2-3 gün öncə “Neyromed” klinikasından zəng edərək təklif etdikləri müayinə (chekup) paketi üçün klinikaya yaxınlaşdıq. Yoldaşımın narahatlığı olduğu üçün vaxt itirmədən həkim, UZİ və digər müayinələrdən keçdik. Lakin ödəniş mərhələsində açıq-aşkar qanunsuzluqla qarşılaşdıq.
Tribuna.az xəbər verir ki, bu barədə sosial şəbəkəsə şikayətçi Gülnar Hüseynova yazıb. O bildirib ki, klinikada ödəniş edilərkən xəzinədən qəbz verilmir:
“Qəbz tələb etsəm də, verilmədi. Çıxışda yenidən kassaya yaxınlaşıb kassa çekimi istədikdə, bu dəfə “POS-terminalın zaryatkası yoxdur” bəhanəsi ilə çeki verməkdən imtina etdilər. Üstəlik, orada mənimlə bərabər çek gözləyən başqa pasiyentlər də var idi.
Məsələyə etiraz edib şikayət edəcəyimi bildirəndə kənar kompyuterdə əyləşən xanım rahatlıqla dedi ki, onsuz da bizdə ƏDV verilmir.
Məsələ təkcə ƏDV deyil, məsələ xidmət göstərən bir tibb müəssisəsinin açıq şəkildə vergidən yayınması və vətəndaşın qanuni hüququnu tapdalamasıdır!
Şikayət edəcəyimi gördükdə isə yalvarmağa başladılar.
Çeki mənə evə gəldikdən xeyli vaxt sonra vatsap ilə göndəriblər.
Bununla da bitmədi!
Sonradan Chekup mərkəzinə də iradımı və narazılığımı kəskin şəkildə bildirdikdən sonra mənə çeki elektron şəkildə göndərdilər”.
Şikayətçi çekə baxdıqda növbəti bir qanunsuzluğun şahidi olub:
“Çekin üzərində qeyd olunan vurulma saatı ilə mənim orada ödəniş edib müayinə olunduğum saat tamamilə üst-üstə düşmür!
Qanunvericiliyə əsasən kassa çeki ödəniş edilən anda vurulmalıdır, keçmiş və ya sonrakı vaxtla çek vurub təqdim etmək özü ayrı bir qayda pozuntusudur və maliyyə fırıldağı şübhəsi yaradır.
Nə vaxtdan özəl klinikalar kassa çekini vaxtında verməyib, bəhanələr gətirib, sonra da saxta/fərqli saatlı çeklər təqdim edir?
Dövlət Vergi Xidmətini bu özbaşınalığı və “Neyromed” klinikasının maliyyə fəaliyyətini ciddi nəzarətə götürməyə çağırıram”.
Sözügedən klinika ilə əlaqə yaratmağa çalışsaq da, cəhdlərimiz alınmadı. Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul












