Valideynlər və müəllimlər məktəblərdə keçirilən BSQ imtahanlarından narazıdır.
Tribuna.az xəbər verir ki, 4-cü siniflər üçün keçirilən BSQ qiymətləndirilməsinə düşən suallar və dinləmə mətnləri 4-cü sinif şagirdinin nə təfəkkürünə, nə də akademik bacarıqlarına uyğun testlər deyil.
Belə ki, imtahana düşən “Arı” mətninin dinləmə səsinin üzərində qeyd olunub ki, “5-11-ci sinif” üçün. Mətnin həcmi o qədər böyükdür ki, ucu-bucağı bilinmir. Ən azı 10 dəqiqə vaxt aparan bu dinləmə mətninə aid azı 10 sual düşür. Sual yaranır, məgər 4-cü sinifdə oxuyan şagirdin təfəkkürü 5-ci sinifdə oxuyan şagirdlə eynidirmi? Belə mətnlər təfəkkürü inkişaf etdirmək məqsədi daşısa da mətn 4-cü sinif səviyyəsində deyil. Valideynlər və müəllimlər təhsildə terror olduğunu vurğulayıb.
Məsələ təkcə əsas fənlərlə də bitmir, ibtidai siniflərdən başlayaraq həftədə bir dəfə informatika dərsi tədris olunur. Lakin çox məktəbdə kompüter otağı olduğu halda, şagirdlərə əyani şəkildə kompüterdən dərs keçilmir. İmtahan zamanı da şagird zəif nəticə göstərir. Uşaqların əksəriyyəti kompüterlə işləməyi bacarmır.
Müəllimlər qeyd edir ki, şagirdlər 4 aydır gəlir dərsə. Lövhəyə çıxır və müəllimin dediyi ən çətin tapşırıqları belə edir. Hətta sinifdə əlavə proqramları da həll edir. Lakin hazırlanan BSQ suallarından 4 qiymətini çətinliklə alır. Həmin şagird neçə gündür özünə gələ bilmir, dili qatlanır.
Ən dəhşətlisi isə 4-cü sinif şagirdi 2 aldığına görə canına qıymaq istəyib.
Məsələ ilə bağlı valideynlər və müəllimlər aidiyyəti qurumların hərəkətə keçməsini, təhsildə yaranan boşluqların aradan qaldırılmasını tələb edir.
Hadisə ilə bağlı Tribuna.az-a açıqlama verən təhsil eksperti Şəmsi Qocayev bildirib ki, belə məsələlərdə ilk növbədə müəllimlər günahkardır. Çünki bizdə qəribə bir tendensiya var. Tək müəllimlərdə yox, eləcə də nazirlikdən başlamış hamı elə düşünür ki, BSQ, KSQ, imtahan, monitorinq sualları nə qədər çətin olsa, o qədər yaxşıdır. Yəni, biz məsələni qəlizləşdirməyi sevirik. Çalışırlar ki, maksimum çətin olmalıdır. 4-cü sinifdə oxuyan uşaq üçün bu qədər ağır material vermək nə məntiqə, nə də pedaqogikaya sığır. Onsuz da ibtidai siniflərin dərslikləri kifayət qədər ağırdır. Mən hər dəfə deyirəm ki, hər bir insanın götürə bildiyi yük var. Mənə göndərdiyiniz mətnə baxıram. Azərbaycan dilində, Azərbaycana aid mətn tapmadılarmı ki, Hondadan danışırlar. Qəliz-qəliz adlar, terminlər hazırlayırlar. Sadə bir mətnlə ibtidai sinif şagirdinin bilik və bacarığını yoxlamaq olmazdımı? Bu məsələyə çox mənfi yanaşıram. Maksimum sadə, rahat və şagirdin qavraya biləcəyi, dərk edəcəyi səviyyədə materiallar verilməlidir.
İnformatika dərslərinə də toxunan ekspert əlavə edib:
“İnformatika kabinetlərində kompüterin çoxu işləmir. Bu gün məktəblərdə kompüterə xidmət sıfır səviyyəsindədir. Onsuz da şagirdi aparıb kompüter otağında oturtsalar nəsə olacaq? Xarab kampüterlərdir. Mən uzun müddət direktor işləmişəm. Şagirdlər informatika dərsini kompüter otağında keçirdi. 40 kompüterdən 30-u işləmirdi. Bircə dəfə bir il, 2014-cü ildə məktəblərdə printerlərin katriclərini doldurdular. Son illərdə heç bir xidmət yoxdur. Məktəb nə etməlidir? Direktor və müəllim nə qədər cibindən pul verib katric almalıdır? Müəllim sonra pul yığanda haray salırlar.”
Dəniz Pənahova












