Son vaxtlar “Macdonalds” qidalarından şikayətlər artmaqdadır. Bir çox müştəri “Macdonalds”ın burgerlərində istifadə edilən ətlərdən xoş olmayan qoxunun gəldiyini bildirir. Müştərilərin sözlərinə görə, ətlərdən həm qəribə qoxu, həm də pis dad gəlir. Məhz buna görə, bir çox müştəri sözügedən şəbəkənin qidalarından imtina edir.
Mövzu ilə bağlı Tribuna.az-a açıqlama verən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, şikayətlər olmasa belə “Macdonalsd” yeməkləri arzuolunmayan qidalar hesab edilir. Ekspert bildirib ki, şikaytin olmasını gözləmək lazım deyil, mümkün qədər bu qidalardan uzaq durmaq lazımdır:
“İstehlakçı hüquqlarını qoruyan bütün dünya təşkilatları “Macdonalds”ı cəld yeməklər siyahısında arzuolunmaz yemək şəbəkəsi kimi tanıyır. Biz daim iş aparırıq, dünya istehlakçılarına mesaj göndəririk ki, “Macdonalds”da qidalanmayın.
Xüsusilə uşaqlara bu qidaları almayanın, uşaqlarınızı bu şəbəkəyə aparmayın. Biz bunu daim təbliğ edirik”.
E.Hüseynov bildirib ki, “Macdonlds”da istifadə edilən ətlərini görənlər bir daha oradan heç nə yeməz:
“Oradakı ətlər sanki taxta, kardon kimi dondurulmuş bir şeydir. Mənşəyi, haradan gəldiyi, hansı heyvanın əti olduğu məlum deyil. Bu ətlər xüsusi aparatlarda şişirdilir və əhaliyə verilir. Düzdür, bizə yaxın günlərdə bu şəbəkənin qidaları ilə bağlı şikayət daxil olmayıb. Ancaq bu şəbəkədən imtina üçün şikayət edilməsini gözləmək lazım deyil. İndi sağlam, keyfiyyətli qida tapmaq çətindi. O səbəbdən insanlar mümkün qədər “Macdonalds” qidalarından uzaq dursa yaxşıdır.
Azad İstehlakçılar İctimai Birliyi və istehlakçı hüquqlarını qoruyan təşkilatların siyahısında “Macdonalds” keyfyyətsiz və arzuolunmaz qidalar sırasındadır”.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul










