Hadisələrin 12-ci günü İranda baş verən proseslər mahiyyət etibarı ilə iki əsas məqamı üzə çıxardı. Birinci məqam odur ki, məsələ təkcə sosial-iqtisadi durumla bağlı deyil. Bu sadəcə hadisələrin start götürməsi üçün bəhanə funksiyasını həyata keçirib. Və gedişatdan aydın olan odur ki, İran cəmiyyətinin əsas tələbi siyasidir. Onun mahiyyətində isə islahat və ya durumun düzəldilməsi deyil, molla rejiminin getməsi dayanır.
İkinci məqam isə odur ki, İranda 11 gün susqun dayanmış Güney Azərbaycan şəhərləri də artıq prosesə qoşulmağa başlayıblar. Ötən gün Təbriz, Ərdəbil, Marağa, Zəncan və Qəzvində ilkin etirazlar qeydə alınıb. Lakin bu etirazlar hələlik kütləvi deyil və zaman içində daha geniş şəkil alacaq.
Amma burada diqqət çəkən başlıca məqam odur ki, Azərbaycan şəhərləri digər şəhərlərdən fərqli olaraq öz tələblərini ortaya qoyublar. Məsələn, əgər başqa şəhərlərdə “mollalar getsin, Pəhləvi gəlsin” şüarlarına rast gəlinirsə, Azərbaycan şəhərlərində hər ikisinə qarşı çıxırlar.
Bundan başqa, Güney əhalisi “Ədalət, Azadlıq, Milli Hökumət” tələbini gündəmə gətirməyə başlayıblar. Bu, artıq yeni bir yanaşmadır və indiyə qədər qeydə alınmayıb.
Bəzi mənbələr belə bir tələblə meydana çıxmaqda Güney Azərbaycan Milli Azadlıq Hərəkatının rolunun olduğunu qeyd edirlər. Hətta yavarın 10-u saat 16:30-a təyin edilmiş aksiya və bütün Azərbaycan şəhərlərinə edilən çağırışın da Hərəkatın təşəbbüsü olduğu deyilir.
Əvvəla Güneydə Milli Hərəkat digər siyasi qüvvələrlə müqayisədə elə də güclü deyil. Eyni zamanda, lazımi səviyyədə partiyalaşa və təşkilatlana bilməyib. Bunun bir çox səbəbləri var. Məsələn, İran cəmiyyəti onların yanaşmasını “ölkəni parçalamaq cəhdi” kimi daha çox qiymətləndirir. Çünki İranda insanların böyük əksəriyyəti “Vahid İran” anlayışına daha çox önəm verirlər.
Digər tərəfdən, milli şüurun Şimali Azərbaycandakı qədər inkişaf etməməsidir. İnsanlar İranın tərkibində qalmağa daha çox üstünlük verirlər, nəinki ayrılaraq müstəqil dövlət olmağa. Hələlik hakim vəziyyət budur. Mümkündür ki, gedişat fonunda tarazlıqlar dəyişsin.
Həmçinin Güney əhalisi istər şah, istərsə də molla rejimi dövründə məqsədli şəkildə aparılmış “hamımız iranlıyıq” təbliğatının təsiri altındadır. Bu çərçivəni tam yarıb, çıxa bilmirlər. Bunun üçün uzun zaman lazımdır və Hərəkat hələ ki, bunun öhdəsindən gələ bilməyib və o gücdə də deyil.
İranda baş verən hadisələrdə diqqəti çəkən bir başqa məsələ isə lidersizlikdir. Uzun zamandır bu ölkədə formalaşmış müxalifət əsasən kütlədən ibarətdir. Onların nə bir rəhbərləri, nə də öndə gedən liderləri mövcuddur. Bu da onunla bağlıdır ki, molla rejimi potensialı olan liderlərin hamısını məhv edib.
Ancaq siyasi proses elə bir şeydir ki, onun içindən mütləq bir lider çıxmalıdır. Əgər mübarizə aparan təbəqəyə diqqət etsək, iki təbəqəni rahatlıqla görə bilərik. Birincisi, tələbələrdir və onlar çox aktivdirlər. Universitet tələbələri bundan öncəki aksiyalarda da fəal olublar. Eyni zamanda, orta səviyyədə də olsa təşkilatlanmağı bacarıblar.
İkincisi isə müəllimlərdir. Xüsusən orta məktəb müəllimləridir ki, onların cəmiyyətə birbaşa təmasları var. Eyni zamanda, aktiv kütlə hesab olunurlar. Məhsa Əmini məsələsində də müəllimlər tələbələr qədər fəal idilər. Bu səbəbdən də məktəb şagirdləri də onlardan təsirlənərək, aksiyalara daha çox qatılırdılar.
Bəs, kimlər lider kimi meydana çıxa bilər? Pəhləvi məsələsi aydındır. Onun liderliyi birmənalı deyil. Gedişat fonunda ikinci plana keçəcəyi də şübhəsizdir.
Burada daxili və xarici amilləri nəzərə almalıyıq. Hadisələr prosesin içindən yeni bir lider meydana çıxaracaq. Bu, birmənalıdır. Amma mümkündür ki, Gürcüstan və daha bir neçə ölkədə olduğu kimi, həmin lider hakimiyyətin öz içindən, hətta rejimin daxilindən çıxsın. Belə adamlar varmı? Onu da birmənalı demək olmur. Çünki hələlik bu yöndə hər hansı kiçik ip ucu da diqqəti çəkmir.
Mühacirətdəkilərdən liderin çıxması da ehtimal olunandır. Amma bu yöndə də hər hansı yeni fiqur diqqəti çəkmir. Əksinə, daha çox susqun və prosesdən kənarda qalmağa üstünlük verənlər müşahidə olunur.
Beləliklə, İranda baş verən proseslər zaman içində dəyişərək, yeni forma və məzmun alacaq. Tələblərdəki xaotiklik konkretləşəcək. Konkret hədəflər müəyyən ediləcək və yekun addımlar atılacaq.
Yekunda onu da qeyd edim ki, İranda molla rejimi hətta bu aksiyalarla da getməsə, onların əvvəlki gücdə qalmaları mümkün olmayacaq. Əksinə, bu hadisələr təməlləri dağıtmaqla yanaşı, rejim daxilində də ixtilafların dərinləməsinə, hətta parçalanmasına səbəb olacaq.
Fikrət Fəraməzoğlu,
Jurnalist Araşdırma Mərkəzinin rəhbəri









