Rusiyalı alpinist buzlaqda 17 illik fotoaparat aşkar etdi-– Heyrətamiz hekayə

Rusiyalı alpinist buzlaqda 17 illik fotoaparat aşkar etdi-– Heyrətamiz hekayə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2025-ci il avqustun 8-də Qırğızıstanla Tacikistan sərhədində yerləşən Lenin zirvəsində maraqlı hadisə baş verib. Alpinistlərdən ibarət qrupun üzvlərindən biri təxminən 4400 metr yüksəklikdə, buzlaq üzərində köhnə fotoaparat tapıb. Tapıntı 24 yaşlı alpinist Alisa Vedernikovanın diqqətini dərhal cəlb edib.

Tribuna.az xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” məlumat yayıb.

Alisanın sözlərinə görə, fotoaparatdakı son çəkilişlər 22 aprel 2008-ci ilə aiddir və cihaz 17 il ərzində dağlarda qalıb:

— O vaxt mən cəmi 7 yaşında idim. İndi isə əlimdə kiməsə aid bir həyat hekayəsi var. Xilasetmə işlərindən videolar, pis hava şəraitində çəkilmiş kadrlar mövcuddur. Həmin qrupla nə baş verdiyi bilinmir: zirvəyə qalxa bildilərmi, hamısı sağ qayıtdımı? Son videoda isə güclü külək fonunda çadırın içində bir qadın nəsə deyir və görüntü bitir.

Maraqlısı odur ki, fotoaparat işlək vəziyyətdə olmasa da, yaddaş kartı sağlam qalıb. Alisa kartdakı 2008-ci ilə aid çoxsaylı fotoları görə bilib. Şəkillərdə gənc, gülərüz alpinistlər – qadınlar və kişilər yer alır.

2026-cı ilin əvvəlində Alisa sosial şəbəkədə paylaşım edərək fotolardakı insanları tapmağa çalışıb:

— Dostlar, bilirəm ki, bu, demək olar mümkün deyil, amma xahiş edirəm kömək edin. Bu şəxsləri tapmağa çalışaq (yəqin ki, İrandandırlar).

O, paylaşımı həm rus, həm də ingilis dilində edib və bir neçə foto əlavə edib. Cəmi bir gün ərzində paylaşım on minlərlə bəyənmə toplayıb. Nəticədə fotoaparatın əsl sahibi tapılıb.

Alisaya yazan şəxs İrandan olan Parastu Əbrişami olub. O, fotoların özünə aid olduğunu və kameranı Lenin zirvəsində baş verən fövqəladə hadisə zamanı itirdiyini bildirib. Məlum olub ki, Parastu Əbrişami İranda tanınmış alpinist, təlimçi və dağ bələdçisidir.

İmran Kərimli