“Siqaretin kilosu min manata gəlib çıxır” – Elçin Bayramlıdan sərt baxış

“Siqaretin kilosu min manata gəlib çıxır” – Elçin Bayramlıdan sərt baxış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda siqaretlərin qiymətinin artması cəmiyyət arasında geniş müzakirələrə səbəb olub. Bahalaşmanın əsas məqsədlərindən biri tütün məhsullarının istifadəsini azaltmaq və sağlam həyat tərzini təşviq etməkdir. Bəzi vətəndaşlar bu artımı siqaretdən imtina üçün stimul kimi görsələr də, digərləri üçün bu, sadəcə əlavə maliyyə yüküdür.

Siqaretin bahalaşması ailədaxili münasibətlərə və gündəlik xərclərə necə təsir göstərə bilər?

Sağlam həyat tərzinin təşviqi üçün təkcə qiymət artımı kifayətdirmi, yoxsa paralel sosial maarifləndirmə aparılmalıdır?

Mövzu ilə bağlı Tribuna.az-a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, siqaretin qiymətinin qalxmasının heç bir iqtisadi və sosial-psixoloji əsasları yoxdur.

E. Bayramlının sözlərinə görə, iqtisadi tərəfdən yanaşsaq, tütün adi bir bitkidir və kənd təsərrüfatı məhsuludur. Onun xammal qiyməti həddindən artıq ucuzdur. Bu gün biz siqaretləri tərəziyə qoyub çəksək, Bir qutu təxminən 15-20 qram gələcək və 3-5 manat arasındadır. Bunu kiloqrama vuranda, siqaretin bir kilosu min manata gəlib çıxır. Ağılasığmaz dərəcədə, dəhşətli bir rəqəmdir. Dünyada heç bir kənd təsərrüfatı məhsulunun kiloqramı min manat, heç yüz, manat da ola bilməz.

Sosioloq məsələnin sağlamlıq, və psixoloji tərəflərinə də münasibət bildirərək deyib:

“Siqaret çəkənlərdə qiymət faktoru çox ciddi rol oynamır. Bu, digər məhsullardan fərqli olaraq, tərgidilməsi çətin məsələdir. Sadəcə, insanların xərcləri artır. Onsuz da məcbur olub siqareti alacaq. Siqaret və tütün qarşı mübarizədə ən yaxşı variant müxtəlif ölkələrin təcrübəsində olan maarifləndirici və qınayıcı kompaniyalardır. Eyni zamanda dəstək proqramları da var. Siqareti tərgidənlərə dövlət tərəfindən müxtəlif dərmanlarla kömək olunur və həvəsləndirici mükafatlar verilir. Belə proqramlar daha çox effektivdir, nəinki qiymətləri bahalaşdırmaq. Siqaret əksər ərzaq məhsullarından bahadır.”

Elçin Bayramlı təklif irəli sürərək qeyd edib:

“Bəzi məhdudiyyətlər tətbiq etmək olar. Qapalı məkanlarda qadağa, 18 yaşına qədər uşaqlara satılmaması, hətta, yaş həddi 22-yə qaldırılsın.”

Dəniz Pənahova