Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Kamal Abdullanın eyniadlı pyesinin motivləri əsasında səhnələşdirilən “Gülçöhrə və Əsgər” tamaşası növbəti dəfə oynanılıb.
Tribuna.az xəbər verir ki, budəfəki nümayiş səhnə əsərinin quruluşçu rejissoru Prezident mükafatçısı, Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun 65 illik yubileyinə həsr olunub.
Alqışlarla qarşılanan tamaşanın sonunda rejissorun teatr sahəsində uzunillik səmərəli fəaliyyəti barədə ətraflı məlumat verilib. Rejissorun quruluşunda ərsəyə gələn səhnə əsərlərinin nəinki Azərbaycan teatrlarında, eləcə də onun hüdudlarından uzaqlarda da maraqla qarşılandığı bildirilib. Akademik Musiqili Teatrın rəhbərliyi və kollektivi adından yubilyara təbriklər çatdırılıb.
Gəncə Dövlət Milli Dram Teatrının quruluşçu rejissoru Elşad Əhmədli də yubilyarı təbrik edib. O, Əsgər Əsgərovu özünə ustad hesab etdiyini vurğulayaraq sənətkara yeni yaradıcılıq uğurları arzulayıb.
Qeyd edək ki, səhnə əsərinin bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, rejissoru Elməddin Dadaşov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Fidan Əliyeva, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, rejissor assistentləri Tamilla Aslanova və Çimnaz Bağırovadır.
Musiqili dramda Əməkdar artistlər Əzizağa Əzizov, İqrar Salamov, Almaz Ələsgərova, aktyorlar Səmədzadə Xasiyev, Mehriban Zaliyeva, Nicat Əli, Faiq Mirzəyev, Elnarə Nağdəliyeva, Elçin İmanov, İbrahim Əlizadə, Elxan İsmayılov, Nərmin Əliyeva, Əli Kərimov, Orxan Hüseynov, Kamil Cəfərov, Atilla Məmmədov, Nihat Həbibov, həmçinin xor və balet artistləri iştirak ediblər.
Xatırladaq ki, “Gülçöhrə və Əsgər” tamaşasının premyerası 2025-ci ilin 18 noyabrında olub.












