Sağlam qidalanmaq üçün 5 qısa QAYDA — Müsahibə

Sağlam qidalanmaq üçün 5 qısa QAYDA — Müsahibə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illər qidalanma elminə maraq kəskin şəkildə artıb. İnsanlar artıq yalnız arıqlamaq və ya formada qalmaq üçün deyil, ümumi sağlamlıq, hormon balansı, psixi vəziyyət və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün düzgün qidalanmanın əhəmiyyətini anlayırlar.

Bu sahədə isə ən böyük məsuliyyət mütəxəssislərin, bioloq və nutrisoloqların üzərinə düşür. Onlar qidanın insan bədəninə təsirini, hüceyrə səviyyəsində baş verən dəyişiklikləri öyrənir, doğru qidalanma strategiyalarını elmə əsaslanaraq müəyyən edirlər.

Mövzu ilə bağlı Tribuna.az-ın suallarını cavablayan bioloq-nutrisoloq,fitoterapiya və aromaterapiya üzrə mütəxəssis Aynur xanım suallarımızı cavablayıb.

— İlk olaraq, sizi tanıyaq: Biologiyadan nutrisologiyaya keçid necə baş verdi?

— Mən Novruzova Aynur Çingiz qızı, Azərbaycanda bialogiya fakültəsini bitirmişəm.Biologiya canlıların quruluşu, genetikası, həyat, fəaliyyəti və funksiyasını öyrənir. Nutrisologiya insan orqanizminin qida maddələrini necə qəbul etdiyini, enerji balansını, vitamin və mineral ehtiyacını öyrənir və sağlamığa təsirini araşdırır.Nutrisologiya biologiya proseslərinin əsasını təşkil edir.Qidalanma, genetik səviyyədə xəstəliklər, insan orqanizminə lazım olan qidanın hüceyrəvi formada ona lazım olan enerjini bilmək üçün mütləq biologiyanı bilmək lazımdır. Nutrisologiyanın dərinliyinə gedəndə, biologiyanı bilməyən adam üçün onu öyrənmək çox çətindir. Ümumiyyətlə, Azərbaycanda son illər Nutrisologiya qida mühəndisi kimi anlayışlara maraq artıb. Əvvəllər bununla bağlı universitetlərdə belə uyğun fakültələr olmayıb. Mən özümü təkmilləşdirmək üçün Nutrisologiyanın əsaslarını Türkiyənin İstanbul şəhərində Altınbaş Universitetinin qidalanma mütəxəssisi, nutrisoloq və kouçinq olaraq təhsilimi davam etdirmişəm. Bununla yanaşı öz maraq dairəmi genişləndirərək, Ankara egitim akademiyasını və İsveçrənin Riccon universitetinin birgə təşkil etdiyi aromaterapiya və fitoterapiya kurslarını da bitirərək, aromaterapiya və fitoterapist olaraq öz fəaliyyətimi davam elətdirirəm. Bunların da hər ikisi təbii müalicə üsullarıdır. Qidalanma ilə yanaşı insan sağlamlığında dəstəkçi rol oynayır. Aromaterapiya efir yağları ilə müalicə formasıdır. İnsan orqanizmində bəzi bitkilərlə stresi azaltmaq olur. Nanə, lavanda, limon yağı kimi efir yağları sinir sistemini sakitləşdirir. Yuxusuzluğa qarşı faydası olduğunu biz Aurverdadan bilirik. İmmunitetə dəstək olmaq üçün bakteriyalar antiviral təsiri olan bəzi yağlarımız var. Çay ağacı yağı, ekvalipt yağı baş ağrıları və gərginlik üçün nanə və rozmarin yağını misal çəkmək olar. Fitoterapiyada isə dərman bitkiləri ilə müalicədə özünü göstərir. Yəni, həzmə çobanyastığı, xroniki xəstəliklərdə gicitkan, qan tənzimlənməsi, zəncəfilin iltihab əleyhinə, beyində qan dövranını yaxşılaşdırmaq üçün ginko biloba, qan damarlarında axını artırır. Bugünkü həkimlərimiz də bunları dəstəkləyir.

— Nutrisologiya elmi bugün Azərbaycanda hansı səviyyədədir?

— Nutrisologiya elmi dedikdə, insan orqanizmində qida maddələrini necə qəbul etdiyini, enerji, mineral və vitamin balansında ehtiyacını, sağlamlığa təsirini öyrənir. Biologiya ilə əlaqəsi isə hüceyrə səviyyəsində qidalanmaq və biologiyada qidaların hüceyrəyə necə daxil olduğunu, parçalandığını, enerji əldə etdiyini izah edir. Yəni, maddələr mübadiləsi zamanı biz dərk etməliyik ki, qidanın insan orqanizmində hansı funksiya və necə təsir etdiyini öyrənməyə köməklik edir. Metobalizma, maddələr mübadiləsi üçün qidanın orqanizmə daxil olma forması, qidalanma saatı və genetik faktorlar da rol oynayır. Genetika və fərdi qidalanma da Nutrisologiyanın bir növüdür. Yəni, genetikaya uyğun qidalanma sağlamlıq üçün vacibdir. Sirkadiyen ritm deyilən bir anlayış var ki, insan orqanizmi günəş çıxması ilə oyanıb, günəş batması ilə yatmalıdır. Və O ərəfədə insanlar qidalanmalıdır. Orqanizm gün batdıqdan sonra qida qəbul etməməlidir. Xəstəliklərin profilaktikasında da qidalanmanın rolu fərqlidir. Nutrisologiya düzgün qidalanma ilə xəstəliklərin qarşısını almağı, xəstəliklərdən xilas olmağı və onunla mübarizədə çox böyük təsir göstərir.

— İnsanlar ən çox hansı qidalanma səhvlərini edir?

— Azərbaycanda insanların qidalanmada ən çox səhvə yol verdiyi məqam odur ki, milli mentalitetimizdə də olduğu kimi, unlu və çörək məmulatlarına üstünlük veririk. Bu da insan orqanizminə boş karbohidratın qəbul olması deməkdir. Bizim milli yeməklərimiz qızartmalar və xəmir yeməkləri həzmdə ağırlıq yaradır. Xalqımız sudan az istifadə edir. Az su içmək, saf su içməmək, çaya üstünlük vermək böyrəklərə yüklənmə, həzm sisteminə mənfi təsir göstərir. İçilən suyu da qazlı, şirin, kompot kimi məhsullardan istifadə edirlər. Bu da sağlamlığa mənfi təsir edir. Bizim yeməklərimizdə protein də az olur. Ət, yumurta, pendir çox az istifadə edirik. Səhər yeməklərində yağ, çörək, şirinçay, mürəbbə, bal çox istifadə edilir. Əksinə, pendir, yumurta və tərəvəzlərə yer verilməlidir. Ümumiyyətlə, bizdə səhər yeməklərində tərəvəz olmur. Çox nadir hallarda kükü və ya pomidor-yumurta kimi yeməklər olur. Amma bu da canlı qida sayılmır. Canlı qida mütləq lazımdır. Gec vaxtlarda yemək, bizdə xüsusilə axşam saatlarında, 20:00-dan sonra da ağır yeməklər yeyilir. Ondan sonra da yatılır. Orqanizm onu həzm etməyə çox çətinlik çəkir. Bu da düzgün qidalanmamaq nəticəsində xəstəliklərə səbəb olur.

— Arıqlamaqda əsas rol oynayan nədir: Kalori defisiti, hormonlar, yoxsa həyat tərzi?

— İnsan düzgün həyat tərzinə əməl etsə, onun normal çəkidə olması, özünə uyğun, sağlam və gümrah hiss edəcəyi çəkidə olması üçün ən vacib nüanslardan biri düzgün həyat tərzidir. Düzgün və sağlam qidalanma, düzgün yuxu rejimidir. Ondan sonra deyərdim ki, hormonlar da yerinə düşür. Bu gün az qidalanıb kalori defisti ilə arıqlamaq düzgün deyil. Çünki orqanizm daha da ac olur və bir müddətdən sonra fəsadlar yaranmağa başlayır.

— Vitamin və mineral, qida əlavələri hər kəs üçün lazımdırmı? Zərərli tərəfləri varmı?
Qida əlavələri bu gün populyarlaşıb. Bunu elə qidanın özündən əldə etmək daha faydalı deyilmi?

— Bəli, bu gün insanlar qida əlavələrini heç bir analiz vermədən, özbaşına internetdən görüb qəbul edirlər. Amma bu, heç də düzgün deyil. Qan dəyərlərinə baxılmalıdır. Orqanizmdə vitaminlərin çoxluğu da bir sıra xəstəliklərə gətirib çıxarır. Vitamin və qida əlavələrini qəbul etməzdən öncə mütləq qan analizi verilməlidir.
Qida, əlavələrini qəbul etməkdənsə, mən deyərdim ki, düzgün qidalanma ilə orqanizmə lazım olan mineral və vitamin əldə edə bilərik. Bizə lazım olan antioksidantları təbii tərəvəzlərdən, meyvələrdən qəbul etsək orqanizm üçün daha faydalı və səmərəli olar.

— “Axşam 6-dan sonra yemək olmaz” Bunun elmi əsası varmı?

— Bunun elmi əsaslandırılması ona dayanır ki, insanlar günəş doğumu ilə yuxudan oynamalıdır. Orqanizm də günəş doğumu ilə ayılır. Günəş batımı ilə də yatmalıdır. Günəş, ilin fəsilləri uyğun olaraq axşam 6 və 7-dən sonra batır. Gün batımından sonra biz süni işığa məruz qalırıq. Süni işıq zamanı da insan qidalanmamalıdır. Təbiətlə oyanıb təbiətlə yatmalıdır. Əgər birinin iş rejimi gecə növbəsidirsə, o, artıq məcbur şəkildə qidalanmasını gecə edir. Bu da orqanizmdə özünü müxtəlif xəstəliklərlə biruzə verir.

— “Çörək kökəldir”, “meyvə şəkərdir, zərərlidir”, “yumurta xolesterolu artırır”, doğru yoxsa mif?

— Yumurta ilə bağlı deyilənlər mifdir. Çünki yumurtada lazım olan zülallar, proteinlər insan orqanizminin təməl daşıdır. İnsan orqanizmində hüceyrəni qidalandırmaq üçün yumurta lazımdır. Hər kəs hər gün yumurta yeməlidir. Əgər onun qida allergiyası yoxdursa. Allergiya olmasının da səbəbləri bağırsaq baryeri ilə bağlıdır. Bağırsaqdan sovrulma düzgün gedirsə, insanda allergiya da olmaya bilər.
Meyvə şəkərdir deyilir, amma biz meyvəni axşam vaxtı yediyimiz üçün bu kökəlməyə səbəb olur. Amma meyvə düzgün istifadə olunarsa, günün 1-ci yarısında yeyilərsə zərəri olmaz. Bütün meyvələr insan orqanizminə lazım olan mineral və vitamin deposunu balanslaşdırmağa kömək edir. Vaxtında və düzgün istifadə edilməsi mütləqdir. Meyvələri qida rasionumuzdan çıxartmamalıyıq. Meyvəni tərəvəzlə, proteinlə, yemək vaxtı qəbul etmək qidalanmamızda mühüm rol oynayır.

—Gündəlik həyatda hər kəsin dərhal tətbiq edə biləcəyi 5 qısa qidalanma qaydası deyə bilərsinizmi?

— Hər kəsin gündəlik həyatda tətbiq edə biləcəyi 5 qısa qidalanma qaydasını deməyi özümə borc bilirəm. Bunu bütün vətəndaşlarımızın əməl etməsini çox istərdim. Çünki sağlam həyat sağlam qidalanmadan keçir. Mən istərdim ki, millətimiz, xalqımız xəstə olmasın. İlk növbədə suyu unutmamalıyıq. Gün ərzində 6-8 stəkan təmiz, saf və minerallı su içməliyik. Çay, kompot bura daxil deyil. Hər kəs yeməyində mütləq şəkildə öz yemək boşqabını 2 yerə bölərək, yeməyin yarı hissəsini canlı tərəvəzdən istifadə etməlidir. Çiy və ya buxarda bişmiş şəkildə də ola bilər. Ən azı, hər yediyi yeməyin porsiyonunda – səhər, günorta, axşam tətbiq etsinlər.
Mayalı, ağ çörəkləri azaldıb, qara, kəpəkli, çovdar çörəklərinə keçmək həzmə və qan şəkərinə faydalıdır. Qara çörək ümumiyyətlə həzm sistemi üçün əvəzedilməzdir.
Qızartma əvəzinə buxarda bişmiş, soyutma formasında qidalardan istifadə olunsa daha yaxşı olar. İstifadə edəcəyimiz yağlar təbii kərə yağı, sızma zeytun yağı, sızma günəbaxan yağı olmalıdır. Yəni, rafinə edilmiş deyil, təbii və sızma yağlar olmalıdır. Axşam yeməyini gün batımından öncəyə salıb və yüngül qidalara, çiy tərəvəzlərə üstünlük versinlər.

—Vətəndaşlara sağlam qida mədəniyyəti qurmaq üçün son olaraq nə tövsiyə edərdiniz?

— Ümumiyyətlə insanlar sağlam qidalanma mədəniyyəti üçün “nə tapdım yeyim, bu günü ötürüm” bir şey yemək xətrinə yeməməlidirlər. Yediyimiz hər bir qidanın bizim orqanizmimizə öz təsiri var. Və o təsirləri fikirləşərək yeməyimiz daha düzgün olar. Bunu biz evdə uşaqlara baxça yaşından öyrətməliyik ki, fastfudlardan, abur-cuburlardan paketli qidalardan uzaq olmaqla, güclü immunitet, zehni rahatlıq yarada bilərik.

 

Söhbətləşdi: Dəniz Pənahova