“Heydər Əliyevin quruculuq siyasəti və Azərbaycanın memarlıq siması”

“Heydər Əliyevin quruculuq siyasəti və Azərbaycanın memarlıq siması”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müasir Azərbaycanın inkişaf tarixində şəhərsalma və memarlıq siyasəti xüsusi yer tutur. Şəhərlərin planlı şəkildə qurulması, yeni memarlıq nümunələrinin yaradılması, monumental sənət əsərlərinin ucaldılması ölkənin mədəni və ictimai həyatının ayrılmaz hissəsinə çevrilmişdir. 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və memarlıq ili” elan olunması da bu sahəyə verilən yüksək diqqətin bariz ifadəsidir. Bu gün həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işlərinin ideoloji əsasları isə böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyevin formalaşdırdığı inkişaf strategiyasına söykənir. XX əsrin ikinci yarısında Azərbaycana rəhbərlik edən Heydər Əliyev ölkənin iqtisadi, sosial və mədəni həyatında mühüm dəyişikliklərə nail olmaqla yanaşı, şəhərsalma və memarlıq sahəsinin inkişafına da xüsusi diqqət yetirmişdir.

Həmin illərdə həyata keçirilən genişmiqyaslı tikinti və abadlıq layihələri paytaxt Bakının memarlıq simasını zənginləşdirmiş, şəhərin müasir urbanistik inkişafına yeni nəfəs vermişdir. Ulu öndərin rəhbərliyi dövründə monumental sənət nümunələrinin yaradılması dövlət siyasətinin mühüm istiqamətlərindən biri idi. Bu illərdə Azərbaycanın görkəmli şəxsiyyətlərinə həsr olunmuş bir sıra abidələr ucaldılmışdır. Paytaxtın memarlıq ansamblında mühüm yer tutan abidələrdən biri qəhrəman kəşfiyyatçı Mehdi Hüseynzadənin abidəsi 1973-cü ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin səyləri nəticəsində Bakıda ucaldılmışdır. Bu abidə yalnız monumental sənət nümunəsi deyil, həm də xalqımızın qəhrəmanlıq tarixinin simvolu kimi böyük mənəvi əhəmiyyət daşıyır. 1979-cu ildə Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi İmadəddin Nəsiminin abidəsi ucaldılmışdır. Nəsiminin zəngin fəlsəfi və ədəbi irsini təcəssüm etdirən bu monumental sənət əsəri şəhərin mədəni mühitinə xüsusi estetik dəyər qatmışdır. Bu abidə həm memarlıq, həm də heykəltəraşlıq sənətinin vəhdətini əks etdirən nümunələrdən biri hesab olunur. Şəhərsalma siyasətində görkəmli dövlət və ictimai xadimlərin xatirəsinin əbədiləşdirilməsi də mühüm yer tuturdu. Bu baxımdan tanınmış ictimai-siyasi xadim Nəriman Nərimanovun abidəsinin ucaldılması paytaxtın monumental memarlıq ansamblını daha da zənginləşdirən hadisələrdən biri olmuşdur.

1972-ci ildə Bakıda ucaldılan abidənin açılışında Ulu öndər Heydər Əliyev şəxsən iştirak etmişdir. Heydər Əliyevin rəhbərliyi illərində həyata keçirilən quruculuq siyasəti yalnız abidələrin ucaldılması ilə məhdudlaşmırdı. Bu dövrdə Azərbaycanın sənaye potensialının gücləndirilməsi məqsədilə iri sənaye müəssisələri də inşa edilirdi. Onlardan biri də Bakı Məişət Kondisionerlər Zavodu olmuşdur. Bu zavod 70-ci illərdə ulu öndərimiz Heydər Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi ilə inşa edilərək işə salınmışdır. Hər il burada layihə gücündən çox, yəni 430 min kondisioner istehsal edilmişdir. Zavodun məhsulları dünyanın 60-dan çox ölkəsinə göndərilmişdir. Bakı Məişət Kondisionerlər Zavodu təkcə sənaye sahəsinin inkişafına deyil, həm də minlərlə insanın məşğulluğunun təmin edilməsinə mühüm töhfə vermişdir. Paytaxtın memarlıq görünüşünü dəyişdirən mühüm obyektlərdən biri də Bakı Dəniz Vağzalıdır. Bakı Dəniz Vağzalı 1970-ci ildə Azadlıq meydanının yaxınlığında istifadəyə verilmişdir. Müasir memarlıq üslubunda inşa edilmiş bu bina Bakı şəhərinin dəniz qapısı kimi böyük əhəmiyyət daşıyır. Xəzər sahilində yerləşən bu memarlıq kompleksi şəhərin ən diqqətçəkən tikililərindən biri hesab olunur. Həmin illərdə dövlət strukturlarının fəaliyyəti üçün müasir inzibati binalar da tikilmişdir. Bu baxımdan Dövlət Təhlükəsizlik Komitəsinin binası paytaxtın inzibati memarlıq ansamblının formalaşmasında mühüm rol oynamış binalardan biri olmuşdur.

