“Evdə tək”də Kevin’in anası rolunu oynayan Ketrin O’Hara vəfat edib

“Evdə tək”də Kevin’in anası rolunu oynayan Ketrin O’Hara vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Schitt’s Creek” serialı və “Home Alone” filmlərində rol alan, Emmy mükafatlı aktrisa Ketrin O’Hara 71 yaşında dünyasını dəyişib.

Tribuna.az xəbər verir ki, bu barədə cümə günü aktrisanın menecment agentliyi məlumat yayıb.

Kanadada doğulan aktrisa “Beetlejuice” filmində, eləcə də son olaraq Apple TV platformasında yayımlanan Hollivud satirası “The Studio” serialında rol alıb.

Aktrisanın meneceri Mark Qurvitsin ofisi O’Haranın vəfatını AFP agentliyinə təsdiqləyib, lakin ölümün səbəbi ilə bağlı əlavə məlumat verilməyib.

Page Six nəşri yanğınsöndürmə xidmətinin nümayəndəsinə istinadən yazıb ki, O’Hara səhər tezdən Los-Ancelesin nüfuzlu Brentvud rayonundakı evindən xəstəxanaya çatdırılıb. AFP bu məlumatı hələlik rəsmi şəkildə təsdiqləyə bilməyib.

Ketrin O’Hara 1954-cü ildə Toronto şəhərində anadan olub. O, karyerasına məşhur Second City komediya teatrında başlayıb və burada aktyor Yucin Levi ilə birlikdə çalışıb. Sonrakı illərdə onlar bir çox layihələrdə, o cümlədən böyük uğur qazanan “Schitt’s Creek” serialında yenidən əməkdaşlıq ediblər.

Aktrisanın kinoda ilk böyük rolu 1980-ci ildə çəkilən “Double Negative” filmində olub. 1988-ci ildə isə Tim Bertonun “Beetlejuice” filmində Winona Ryderin ögey anasını canlandırıb. Daha sonra filmin prodakşn dizayneri Bo Uelçlə ailə həyatı qurub. Onların Metyu və Lyuk adlı iki oğlu var.

O’Hara 1990-cı ildə çəkilən “Home Alone” filmində Makoley Kalkinin canlandırdığı Kevin obrazının anası rolu ilə dünya miqyasında tanınıb. O, bu rolu 1992-ci ildə ekranlara çıxan “Home Alone 2: Lost in New York” filmində də təkrarlayıb. Həmin filmdə ABŞ-ın gələcək prezidenti Donald Tramp da qısa epizodik rolda yer almışdı.

1993-cü ildə aktrisa Tim Bertonla yenidən əməkdaşlıq edərək “The Nightmare Before Christmas” filmində çalışıb. O’Hara həmçinin Kristofer Qestin çəkdiyi “Best in Show”, “A Mighty Wind” və “For Your Consideration” kimi satirik filmlərdə də rol alıb.

Rejissor Kristofer Qest aktrisanın vəfatı ilə bağlı bildirib:
“Mən sarsıldım. Biz dövrümüzün ən böyük komediya ustalarından birini itirdik.”

İmran Kərimli