“Vaxtilə göstərişimlə xaricdə təhsil alanlar artıq çoxdan qayıdıblar”

“Vaxtilə göstərişimlə xaricdə təhsil alanlar artıq çoxdan qayıdıblar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son 20 il ərzində Azərbaycanda 10 yeni ali təhsil müəssisəsi, – onların bir neçəsi xarici tərəfdaşlarla birlikdə yaradılıb”.

 Tribuna.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.

“Məsələn, ikisi Rusiya, biri Fransa, biri Türkiyə, biri də İtaliya ilə – beş. Qalanını da özümüz, o cümlədən Xankəndi Universiteti. Bu, dövlətin niyyətidir, dövlətin siyasətidir. Təhsilin keyfiyyətinin, müəllimlərin sosial təminatının və peşəkarlığın artırılması, test sistemi və sair. Bütün bu amillər bir məqsəd güdür ki, cəmiyyət savadlı və bilikli olsun. Ancaq o halda biz uzunmüddətli inkişafa nail ola bilərik. Yox, olmazsa, neftimiz, qazımız qurtarandan sonra biz çox ağır vəziyyətə düşə bilərik. Amma indi biz xalqımızın, dövlətimizin gələcəyini onilliklər, yüzilliklər bundan sonra görməyə çalışmalıyıq. Ona görə bu, həddindən artıq vacib sahədir və ümid edirəm ki, aparılan islahatlar yaxşı nəticələrə gətirib çıxaracaq”, – dövlət başçısı vurğulayıb.

Prezident həmçinin qeyd edib ki, son 20 il ərzində Azərbaycanda 3 600 məktəb, yüzlərlə xəstəxana tikilib və əsaslı təmir edilib: “Bu bizim siyasətimizin, o cümlədən iqtisadi siyasətin ayrılmaz hissəsidir və yenə də deyirəm, iqtisadiyyatımız nə qədər artsa, ilk növbədə o qədər də sosial məsələlərə diqqət yetiriləcək və maliyyə ayrılacaq”.

Dövlət başçısı müsahibəsində elm və təhsil sahəsində aparılan islahatlarla bağlı sualı da cavablandırıb.

“Cənab Prezident, bu mövzunun davamı olaraq, dövləti, milləti güclü edən həm də elm və təhsildir. Bir neçə il bundan əvvəl Sizin savadlı millət, “qara qızıl”ı insan kapitalına çevirmək ilə bağlı konsepsiyanız var idi. Azərbaycanda elm və təhsil sahəsində mövcud vəziyyəti necə dəyərləndirirsiniz? Hansı addımlar atılmalıdır? Sizin gənclərə bu baxımdan tövsiyəniz nədən ibarət olardı?”, sualına cavab olaraq Prezident İlham Əliyev aşağıdakıları qeyd edib: “Bilirsiniz ki, biz artıq struktur dəyişiklikləri də etdik, Elm və Təhsil Nazirliyi yaradıldı. Nə üçün? Çünki faktiki olaraq elm dövlət strukturlarından kənarda qalmışdı. Elmlər Akademiyası təbii ki, artıq uzun illərdir fəaliyyət göstərir və mən də yubiley tədbirlərində iştirak etmişəm. Amma, eyni zamanda, dövlət siyasətini daha dolğun şəkildə həyata keçirmək üçün elm və təhsil bir yerdə olmalıdır. Çünki inkişaf etmiş ölkələrin təcrübəsini bilirik. Orada elm daha çox ali məktəblərlə bərabər, yaxud da ki, onların nəzdində inkişaf edir və biz də bu modeli seçmişik. İndi struktur islahatları gedir. Bir çox elmi-tədqiqat institutları bir-biri ilə birləşdirilir.

Struktur islahatları ilə paralel olaraq, kadr islahatları da gedir, daha müasir, daha gənc kadrlar önə çəkilir. Burada keyfiyyət əmsalını da tapmaq o qədər də çətin deyil. Bu, dünya təcrübəsində var. Sənin elmi əsərlərin hansı elmi jurnallarda, hansı dərgilərdə nə qədər çap olunub və sənin elmi potensialın bugünkü reallıqlara nə dərəcədə uyğundur. Əgər biz doğrudan da elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, elmi inkişaf etdirmək istəyiriksə, bu islahatlara getməliyik. Bu, qaçılmazdır. Biz bunu etməsək, onda inkişafın da müəyyən məhdudiyyətləri olacaq. Çünki mən bunu dəfələrlə demişəm, bir daha deyirəm tam şüurlu şəkildə, inkişaf etmiş ölkələrin inkişafı ancaq zəka, ağıl, təhsil, elmlə bağlıdır, neftlə, qazla yox. Baxın, neftlə, qazla zəngin olan ölkələrin və inkişaf etmiş ölkələrin vəziyyətinə. Bəli, neftlə, qazla zəngin olan ölkələr arasında uğurlu ölkələr var, çox deyil, amma var. Onların texnologiyaları haradan gəlir? Onlar özləri onları icad edir? Yox, o, beyin mərkəzlərindən, texnoloji mərkəzlərdən gəlir. O da nəyə bağlıdır? Təhsilə, elmə. Sadə məsələdir. Ona görə də biz bu istiqamətdə fəal işləməliyik.

Bizim çoxlu istedadlı gənclərimiz var. İndi həm xaricdə, həm də Azərbaycanda təhsil almış çoxlu gənc mütəxəssisimiz var. Müxtəlif dövlət proqramları tətbiq olunur. Onlardan biri də bu “Yüksəliş” proqramıdır. Bu da gəncləri daha çox həvəsləndirmək, təşviq etmək, sonra isə dövlət strukturlarına, özəl strukturlara cəlb etmək üçün çox vacibdir. Vaxtilə mənim göstərişimlə xaricdə təhsil alanlar artıq çoxdan qayıdıblar. Çoxları qayıdıb burada çalışır və görürük ki, məsələn, rəhbər vəzifəsinə müasir, bilikli kadr gələndən sonra vəziyyət tamamilə dəyişir. Mən 22 ildir bu kürsüdəyəm. Bütün bu hadisələr mənim gözümün qabağında baş verir və həm yaxşı, həm də pis təcrübə, hamısı məndədir. Mən onun hamısını yaşamışam və bu da mənə bu gün bu sözləri deməyə imkan verir. Kadr islahatı, elm-təhsil, cəmiyyətin ümumi intellektual səviyyəsi – çünki bunlar olmasa, onda nadir hallarda hansısa istedadlı şəxs meydana gələ bilər. Cəmiyyətin ümumi intellektual səviyyəsi, bilik səviyyəsi yüksək olanda, orada, necə deyərlər, pleyadalar, belə istedadlı şəxsiyyətlər yaranır”.