Dünəndən etibarən sosial şəbəkələrdə və xəbər saytlarında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçirdiyi iclasdan yayılan fotolar geniş müzakirələrə səbəb olub. Şəkillərdə zaldakı bir çox elm adamının mürgüləməsi diqqət çəkib və bu vəziyyət çoxları tərəfindən tənqid edilsə də, ictimai reaksiyalar tamamilə birmənalı olmayıb.
Məsələ ilə bağlı Tribuna.az-a açıqlama verən təhsil eksperti Şəmsi Qoca bildirib ki,
Dünən elm məbədinin salonundan paylaşılan o “mürgüləmə” kadrları üzərindən “elmimiz yatır” deyə hay-küy qoparanlar, əslində böyük bir idarəçilik mənzərəsinin ən düşündürücü pərdəsini görməkdən acizdirlər.
Şəmsi Qocanın sözlərinə görə, bu görüntülər bir süqutun deyil, səmimi yorğunluqla süni oyaqlığın amansız toqquşma nöqtəsidir. Sosial şəbəkələrdə alimləri hədəfə qoyanların “oyaq”lığına heyran qalmamaq olmur. Sanki bir “sehrli obyektiv” məhz o anı pusub ki, “akademik mühit köhnəlib, bizə yeni menecerlər lazımdır” deyən texnokratik tezisin altına vizual möhür vursun.
“Lakin bu, bir jurnalistika işi deyil; bu, akademik ləyaqəti küncə sıxışdırıb, elmi elitanı gözdən salmaq üçün qurulmuş vizual bir sui-qəsddir.
Gəlin dürüst olaq: o zallarda alim olmayanlar, elmə sadəcə inzibati bir pilləkən kimi baxanlar heç vaxt yatmazlar. Onlar yata bilməzlər, çünki onlar amansız bir “yarınma yarışı”ndadırlar. Onların gözləri tribunadakı rəhbərin hər jestini tutmaq, hər boşluqda “bəli” deyib baş yelləmək üçün həmişə hədəqədədir. Bu oyaqlıq intellektual bir ehtiyacdan deyil, vəzifə instinktindən və mövqe qorumaq qorxusundan doğur. Onların yanında əsl alim isə mənasız, ruhsuz və sadəcə statistika naminə keçirilən iclasda mütləq yatmalıdır. Çünki alim ona görə mürgüləyir ki, o, gecəni dəbdəbəli ziyafətlərdə deyil, arxivlərin tozlu sükutunda, laboratoriyaların soyuq divarları arasında keçirib. Səhərə qədər bir tarixin izini, bir elmi düsturun həllini axtaran ağsaqqalın, gündüz o monoton, quru “inzibati hesabatlar” altında gözünün yumulması qəbahət deyil – bu, elmin ən sadiq yol yoldaşı olan gərgin əqli zəhmətin şərəfli yorğunluğudur”.
“Əslində o akademiklər mürgüləyirlər, çünki tribunadan səslənən “innovasiya” və “sinerji” ritorikası onların onilliklər əvvəl keçib gəldikləri yollardır. İnsan o vaxt yuxuya gedər ki, ona bildiyi həqiqətləri “yeni kəşf” kimi sırımağa çalışırlar. Bu görüntüləri yayan çevrələr isə meydanı təhsilin mahiyyətindən bixəbər, lakin rəngli slaydlar hazırlamaqda mahir olan “menecerlərə” boşaltmaq istəyirlər. Onlar unudurlar ki, elmi idarəçilik “PowerPoint” səhifələri ilə deyil, o mürgüləyən gözlərin ömür boyu oxuduğu kitabların çəkisi ilə ölçülür. Bəlkə də bu “yaradıcı qruplar” üçün alimin oyaq variantı təhlükəlidir. Çünki oyaq alim sual verir, oyaq alim əndrəbadi sertifikasiyanın mahiyyətini soruşur, oyaq alim islahat dumanı ilə səmimiyyətsizliyi bir-birindən ayırmağı bacarır.
O şəkilləri tirajlayanlar bilsinlər: alimin mürgüləməsi onun gərgin əməyinin, sizin isə tribunadakı saxtalığınızın nəticəsidir. Mən üzümü bu ttəxribatda əli olan hər kəsə tutub deyirəm:- Gözü açıq olub heç nə görməyənlərdənsə, gözü yumulu olub kainatı dərk edən yorğun alim bu millət üçün daha dəyərlidir. O yorğun gözlər açılanda soruşacağı sualların cavabı isə sizin heç bir süni oyaqlığınızda yoxdur”.
Dəniz Pənahova