Bina 1970-ci illərin sonlarında “BakıDövlətLayihə”institutunun baş memarı Yuzef Qədimovun rəhbərliyi ilə institutunun memarlar qrupunun layihəsinə əsasən inşa edilmişdir.
Heydər Əliyevin rəhbərlik etdiyi illərdə paytaxtın mədəni və ictimai həyatının inkişafı məqsədilə bir sıra möhtəşəm saray və ictimai binalar da inşa edilmişdir. Bu tikililərdən biri Ulduz Sarayıdır. 1977-1980-ci illərdə Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə inşa edilmiş bina Azərbaycan memarlığının parlaq nümunələrindən biridir. Memarlıq baxımından xüsusi üsluba malik olan bu bina uzun illərdir müxtəlif dövlət və mədəni tədbirlərin keçirildiyi mühüm məkanlardan biri kimi tanınır. Şəhərin nəqliyyat infrastrukturunun modernləşdirilməsi də həmin dövrdə həyata keçirilən mühüm layihələrdən biri idi. Bu istiqamətdə Bakı Dəmiryolu Vağzalının yeni binasının inşası paytaxtın nəqliyyat sisteminin inkişafına mühüm töhfə vermişdir. Vağzal binası həm funksionallığı, həm də memarlıq xüsusiyyətləri ilə şəhərin mühüm infrastrukturlarından birinə çevrilmişdir. Bakı şəhərinin memarlıq incilərindən biri hesab edilən Gülüstan Sarayı da ulu öndərin rəhbərlik etdiyi illərdə inşa edilən möhtəşəm memarlıq komplekslərindən biridir. 1979-1980-ci illərdə “BAKIDÖVLƏTLAYİHƏ” institutu tərəfindən inşa edilmiş, ümumşəhər, həm də respublika miqyaslı kütləvi tədbirlərin keçirilməsinə hesablanmışdır.

Sarayın tikintisinin yüksək səviyyədə aparılması ilə bağlı Ulu Öndər öz tövsiyə və tapşırıqlarını vermişdir. “Gülüstan” sarayında ölkəmiz üçün əhəmiyyətli çoxsaylı tarixi tədbirlər keçirilmişdir. Bunlardan ən mühümü, 20 sentyabr 1994-cü ildə “Gülüstan” sarayında Ümummilli Lider Heydər Əliyevin başçılığı və təşəbbüskarlığı ilə “Əsrin Müqaviləsi” adlı neft sazişinin imzalanmasıdır. Xəzər sahilində yerləşən bu saray paytaxtın ən gözəl memarlıq nümunələrindən biri kimi tanınır və bu gün də dövlət səviyyəli tədbirlərin keçirildiyi mühüm məkanlardan biri hesab olunur. Paytaxtın mədəni həyatında mühüm rol oynayan binalardan biri də 1972-ci ildə açılışı olmuş Heydər Əliyev Sarayıdır. Uzun illərdir ki, bu möhtəşəm bina ölkənin əsas konsert və mədəniyyət mərkəzlərindən biri kimi fəaliyyət göstərir və Azərbaycanın zəngin mədəni həyatının ayrılmaz hissəsinə çevrilmişdir. Beləliklə, ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi dövr Azərbaycanın şəhərsalma və memarlıq tarixində xüsusi mərhələ təşkil edir. Həmin illərdə inşa edilən abidələr, saraylar, sənaye müəssisələri və ictimai binalar təkcə memarlıq nümunələri deyil, həm də ölkənin sosial-iqtisadi inkişafının rəmzidir. Bu tikililər Azərbaycanın quruculuq tarixində mühüm iz qoymuş, paytaxtın və bütövlükdə ölkənin memarlıq simasının formalaşmasında mühüm rol oynamışdır.Bu gün Azərbaycanda həyata keçirilən genişmiqyaslı şəhərsalma layihələri və müasir memarlıq nümunələri ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının uğurla davam etdirildiyini göstərir.

Müasir dövrdə ölkənin şəhərlərində aparılan abadlıq və yenidənqurma işləri, yeni yaşayış komplekslərinin, mədəniyyət və infrastruktur obyektlərinin tikilməsi Azərbaycanın davamlı inkişafının mühüm göstəricilərindən biridir.

Bu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. Onun rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq layihələri Azərbaycanın şəhərlərinin simasını daha da müasirləşdirir, ölkəmizin memarlıq irsini zənginləşdirərək gələcək nəsillərə ötürür. 2026-cı ilin “Şəhərsalma və memarlıq ili” elan olunması isə dövlətin bu sahəyə verdiyi önəmin və quruculuq siyasətinin davamlı xarakter daşıdığının bariz göstəricisidir.

Göyçay rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi
Ülkər Abdullayeva