Tribuna.az xəbər verir ki, Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin qonağı konspiroloq, publisist, əslən təbrizli Həmid Herisçidir.
H.Herisçi İranda baş verən hadisələrlə bağlı suallarımızı cavablandırıb.
– Həmid bəy, İranda inqilabın əlamətləri görünürmü?
– İranda inqilab çoxdan başlayıb. Farslar köhnə inqilabı, güneylilər “ağ inqilabı” həyata keçirir. Təbrizdə inqilabın qurucuları fədailər idi. Onlar şəhərin özünümüdafiə qüvvələri idi. Təbrizdə həmişə inqilabı şairlər, qələm adamları edib. Yəni inqilabı qılınc və qələm həll edirdi. Bu dəfə isə inqilabın qurucu qüvvələri tacirlərdir. Təbrizlilər isə əvvəldən bu hadisələrə planlı yanaşıb və Pezeşkianı dəstəkləyiblər. Ancaq farslar Rza Pəhləvini istəyir. İranda qəribədir ki, iki arxaik model təklif olunur – şah və molla rejimləri. Azərbaycanlılar isə şahı qəbul etmir. Yəni Tehranda şahı istəyirlər, Təbrizdə şahı istəmirlər. Təbrizlilər Pezeşkianı istəyirlər. Ona görə Pəhləvinin gəlişi İranı bu mənada parçalaya bilər. Mən özüm Pəhləvi rejiminin qurbanıyam. Atam 1946-cı il hadisələrinin memarı olub. Pəhləvi rejimi ilk dəfə Azərbaycan dilini qadağan edib.
– Şah farslara da zülm etməyibmi?
– O farslara zülm etməyib. Ancaq Təbrizdə dar ağacları qurulmuşdu. Ona görə Təbriz Pezeşkianı prezident seçəndə bilirdi ki, bu “ağ inqilab”a hazırdır. Odur ki, İranda parçalanma olacaq, azərbaycanlılar Pezeşkianın, farslar şahın ətrafında birləşəcək. Çünki azərbaycanlılar bu inqilabın tərəfdarı deyil. Rza Pəhləvinin arxasında isə xarici güclər dayanıb. Ümumiyyətlə, İrandakı hadisələrin pərdərarxasında Zərdüşt icması dayanır. Bilirsiniz ki, İranda islamdan əvvəl zərdüştçülük güclü olub. Bu icma isə Hindistandan güc alır. O baxımdan, hadisələrin arxasında ABŞ-dan daha çox Hindistan dayanır. Yəni faktiki olaraq Pars icması durur. Biz isə şahı yıxmamışıq ki, təzədən qayıtsın.
– Bəs Azərbaycan İrandakı hadisələrdən nə dərəcədə narahat olmalıdır?
Azərbaycan baş verənlərdən narahatdır. Çünki hadisələrin arxasında dayanan Hindistandır və bu ölkənin müttəfiqi ermənilərdir. Onu da unutmayaq ki, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmağı Hindistan əngəlləmişdi. Bir sözlə, İran seçim qarşısındadır: ya İran, ya Turan!
Onu da deyim ki, İranda hadisələr həmişə dini kontekstdə olub. Mən bəzi ekspertlərə, siyasətçilərə də səslənmək istəyirəm ki, İran haqda bilmədiklərini yazmasınlar. Onlar İranı tanımırlar və çıxışlarında arzularını ifadə edirlər. Yəni bu gün İranda Zərdüşt icması ilə şiə icmasının davası gedir. Yəni şahla molla arasında mübarizənin şahidiyik. Azərbaycanda uduzmuş siyasətçilər isə İran haqda boşboğaz fikirlər səsləndirirlər.









