İslam blogerlik və influenserliyə necə baxır?— Yalan reklam, ilahi ölçü

İslam blogerlik və influenserliyə necə baxır?— Yalan reklam, ilahi ölçü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illər sosial şəbəkələrdə blogerlik və influenserlik geniş yayılıb və minlərlə insan bu sahədən gəlir əldə edir. Lakin bu qazancın dini baxımdan halal və ya haram olması cəmiyyətdə tez-tez müzakirə olunur. Reklamların mahiyyəti, təqdim olunan məhsulların düzgünlüyü, izləyicilərin aldadılıb-aldadılmaması kimi suallar bu mövzunu daha da аktuallaşdırır. Bu baxımdan, blogerlik və influenserliyin hansı şərtlər altında halal qazanc sayıldığı din xadimlərinin açıqlamasına ehtiyac yaradır.

Mövzu ilə bağlı Tribuna.az-a açıqlama verən ilahiyyatçı Əkrəm Həsənov bildirib ki, blogerlik və influenserlik mahiyyət etibarilə bir vasitədir.

İlahiyyatçının sözlərinə görə, qələm kimidir, mikrofon kimidir, minbər kimidir. O vasitə ilə deyilən söz, göstərilən yol, təqdim olunan məhsul isə işin hökmünü müəyyən edir. İslamda qazancın halal və ya haram olması peşənin adına görə yox, mahiyyətinə görə qiymətləndirilir. Bir iş insanlara fayda verirsə, yalan üzərində qurulmayıbsa, aldatma yoxdursa, haqq tapdalanmırsa, o qazanc halal sayılır. Əksinə, zərər varsa, yalan varsa, göz boyama varsa, bu artıq haram sərhədinə girir.
Qurani Kərimdə Allah açıq şəkildə buyurur ki, insanlar bir birinin malını batil yollarla yeməsinlər. Buradakı batil anlayışı çox genişdir. Yalan reklam, təsdiqləmədiyin məhsulu tərifləmək, təsir gücündən istifadə edib insanları aldadaraq pul qazandırmaq da bu batilin içindədir. Peyğəmbərimiz Məhəmməd əleyhissəlam isə daha konkret deyir. Kim bizi aldadarsa, bizdən deyil. Bu hədis ticarətə də aiddir, söhbətə də, reklama da aiddir. İnfluenser də əslində bir tacirdir, sadəcə dükanı vitrində yox, ekrandadır.
Klassik alimlər qazanc məsələsində niyyətə və nəticəyə xüsusi önəm veriblər. İmam Qəzali yazır ki, insanın qazancı başqasına zərər verirsə, o qazanc zahirdə halal görünsə belə mənən haramdır. Müasir alimlər də eyni xətti davam etdirir. Şeyx Yusuf əl Qaradavi qeyd edir ki, media və reklam sahəsində əsas meyar doğruluq və məsuliyyətdir. Tamaşaçının etimadını qazanc vasitəsinə çevirmək böyük əmanətdir. Əmanətə xəyanət isə dinə görə ağır günahdır.
İzləyicilərin dediyi iradlar təsadüfi deyil. Pul qazanmaq üçün reklam etdiniz, məhsul heç bir işə yaramadı deyə şikayət edilirsə, burada problem artıq aydındır. Əgər bloger həmin məhsulu özü yoxlamayıbsa, təsirini bilmədən tərifləyibsə, sırf pul xatirinə insanları yönləndiribsə, bu qazanc halal ola bilməz. Çünki ortada aldanmış insan var. İslamda isə aldanan tərəfin haqqı çox ciddidir. Hətta dünyəvi hüquqda belə bu, istehlakçının aldadılması sayılır. Din isə bu məsələdə daha həssasdır.
Amma məsələni tək tərəfli də görmək olmaz. Əgər influenser açıq şəkildə bildirirsə ki, bu reklamdır, mənim şəxsi təcrübəmdir, nəticə hər kəsdə fərqli ola bilər və təqdim olunan məhsul dinə, əxlaqa, sağlamlığa zidd deyilsə, burada qazanc halal sayılır. Çünki şəffaflıq var, məcburiyyət yoxdur, yalan yoxdur. Burada seçim izləyicinin öz öhdəsinə buraxılır. Bu artıq düzgün ticarət etikasıdır və İslamın ruhuna uyğundur.
Bir həqiqəti də deyim ki, sosial şəbəkə dövründə insanın sözü maldan da qiymətlidir. Etibar satılmamalıdır. Çünki etibar bir dəfə itdisə, nə reklam onu geri qaytarar, nə də pul. Halal qazanc az da olsa bərəkətli olar. Haram qazanc isə çox görünsə də içi boş olar. Din bu məsələdə simvolik anlayış deyil, realdır. Ya aldatmırsan və rahat qazanırsan, ya da aldatmaqla həm dünyanı, həm axirəti riskə atırsan. Seçim hər kəsin öz vicdanıdır.

 

Dəniz Pənahova