Bilikdən Dəyərə: Elm və təhsil kontekstində insan kapitalı

Bilikdən Dəyərə: Elm və təhsil kontekstində insan kapitalı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qlobal elmi və təhsil paradiqmasının dəyişməsi, eləcə də innovativ iqtisadi inkişafda insan kapitalının rolunun əhəmiyyətli dərəcədə artması müasir dövrdə elm və təhsil sahələrinin yeni inkişaf vektoru qazanmasını şərtləndirir. Bu gün insan kapitalının dəstəklənməsi və inkişafı təkcə milli səviyyədə deyil, eyni zamanda qlobal miqyasda əsas prioritetlərdən biri kimi müəyyən edilir.Bu kontekstdə elm və təhsil sahələri kadr və texnologiya ixracının təşviqi, istedadların aşkar edilməsi və inkişafı, əmək məhsuldarlığının artırılması, elmi və təhsil infrastrukturunun gücləndirilməsi kimi strateji qlobal məqsədlərə nail olmaq üçün istiqamətverici rol oynayır. Sosial-iqtisadi proseslərdə müşahidə olunan qlobal rəqəmsal transformasiya isə elm və təhsil sahələrində mövcud çağırışlara daha çevik və adekvat yanaşmaların formalaşdırılmasını zəruri edir.Elmi bilik bazasının genişləndirilməsi və tətbiqi tədqiqatların inkişaf etdirilməsi məhsuldarlığın artmasının və qlobal iqtisadi tərəqqinin mühüm komponentlərindən biri olaraq qalır. İnnovativ fəaliyyətin səviyyəsi yalnız cəlb edilən maliyyə resurslarının həcmi ilə deyil, eyni zamanda müxtəlif sahələrdə onilliklər ərzində toplanmış biliklərin ötürülməsi, onların aktuallığı və tədqiqatların davamlılığını təmin edən stimulların mövcudluğu ilə ölçülür.

Biliklərin istifadəsi və yayılması təkcə fərdlərin intellektual potensialının zənginləşdirilməsi ilə məhdudlaşmamalı, eyni zamanda təhsil mühitinin elmi tədqiqatların nəticələri ilə sistemli şəkildə zənginləşdirilməsinə və müasir təhsil bazarlarının formalaşmasına xidmət etməlidir. Bu baxımdan elmi tədqiqatların nəticələrinin tədris prosesinə inteqrasiyası təhsilin keyfiyyətini yüksəltməklə yanaşı, öyrənənlərdə tənqidi düşünmə, analitik yanaşma və innovativ qərarvermə bacarıqlarının formalaşmasına şərait yaradır. Məhz bu inteqrasiya nəticəsində təhsil mühiti statik bilik ötürən strukturdan çıxaraq, dinamik və yaradıcı bilik istehsal edən platformaya çevrilir.

Müasir dövrdə aparıcı universitetlərin və tədqiqat mərkəzlərinin təcrübəsi göstərir ki, elmi nəticələrə əsaslanan tədris modelləri tələbələrin yalnız nəzəri biliklər əldə etməsinə deyil, eyni zamanda problemlərin həllinə yönəlmiş düşüncə tərzinin formalaşmasına xidmət edir. Bu isə insan kapitalının keyfiyyət göstəricilərini – yaradıcılıq, innovativlik və adaptasiya qabiliyyətini – əhəmiyyətli dərəcədə artırır. Elmi biliklərin tədris prosesinə inteqrasiyası təhsil mühitini passiv bilik ötürən mexanizmdən çıxararaq, biliklərin istehsal olunduğu və sınaqdan keçirildiyi aktiv akademik məkana çevirir.

Eyni zamanda, elmi biliklərin praktik tətbiqə yönəldilməsi təhsil bazarlarının formalaşmasına və inkişafına mühüm təsir göstərir. Elmi tədqiqatların nəticələrinin təhsil texnologiyaları vasitəsilə müxtəlif istifadəçi qrupları üçün əlçatan formaya salınması biliklərin iqtisadi dəyər qazanmasına imkan verir. Elmi nailiyyətlərə əsaslanan yeni ixtisaslar, təhsil proqramları və akademik xidmətlər təhsil sahəsində rəqabətqabiliyyətliliyi artırır, əmək bazarının real tələblərinə uyğun insan kapitalının hazırlanmasını təmin edir. Bu proses təhsil müəssisələrinin cəmiyyət və iqtisadiyyatla qarşılıqlı əlaqəsini gücləndirir.

Müasir təhsil bazarının mühüm komponentlərindən biri olan EduTech (education və technology anlayışlarının sintezindən yaranmışdır) sürətlə inkişaf edir. Analitik proqnozlara əsasən, qlobal EduTech bazarının həcminin 2030-cu ilə qədər 10 trilyon ABŞ dollarına çatacağı gözlənilir.Bu bazarın əsas fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, burada əsas dəyər yaradan resurslar maddi aktivlər deyil, elmi biliklər, intellektual məhsullar və insan kapitalıdır. İnsan kapitalına malik olmaq təşkilat və müəssisələrin səmərəliliyini artıran, innovasiya potensialını gücləndirən ən mühüm strateji resurslardan biri hesab olunur. Onun əsas üstünlüyü mövcud biliklər əsasında yeni biliklər yaratmaq və onları praktik dəyərə çevirmək qabiliyyətidir. Bu gün qlobal miqyasda EduTech platformaları, onlayn universitetlər və açıq təhsil resursları elmi biliklərin geniş auditoriyalara çatdırılmasını təmin edir və biliklərin iqtisadi dəyər qazanmasına şərait yaradır. Elmi nailiyyətlərə əsaslanan yeni ixtisaslar, qısa müddətli sertifikat proqramları və bacarıq yönümlü təlimlər əmək bazarının dəyişən tələblərinə çevik cavab verir və təhsil xidmətlərinin strukturunu yenidən formalaşdırır.

Elm və təhsil sahələri bir-biri ilə üzvi şəkildə bağlıdır, çünki elmi tədqiqatların nəticələri təhsilin məzmununu və keyfiyyətini müəyyən edən əsas amillərdəndir. Bu qarşılıqlı əlaqə elm və təhsilin vəhdəti prinsipini formalaşdırır. Təsadüfi deyil ki, təhsil və elm dövlətin inkişaf strategiyasında sistemyaradıcı amillər kimi çıxış edir, milli təhlükəsizliyin təməl elementlərindən biri hesab olunur və milli iqtisadiyyatın rəqabət qabiliyyətini müəyyən edir.

Elmi-texnoloji tərəqqi və əsas istehsal amillərinin intellektuallaşdırılması ölkənin mütərəqqi inkişafında aparıcı rol oynadığı üçün bilik yaratmaq, onu transformasiya etmək və sosial-iqtisadi dəyərə çevirmək qabiliyyəti müasir iqtisadi artımın əsas müəyyənedicilərindən birinə çevrilir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, b.ü.f.d ŞƏBNƏM ƏSƏDOVA