Su təchizatına dair mütəmadi verilən suallar və onların cavabları

Su təchizatına dair mütəmadi verilən suallar və onların cavabları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Abonentlər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeli qurumlarına və strukturlarına məlum əlaqə vasitələri ilə müxtəlif suallar ünvanlayır və operativ şəkildə dəqiq cavablar alırlar.
Bu kimi suallar içərisində vətəndaşların tez-tez müraciət etdikləri mövzuları əhatə edənləri də var. ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti həmin sualları və onların cavablarını mərhələli şəkildə təqdim edir.
İlk olaraq 5 sual və 5 cavabı diqqətinizə çatdırırıq.
Xatırladaq ki, bütün suallar və onların cavabları https://isst.gov.az/ rəsmi saytının “Faydalı” bölməsinə yerləşdirilib.
Tikinti obyektinin su təchizatı sisteminə qoşulması üçün nə etməliyəm?
-ASAN kommunal, ASAN xidmət mərkəzlərinə, elektron su (e-su.az) və elektron hökumət portallarına (e-gov.az), Kiçik və orta biznes evlərinə (KOB evləri) müraciət edərək “Texniki şərtin verilməsi” (su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma) xidmətindən yararlana bilərsiniz.
İtirilmiş və ya zədələnmiş smart kartın əvəz edilməsi ödənişlidir?
-Sayğacın sərfiyyat yükləmə kartı itirildikdə və ya zədələndikdə onun yenisi ilə dəyişdirilməsi istehlakçının vəsaiti hesabına aparılır. Karta görə ödənilən məbləğ sayğacın markasına görə dəyişir. Elektromed (Alfasu sayğacı) – 15 manat, Metlab (Teksan sayğacı) – 15 manat, Abşeron (Abşeron ÇSS sayğacı) – 7 manat.
Hesabıma onlayn ödəniş etmişəm. Həmin məbləğin smart karta yüklənməsi üçün nə etməliyəm?
-Smart kartı kartoxuyucuya daxil etmədən balansa onlayn ödəniş edildikdə məbləğ karta deyil, abonentin hesabına yüklənir. Siz bu halda şəxsiyyət vəsiqəsi, ödəniş qəbzi və smart kartla birlikdə ASAN xidmət, ASAN kommunal mərkəzlərinə və ya yerli sukanal idarələrinə yaxınlaşaraq məbləği hesabınızdan karta yüklətdirə bilərsiniz.
Əvvəlki dövrlərdən qalmış qalıq borcu birdəfəyə tam ödəyə bilmirəm. Borcumu hissə-hissə ödəmək üçün nə etməliyəm? 
-Xidmətlərimizdən istifadəyə görə vaxtında ödənilməyən börcunuzu hissə-hissə ödəyə bilərsiniz. Bunun üçün şəxsiyyət vəsiqəsi ilə birlikdə müvafiq rayon üzrə sukanal idarəsinə yaxınlaşaraq, qarşılıqlı razılaşma əsasında borcunuzun hissə-hissə ödənilməsinə dair protokol bağlamağınız tələb olunur.
Ailə üzvlərimin sayında dəyişiklik olmasına baxmayaraq, hesablama əvvəlki kimi aparılır. Hesabatda dəyişiklik olunması üçün nə etməliyəm?
-Ünvan üzrə qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü ərzində ərazi üzrə sukanal idarəsinə təqdim etməlidir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim edilmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə (ölkə üzrə orta ailə tərkibi 4-5 nəfər təşkil edir) uyğun olaraq aparılır. Ailə tərkibində dəyişikliyin aparılmasını onlayn qaydada etmək üçün isə siz www.e-su.az saytında və ya mobil tətbiqində “e-xidmətlər” bölməsindən, www.isst.gov.az saytında “Elektron xidmətlər” bölməsindən və ya www.e-gov.az portalından ADSEA-nın təqdim etdiyi elektron xidmətlərin siyahısında “Abonent məlumatlarının dəyişdirilməsi” xidmətindən istifadə edə bilərsiniz.