Türkanda məktəb böhranı: valideynlər uşaqları Hövsana daşıyır

Türkanda məktəb böhranı: valideynlər uşaqları Hövsana daşıyır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhərinin Türkan qəsəbəsində məktəb çatışmazlığı ciddi sosial problem olaraq qalmaqdadır. Qəsəbədə fəaliyyət göstərən 1–2 məktəb həm say, həm də fiziki vəziyyət baxımından mövcud tələbatı ödəmədiyindən, əhalinin böyük əksəriyyəti övladlarını təhsil almaq üçün Hövsan qəsəbəsində yerləşən məktəblərə aparmağa məcbur qalır. Bu isə valideynlər üçün həm əlavə vaxt itkisi, həm də nəqliyyat baxımından ciddi çətinliklər yaradır. Xüsusilə ictimai nəqliyyatın məhdudluğu fonunda ailələr gündəlik olaraq taksidən istifadə etməyə məcbur olur. Paytaxtın bir qəsəbəsində bu cür fundamental problemin illərdir həllini tapmaması cəmiyyətdə ciddi narahatlıq doğurur və aidiyyəti qurumların təhsil infrastrukturuna yanaşması ilə bağlı suallar yaradır.

Bu reallıqlar fonunda, təhsil infrastrukturunda yaranmış bu tip problemlərin aradan qaldırılması üçün hansı sistemli və real addımlar atılmalıdır?

Məsələ ilə bağlı Tribuna.az-a açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, Türkanda əz 2 məktəb var. Təmir olunsa da vəziyyəti bərbad haldadır.

Elşən Qafarovun sözlərinə görə, bərbad olmasının səbəbi odur ki, son zamanlar Türkan məktəblərində ardıcıl olaraq kadr dəyişikliyi və səriştəsi olmayan kadrların məktəb direktor təyin olunması Türkan, Zirə, Hövsan kimi bir sıra məktəblərdə hansı ki, bunlar Bakı kəndləridir və öz spesifik xüsusiyyətləri var və effektiv olmur.
Nəticədə, övladlarına daha yaxşı təhsil vermək istəyən valideynlər məcbur olub uşaqlarını təhsil almaları üçün uzaq yerlərə göndərirlər. Bu, eyni zamanda rayonlarda da var. Kənd məktəblərində kimin əli çatırsa, uşaqlarını şəhər məktəblərinə gətirir.

Ekspert problemlərin qaynağından bəhs edərək deyib:

“Təhsil sisteminin idare edilməsində çox ciddi problemlər var. Biz bunu hər dəfə deyirik və açıq aşkar görünür. Başda nazir olmaqla təhsil idarəetmə orqanlarında da ciddi problemlər var. Baxın, Bakı şəhəri Təhsil İdarəsində 3 ildən artıqdır ki, rəhbər yoxdur. Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin müdir müavini orada direktoru əvəz edir. Amma Bakı şəhər Təhsil İdarəsində rəhbərliyin olub-olmaması hiss olunmur. İdarəetmədə funksional vəzifədə olan şəxslər hamısı birmənalı şəkildə ancaq kadr təyinatı ilə məşğuldurlar. Səbəb də maraqların, tanışlığın, dostluğun olmasıdır. Təhsil Nazirliyi də ancaq imtahan keçirməklə məşğuldur, sanki imtahan mərkəzidir. Təhsilin keyfiyyəti, təlim-tərbiyə prosesinin qurulması, tərbiyə sisteminin keyfiyyəti, nə Emin Əmrullayevə maraqlıdır, nə də onun təyin etdiyi təhsilin yerli idarəetmə orqanlarının rəhbərlərinə. Çünki bunlar təhsil adamı deyillər. Onlar şagirdə, valideynə, müəllimə, məktəbə biznes, pul qazanmaq gözü ilə baxırlar. Vəziyyət daha da pisləşəcək. Nə qədər ki, bazar düşüncəli şəxslər təhsil sisteminə rəhbərlik edəcək, təhsil sistemi günü-gündən bundan da betər olacaq. Nəticədə, insanlar arasında narazılıqlar artacaq. Bu gün valideyn, uşaq, hamı bunu bilir ki, təhsil sistemi düzgün idarə olunmur. Hamı cənab prezidentin qərarını gözləyir. Çünki cənab prezident hər dəfə deyir ki, “nəyin nə vaxt və necə olacağını mən bilirəm”. Biz özümüz də gözləyirik ki, cənab prezident nə vaxt real qərar verəcək və təhsilimizi bu günə qoyanlar layiqli cəzalarını alacaq. Təhsil sistemində də dönüş yaşanacaq. Baş verənlər nəticədir. Bu nəticələr getdikcə ağırlaşır.”

Dəniz Pənahova