Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi yeni tender müsabiqəsi elan edib.
Tribuna.az xəbər verir ki, qurum ağıllı işıqlandırma sisteminə keçid etmək üçün bu addımı atıb.
Açıq mənbələrdə qeyd edilir ki, bu məqsədlə müəssisə 179 min 360 manat vəsait ayırıb. 12 ay texniki xidmət və təlimi əhatə edəcək layihə üzrə 700 ədəd smart küçə lampası kontrolleri, 10 ədəd yardımçı ölçü və monitorinq cihazı, 10 ədəd kommunikasiya modulu, 700 ədəd quraşdırma və inteqrasiya prosesi və 1 ay müddətinə Mərkəzi İdarəetmə Platforması (Software) alınacaq.
Xatırladaq ki, “Bakı Şəhər İşığı” ötən həftə şəhərin işıqlandırılması üçün lazımi mal-materialın satınalınması prosesini həyata keçirib. “İNTERKABEL” firması ilə bağlanılmış müqavilənin dəyəri isə 5 milyon 298 min 259 manat olub.
Fərda Uğur









