Təhsildə düşüncə inqilabı: transformativ yanaşma necə tətbiq olunur?

Təhsildə düşüncə inqilabı: transformativ yanaşma necə tətbiq olunur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İnsan öyrənmədən düşünə bilmir. Daha dərin öyrənmədən isə dərin düşünə bilmir. Diletant insanın dərin düşünməsi mümkün deyil. Siz dayaz çayda öz gəminizlə səyahətə çıxa bilərsiniz? Sizin ağıllı kompasınız var, amma gedəsi sərhədsiz dəniziniz və gəminiz yoxsa, o zaman sizə ağıllı yol göstərən cihazın, mexanizmin mənası nədir?”

 

Bu sözləri Tribuna.az-a açıqlamasında İqtisadi Təhlil İnstitutunun rəhbəri Məmməd Talıblı deyib.

Müasir təhsil sistemində transformativ düşüncə necə tətbiq oluna bilər?

Təhsil alan bir şəxsdə transformativ düşüncənin formalaşdığını necə müşahidə etmək olar?

M. Talıblının sözlərinə görə, dərin düşünmə dərin bilgilərdən və mürəkkəbə doğru dəyişə bilən öyrənmə xüsusiyyətlərindən asılıdır.

“O zaman sual yaranır: insan sadə xatırlamadan (sadalamaq, tərif vermək, tanımaq, adlandırmaq və təkrarlamaq) mürəkkəb yaradılığa gedən yolu hansı mərhələlərindən keçir?

Bu suala ilk cavabı amerikalı pedaqoq və psixoloq Benjamin Bloom (1913-1999) verib. Bloom taksonomiyası Benjamin Bloom və əməkdaşları tərəfindən 1956-cı ildə yaradılmışdır. Onlar bunu koqnitiv öyrənmənin iyerarxik modeli hesab edirdilər. Bloom taksonomiyası – öyrənmənin idraki pilləkənidir, yəni tələbənin “nəyi bilirəm?” səviyyəsindən “nə yarada bilərəm?” səviyyəsinə yüksəlməsi prosesini özündə ehtiva edir. Bu texnoloji alqoritmə görə insan sadə düşüncədən mürəkkəb yaradıcılıq səviyyəsinə çatmasına qədər altı mərhələni keçməlidir. Beləliklə öyrənmə prosesini altı mərhələdə qruplaşdırıb.
Bloom taksonomiyası hesab edir ki, öyrənmənin birinci mərhələsi Biheviorizm, yəni davranışçı yanaşmadır. Onun ideya müəllifləri Con Uotson, B.F.Skinner, İvan Pavlov hesab olunur. Bu öyrənmə ideyasının mənası budur ki, insanın öyrənməsi qıcıqlandırıcı – reaksiya prinsipinə əsaslanır. Davranışlar əsasən mükafat, cəza və təkrar vasitəsilə formalaşır.

İkinci mühüm yanaşma koqnitiv yanaşmadır. Koqnitivizmin mahiyyəti ağıl mərkəzli yanaşmanı özündə ehtiva edir. Bunun əsas ideyası isə beyində olan yeni məlumatları köhnə biliklərlə əlaqələ şəkildə anlamaq və onlara mənalandırmaqdan ibarətdir.
Üçüncüsü, konstruktivizmə söykənən öyrənmə metodudur. Öz biliyini özü quran şəxsdir. Bunun əsas qayəsi budur ki, öyrənciyə hazır bilik verilmir, onun özü təcrübəsi əsasında onu formalaşdırır.
Dördüncü, sosial öyrənmə nəzəriyyəsi adlanır. Bu öyrənmənin kökündə duran əsas amil müşahidə əsasında mənimsəmədir. Yəni insan başqalarını təqib edərək onların davranışını modelləşdirərək öyrənməyi seçir. Onun bir kumiri və sevdiyi bir prosesi var. Öyrənmə onun əsasında formalaşır.
Beşincisi, humanist yanaşma hesab olunur. Bu nəzəriyyə öz gücünü Abraham Maslovun “ehtiyaclar piramidası”ndan qaynaqlanır. İnsanı öyrənmənin mərkəzində görən konseptdir. Bu öyrənmənin əsasında insanın emosional rifahı, təhlükəsizlik hissi, hörmət, aidlik və özünə inam amilləri dayanır.
Nəhayət, sonuncu – altıncı öyrənmə metodu transformativ öyrənmə hesab olunur. Bu nəzəriyyənin əsas müəllifi Cek Mezirovdur. O hesab edirdi ki, dərin öyrənmə yalnız şagirdin düşüncə sistemi dəyişəndə baş verir. Yəni düşüncənin dəyişməsi öyrənmə üçün əsas yaradır və onu şərtləndirir. Bu düşüncə transformasi bir neçə fazadan keçir. Bunun biri öyrənənin narahatlıq, dissonans (köhnə inancı silkələyən yeni fikir) hissidir. Onun təhlilləri və gəldiyi qənaətlər onun düşüncəsinin dəyişməsi üçün əsas ola bilər. Onun özünün-özünə verdiyi suallar (“Mən niyə belə düşünürəm?”) yeni düşüncəyə ehtiyacı doğra bilər. Transformativ düşüncənin yaranması insanın baxış bucağının dəyişməsi əsasında da formalaşa bilər. Başqa tərəfdən isə insanın yeni davranışlara sahib olması fonunda düşüncəsində baş verən dəyişikliklərdir. Düşüncəsində dəyişikliklər isə onda yeni davranışlarını da meydana çıxara bilir. Yeni davranışlar düşüncələrə, düşüncələrin dəyişməsi isə yeni davranışlara yol açır.
Ümumiyyətlə düşüncələrdə dəyişikliklərin yaranması insanın ehtiyac duyduğu məsələlər ətrafında düşünmə ehtiyacından da yaranır. Bunlar əsasən analitik, sosial, fəlsəfi və kompleks düşüncə tələb edən mövzular haqqında düşünən zaman bir ehtiyac olaraq meydana çıxır.
İnsanın öyrənmək ehtiyacı ilə onun təhsil tələbatının motivləri arasında bir qarşılıqlı əlaqə var. Ona görə ilk olaraq biz təhsil ehtiyaclarını və məqsədlərini dəqiq olaraq müəyyənləşdirməliyik. Hələ XIX əsrin əvvəllərində iş dünyasının parlaq simalarından olan Henri Ford yazırdı: “Təhsilin məqsədi heç də insanın beynini faktlarla doldurmaq deyil. Təhsilin məqsədi insana öz düşüncəsindən necə istifadə etməyi öyrətməkdir. Və çox zaman insan keçmiş biliklərlə beynini doldurmayanda daha yaxşı fikirləşə bilir. İnkişafa maneə olmağın yaxşı yollarından biri də, insanın beynini keçmiş biliklərlə doldurmaqdır; bu zaman insanda belə bir hiss yaranacaq ki, beyni dolduğuna görə daha öyrəniləsi heç nə qalmayıb. Sadəcə olaraq bilik toplamaq bir insanın edə biləcəyi ən faydasız işə çevrilə bilər.”
Bu mənada təhsilin əsas vəzifələrindən biri düşünə bilən insan yetişdirməkdir. Təhsilin əsas hədəflərindən biri elmi kriteriyalar hesabına dərinə enə bilən cəsur düşüncə sahiblərini yaratmaqdır. Təhsil sisteminin öyrənmə üsulları nə qədər müasirdirsə, düşünmə fürsətləri də bir o qədər uğurlu olacaq.”

Dəniz Pənahova