ABŞ-ın göz dikdiyi Qrenlandiya adası haqda nə bilirik?(FOTO,VİDEO)

ABŞ-ın göz dikdiyi Qrenlandiya adası haqda nə bilirik?(FOTO,VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Donald Trampın ABŞ adından Qrenlandiyaya maraq göstərməsi bu adanı yenidən dünya gündəminə gətirib. Vaşinqton üçün söhbət təkcə bir əraziyə sahib olmaqdan yox, Arktikada artan siyasi və hərbi rəqabətdə üstün mövqe qazanmaqdan gedir. ABŞ artıq illərdir Qrenlandiyada hərbi mövcudluğa malikdir və adanın strateji yerləşməsi bu marağı daha da gücləndirir. Məhz bu səbəbdən Qrenlandiya indi böyük dövlətlərin diqqətlə izlədiyi ərazilərdən birinə çevrilib.

Bəs Qrenlandiya əslində necə bir yerdir?

Tribuna.az Qrenlandiya haqda  yazını təqdim edir:

Dünyanın ən böyük adası olan Qrenlandiyanın ümumi ərazisi 2 milyon 166 min 86 kvadrat kilometrdir. Lakin burada yaşayan insanların sayı bir çox kiçik şəhərdən belə azdır.

Çünki ərazisinin təxminən 80 faizi qalın buzlaqlarla örtülüdür və faktiki olaraq yaşayış üçün yararlı sahə 400 min kvadrat kilometrdən də azdır.Adada cəmi 56 minə yaxın insan yaşayır və əhalinin böyük hissəsi sahilboyu yerləşən şəhər və qəsəbələrdə məskunlaşıb. Bəzi yerlərdə  buz qatının qalınlığı bir neçə kilometri keçir.

Ada rəsmi olaraq Danimarka Krallığının tərkibindədir, amma geniş muxtariyyətə malikdir. Qrenlandiya öz parlamenti, hökuməti və rəsmi dili ilə daxili idarəetməni özü həyata keçirir. Burada əsasən inuitlər yaşayır və onların həyat tərzi sərt iqlimlə sıx bağlıdır. Balıqçılıq və ovçuluq hələ də gündəlik həyatın vacib hissəsidir.

 Əhalinin əksəriyyəti dini baxımdan lüterandır. Qrenlandiya əhalisinin 89 faizdən çoxunu yerli xalq – eskimoslar (inuïtlar) təşkil edir. Onların arasında əsas subetnik qrup Qərbi eskimoslar – kalaallittərdir.

Qrenlandiyanın rəsmi dilləri qrenland (qrenland eskimos dili) və danimarka dilləridir. Qrenland dili eskimos dillərinin Qərbi Qrenlandiya dialekti əsasında formalaşıb və ölkədə gündəlik ünsiyyətdə əsas dil kimi istifadə olunur.

Qrenlandiyanın paytaxtı Nuuk şəhəridir. Bu şəhər dünyanın ən şimalda yerləşən paytaxtlarından biri sayılır. Təxminən 19 min nəfərin yaşadığı Nuuk nə nəhəng yolları, nə də sıx nəqliyyatı ilə tanınır. Burada şəhərdən kənara çıxmaq üçün çox vaxt avtomobil yox, qayıq və ya helikopterdən istifadə olunur. Nuukda parlament binası, universitet, muzeylər və mədəniyyət mərkəzləri fəaliyyət göstərir və ölkənin siyasi həyatı məhz buradan idarə olunur.

Qrenlandiyada təbiət həyatın ritmini müəyyənləşdirir. Yay aylarında günəş gecələr batmır, qışda isə aylarla üfüqdə görünmür. Bu, yerli əhalinin gündəlik həyatına və psixologiyasına birbaşa təsir edir. Bəzi bölgələrdə bu gün də xizək itləri nəqliyyat vasitəsi kimi istifadə olunur.

Son illər Qrenlandiya təkcə təbiəti ilə deyil, yeraltı sərvətləri ilə də diqqət çəkir. Adada nadir metalların, eləcə də neft və qaz ehtiyatlarının olduğu bildirilir. İqlim dəyişiklikləri nəticəsində buzların əriməsi bu resurslara çıxışı asanlaşdırır və Qrenlandiyanın strateji əhəmiyyətini daha da artırır. Məhz bu amil ABŞ, Çin və digər böyük dövlətlərin adaya marağını gücləndirir.

Beləliklə, Qrenlandiya sadəcə buzlar və səssizlikdən ibarət ada deyil. O, həm təbiətin sərtliyi, həm də qlobal siyasətin mərkəzinə çevrilmiş nadir məkanlardan biridir.

İmran Kərimli