Zelenski Azərbaycana dəstəyə görə təşəkkür edib

Zelenski Azərbaycana dəstəyə görə təşəkkür edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın silahlı təcavüzü şəraitində göstərilən həmrəylik və praktik dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib.

Tribuna.az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə ünvanladığı təbrik məktubunda qeyd olunub.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Zati-alinizin ad günü münasibətilə ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Sizin liderliyiniz sayəsində Azərbaycan müasir və uğurlu dövlətə çevrilib, beynəlxalq arenada öz rolunu və nüfuzunu inamla möhkəmləndirib, o cümlədən dövlət üçün mühüm nəticələrə – ərazi bütövlüyünün bərpasına və möhkəmləndirilməsinə nail olub.

Azərbaycan Respublikası Prezidenti kimi Sizin xalqlarımız arasında dostluğun və qarşılıqlı dəstək, beynəlxalq hüquq, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsiplərinə əsaslanan Ukrayna–Azərbaycan strateji tərəfdaşlığının möhkəmləndirilməsinə verdiyiniz şəxsi töhfəni yüksək qiymətləndirirəm.

Bu tərəfdaşlıq Qara dəniz–Xəzər regionunda ədalətli sülhə nail olmaq, həmçinin enerji, ticarət-iqtisadi, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xidmət edir.

Ukrayna Rusiya Federasiyasının silahlı təcavüzü şəraitində göstərilən həmrəylik və praktik dəstəyə görə Sizə və Azərbaycan xalqına dərin minnətdarlığını bildirir. Xüsusilə ölkənin enerji sisteminin fəaliyyətinin təmin edilməsi üçün göstərilən humanitar yardım, Kiyev vilayətində işğaldan azad edilmiş İrpen şəhərinin bərpasında iştirak, eləcə də cəbhəyanı bölgələrdən olan ukraynalı uşaqların sağlamlığının bərpası və reabilitasiyası yüksək qiymətləndirilir.

Zati-aliniz, cənab Prezident, bir daha Sizi səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı və dövlət fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh, rifah və tərəqqi arzulayıram.”
Məktubda Zelenski Azərbaycan–Ukrayna münasibətlərinin strateji xarakterini və Azərbaycanın göstərdiyi humanitar dəstəyin əhəmiyyətini xüsusi vurğulayıb.

İmran Kərimli