Aİ-nin Ukraynaya krediti: Zelenski vəsaitlərin hara xərclənəcəyini açıqladı

Aİ-nin Ukraynaya krediti: Zelenski vəsaitlərin hara xərclənəcəyini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının Ukraynaya 90 milyard avro məbləğində kredit ayırması ölkəyə yaxın illər üçün maliyyə sabitliyi verir.

Tribuna.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 19-da Polşa Prezidenti Karol Navrotski ilə birgə mətbuat konfransında bildirib.

Zelenski qeyd edib ki, Polşa bu məsələdə Ukraynanı dəstəkləyib.

Onun sözlərinə görə, əgər Rusiya müharibəni uzatmaqda davam edərsə — Moskvanın dünyaya verdiyi siqnallar da bunu göstərir və təhdidlər davam edir — ayrılan vəsaitlər müdafiə məqsədləri üçün istifadə olunacaq.
Lakin əgər beynəlxalq ictimaiyyət Rusiyanı sülhə məcbur edə bilsə, bu halda kredit vəsaitləri yalnız Ukraynanın bərpasına yönəldiləcək.

Zelenski vurğulayıb ki, Rusiyaya məxsus aktivlər hazırda Avropada dondurulmuş vəziyyətdə qalır.

Prezidentin fikrincə, əsas prinsip ondan ibarət olmalıdır ki, Rusiya bu müharibənin bədəlini ödəməli və ondan heç bir fayda əldə etməməlidir.

“Əks halda, Ukraynanın bölünməsinə cəhdlərdən sonra Rusiyanın digər qonşu ölkələri parçalamağa yönələn yeni addımları ola bilər”, – deyə Zelenski əlavə edib.

Aİ-nin Ukraynaya maliyyə dəstəyi
Xatırladaq ki, Brüsseldə 15 saat davam edən danışıqlardan sonra Avropa İttifaqı Ukraynaya 2026–2027-ci illər üçün 90 milyard avro həcmində maliyyə dəstəyi göstərilməsi barədə qərar qəbul edib.

Avropa Şurasının Prezidenti Antonio Koşta sosial şəbəkə X-də bildirib ki, bu qərar Ukraynaya növbəti iki il üçün ciddi dəstək deməkdir.

Almaniya kansleri Fridrix Merts isə qeyd edib ki, bu addım Avropadan Rusiya Prezidenti Vladimir Putinə ünvanlanan açıq mesajdır: bu müharibə dəyərli deyil.

İmran Kərimli