“Bantik” mağazalar şəbəkəsinin başı qalmaqallardan açılmır. Son dövrlər əməkdaşlarının şikayəti ilə gündəmə gələn mağazalar şəbəkəsinin reputasiyasına və imicinə ciddi zərər dəyməkdədir. Hətta “Bantik”in rəhbəri Leyla Əliyeva ittihamları cavablandırsa da, müdafiə mövqeyi yetərli olmayıb. Belə ki, elə son şikayət nəticəsində “Bantik” cərimələnib.
Tribuna.az mediaya istinadla bildirir ki,”Bantik” mağazalar şəbəkəsində satıcı işləmiş Aysu Abdullayeva işdən ayrıldıqdan sonra ona ödənilməli olan bonus pullarının verilmədiyini deyib.
Dövlət Əmək Müfəttişliyi Xidmətindən “Bakupost”un sorğusuna cavab olaraq bildirilib ki, A.Abdullayevanın müraciəti araşdırılıb:
“Araşdırma zamanı “Bright Beauty” MMC-dən aidiyyəti sənədlərin təqdim edilməsi tələb edilib, sənədlərin tam təqdim olunmaması ilə əlaqədar qanunvericiliyə uyğun tədbirlər görülüb”.
Xidmətin açıqlamasında qeyd olunub ki, “Bright Beauty” MMC-nin vəzifəli şəxsi və hüquqi şəxsi inzibati məsuliyyətə cəlb edilib və müəssisə cərimə olunub.
2024-cü ildə də mağazada satıcı işlədiyini deyən qadın 10 günlük əməyinin qarşılığında əməkhaqqı almadığını bildirib.
Gənc qadın işdən ayrılmaq istədikdə isə işlədiyi günlərin əməkhaqqının ödənilmədiyini iddia edib. Şirkət isə yayılan məlumatların mövcud vəziyyəti və fəaliyyətini düzgün əks etdirmədiyini bildirərək, əmək qanunvericiliyinə ciddi riayət etdiyini vurğulayıb.
Şirkətin rəhbəri L.Əliyeva məsələ ilə bağlı sosial şəbəkədə yayılan iddiaya münasibət bildirib:
“Bir xanım iddia edir ki, iki il əvvəl mağazamda çalışıb və əməkhaqqı ödənilməyib. Xanımı axtardım, nə adı var, nə də başqa bir məlumat. Üzü də göstərilmir. Əgər problemi həll etmək istəyirsənsə və başına belə bir hadisə gəlibsə, gəl, haqqını al. Haqqa girən adam deyiləm”.
Yada salaq ki, Leyla Əliyeva “Global Woman Awards – 2022” tədbirində uğurlu fəaliyyətinə görə “The Successful Business Woman” mükafatına layiq görülüb. Amma əməkdaşlarının şikayətlərinə görə şirkətin cərimə olunması “Bantik”in imicini korlayıb.
Hər bir halda, əsas məsələ odur ki, tərəflər arasında yaranmış problem həllini tapsın.
Həsən Ağa










