə bina evlərinin və həyət evlərinin mərhələli şəkildə sökülməsi prosesi sürətlənib. Şəhərsalma və yenidənqurma adı altında aparılan bu proses fonunda yerində əsasən çoxmərtəbəli yaşayış binaları inşa olunur.
Tribuna.az-ın araşdırmasına əsasən bu tendensiya davam edərsə, gələcəkdə şəhər mühitində ənənəvi həyət evlərinin demək olar ki, tamamilə yox olması real görünür. Hazırkı proseslər onu göstərir ki, fərdi yaşayış evləri tədricən şəhərdən sıxışdırılaraq kənar ərazilərə çəkilir.
Şəhər daxilində isə fərdi ev anlayışı getdikcə yalnız imkanlı şəxslərə məxsus villalar ilə əvəz olunur. Torpaq qiymətlərinin artması, tikinti şirkətlərinin maraqları və binalaşmanın sürətlənməsi nəticəsində adi vətəndaş üçün həyət evi artıq əlçatmaz sayılır.
Bu proses təkcə urbanistik dəyişiklik deyil, eyni zamanda sosial təbəqələşməni dərinləşdirən amildir. Bir tərəfdə çoxmərtəbəli binalarda sıx yaşayış, digər tərəfdə isə hasarlarla əhatələnmiş villalar formalaşır.
Digər narahatlıq doğuran məqam isə yaşıllıqların, məhəllə mədəniyyətinin və həyət həyatının tədricən itirilməsidir. Həyət evləri təkcə yaşayış sahəsi deyil, həm də qonşuluq münasibətlərinin, sosial ünsiyyətin və şəhərin tarixi yaddaşının bir hissəsi idi.
Mütəxəssislər hesab edirlər ki, əgər şəhərsalma siyasətində balans qorunmasa, gələcəkdə orta təbəqə üçün nə həyət evi, nə də alternativ fərdi yaşayış modeli qalacaq. Bu isə şəhərlərin təkcə betonlaşmasına deyil, sosial gərginliyin artmasına da səbəb ola bilər.
Məsələ ilə bağlı Tribuna.az-a danışan əmlak üzrə ekspert Elnur Azadov bildirib ki, bu məsələlərdə həqiqət var. 25 il öncə Bakı şəhərində yeni binaların inşası başlayanda kifayət qədər boş torpaq sahələri vardı.
Elnur Azadovun sözlərinə görə, mərkəzdə sözsüz ki, boş yer demək olar ki, yox idi. Amma mərkəz ətrafında və Bakı şəhərinin müxtəlif rayonlarında boş sahələr, ərazilər, avtomobil dayanacaqları vardı. Kifayət qədər istifadə olunmayan sahələr, köhnə korporativ həyətlərə vardı, hansı ki, sovet hökuməti dağılanda vaxtı həmin korporativlər inşa olunmadı. Onlar aktiv son 15-20 il ərzində istifadə olundu. Və 2016-cı ildən etibarən köhnə binaların sökülməsi, pilot layihələr genişmiqyaslı başlayıb artıq. Fərdi evlər də bəzi ərazilərdə qismən sökülüb. Onların yerində yeni yaşayış binaları inşa olunub. Belə bir tendensiya var ki, şəhərin əsasən ətrafında tədricən fərdi evlərin yerlərində çoxmənzilli binaların tikintisi ilə bağlı. Bu, çox uzun çəkən bir prosesdir. Düşünmürəm ki, böyük miqyasda baş verəcək. Ona görə ki, Bakı şəhərində artıq 11 min, Bakı-Abşeron ərazisində isə 16 min istismar müddəti bitmiş binalar var. Bunlar 2, 4-5 mərtəbəli binalardır. Onların Da sökülməsi mütləq və labüddür. Çünki onlar problemə çevriliblər. Hətta Nazirlər Kabinetinin 83 sayılı qərarı var ki, 1-ci mikrorayonda olan 35-ə yaxın 5 mərtəbəli binaların söküntüsü olacaq gələcəkdə. Yaxın gələcəkdə də bu kimi binaların söküntüsü həyata keçiriləcək. Ona görə tikinti şirkətləri də bu sahədə təcrübəlidirlər. Onlar bilirlər ki, tikinti işi aparmaq lazımdır ki, satış həyata keçirilsin. Şəhərin qıraq ərazilərində yerləşən həyət evlərinin söküntüsü ucuz başa gəlsə də onlar satış problemi ilə üzləşəcəklər. Ona görə də yaxın, ən azı 10-15 ilin perspektivi Bakı şəhəri üçün köhnəlmiş yaşayış yerlərinin yenilənməsidir. 9 mərtəbəli binalar qalacaq amma 2, 4-5 mərtəbəli binalar tədricən söküləcək. Bu baxımdan Bakı şəhəri üçün ən azı 15-20 illik bir perspektiv var. Ondan sonra yeni qəsəbələrin salınmasına baxılacaq, şəhər genişlənəcək. Üstəlik, Bakı şəhərinin təsdiq edilmiş baş planı var. 2023-cü ilin dekabr ayından həmin baş plana uyğun olaraq yaşıllıq məsələsi ilə bağlı beynəlxalq şirkətlərin hazırladığı yaşıllığın genişlənməsi ilə bağlı kifayət qədər böyük normativlərə əsasən iş aparılıb. Bayıl şəhər ətrafında evlər sökülür və orada 2000-dən çox ev var. Həmin zona yaşıllıq və parkların salınması ilə bağlı perspektivlər var. Düşünmürəm ki, bu, qlobal problemdir.
Dəniz Pənahova










