“İlham Əliyev Azərbaycanı nə qarşıdurmanın bir hissəsinə çevirdi, nə də…” – Deputat

“İlham Əliyev Azərbaycanı nə qarşıdurmanın bir hissəsinə çevirdi, nə də…” – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran ətrafında baş verən müharibə fonunda Azərbaycanın tutduğu xətt emosional yox, dövlət məsuliyyətinə söykənirdi. Rəsmi Bakı nə qarşıdurmanın bir hissəsinə çevrildi, nə də humanitar böhrana göz yumdu”.
Bu sözləri Tribuna.az-a millət vəkili Məşhur Məmmədov bildirib. Deputat qeyd edib ki,
müharibə dövründə dövlətlərin gücü təkcə verdiyi sərt bəyanatlarla yox, böhran anında göstərdiyi siyasi davranışla ölçülür:
“Bu baxımdan Prezident İlham Əliyevin İranla bağlı tutduğu mövqe həm siyasi, həm də humanitar baxımdan doğru idi.
Çünki burada söhbət təkcə diplomatik münasibətlərdən getmir. Söhbət Azərbaycanın sərhədlərinə yaxın bölgədə yaranmış təhlükəli vəziyyətdən, regional sabitlikdən və mülki insanların taleyindən gedirdi.
Azərbaycan bu prosesdə çox aydın bir xətt nümayiş etdirdi:
başqalarının müharibəsinə qoşulmadı, amma insan faciəsinə də susmadı”.
Millət vəkili əlavə edib ki, rəsmi Bakı ilk gündən gərginliyin daha da dərinləşməsinin region üçün ciddi risk yaratdığını bəyan edib, eyni zamanda, İrana humanitar yardım göndərib:
“Bu addım sadəcə diplomatik jest deyildi. Bu, Azərbaycanın dünyaya verdiyi siyasi mesaj idi:
Biz müharibənin yox, sabitliyin tərəfdarıyıq.
Biz dağıntının yox, insan həyatının tərəfindəyik.
Bəziləri belə situasiyalarda emosional, sərt və aqressiv ritorika gözləyir. Amma dövlət idarəçiliyi sosial şəbəkə emosiyası ilə aparılmır. Xarici siyasət qəzəb üzərindən yox, milli maraq və strateji hesab üzərindən qurulur.
Azərbaycanın İranla münasibətləri hər zaman problemsiz olmayıb. Gərginliklər də yaşanıb, fikir ayrılıqları da olub.
Amma məhz belə məqamlarda dövlətin siyasi çəkisi ortaya çıxır. Çünki məsələ münasibətlərdən daha böyük idi — məsələ insan həyatı və regionun təhlükəsizliyi idi.
Azərbaycan özü də müharibənin ağrısını yaşamış ölkədir. Bu xalq çox yaxşı bilir ki, müharibənin ən ağır yükünü siyasətçilər yox, sadə insanlar daşıyır. Ona görə də Bakının humanitar dəstək mövqeyi həm siyasi qərar, həm də tarixi yaddaşın nəticəsi idi”.

Nigar