Ağstafa rayon İcra Hakimiyyəti aztəminatlı ailələrin mənzil şəraitlərinin yaxşılaşdırılması üçün tikinti materiallarının alınmasına dair tender keçirib.
Tribuna.az xəbər verir ki, dünən bununla bağlı nəticələr açıqlanıb.
Məlum olub ki, İcra Hakimiyyətinin tenderini “CASPİAN EXPERT GROUP” MMC udub. Razılaşmaya əsasən şirkət sözügedən işləri həyata keçirmək üçün 77 min 74 manat ödəniş alacaq.
Qeyd edək ki, Ağstafa İcra Hakimiyyəti işlərin reallaşdırılması üçün 5 adda məhsulun alınmasına razılaşıb. Belə ki, işlərin görülməsi üçün nəzərədə tutulmuş smetaya əsasən 102 kub metr taxta, 134 ton sement, 370 ədəd metal dam örtüyü, 180 kq 80-100-150 mm-lik mismar və 380 kub metr qum alınacaq.
Tribuna.az-ın apardığı qısa araşdırma zamanı belə məlum olub ki, 380 kub metr quma ortalama 95-96 ton sement lazımdır. Bunu peşəkar ustalar da əməkdaşlarımıza təsdiqləyiblər. Onlar hesab edirlər ki, əgər hörgü və suvaq istifadə olunarsa, hər kub metr quma 5 ədəd və ya 200 kq sement lazımdır. Amma rəqəmlərdən görünür ki, Ağstafa İcra Hakimiyyətinin sifarişində bu qədər 134 ton göstərilir. Bu da normadan 40 tona yaxın çoxdur.
Bundan başqa, İcra Hakimiyyətinin sifariş etdiyi 6×1.15 qal-0.42 ölçülü metal dam örtüyünün (ölçüsü 6.9 kv.metrdir) də qiyməti pərakəndə şəkildə 24 manata satılır. Topdansatış qiymətlərində isə bu rəqəm ən azı 10-15 faiz aşağı təklif olunur.
Maraqlıdır ki, standarta uyğun olaraq tələb olunan 95 ton sementin əvəzinə 134 ton sement almaq niyə nəzərədə tutulub? Hər halda Ağstafa İcra Hakimiyyətinin buna aydınlıq gətirəcək açıqlaması olacaq.
Fərda Uğur









