Rusiya iri şəhərlərdən kənarda sistemli tənəzzül yaşayır.
2025-ci ildə Rusiyada kənd yerlərinin tənəzzülü davam edib. İl ərzində ölkə üzrə ən azı 266 yaşayış məntəqəsi rəsmi şəkildə ləğv edilib — bunlar tamamilə boşalmış kəndlərdir.
Tribuna.az xəbər verir ki, bu barədə Ukraynanın Xarici Kəşfiyyat Xidməti (SXR) məlumat yayıb.
Kəndlərin “yoxa çıxması” üzrə lider yenidən Kostroma vilayəti olub. Onu Novqorod vilayəti izləyir. Bu iki region birlikdə ləğv edilən yaşayış məntəqələrinin təxminən dörddə üçünü təşkil edir. Üçüncü yerdə Perm diyarı qərarlaşıb. Burada təkcə kəndlərin boşalması qeydə alınmır, eyni zamanda azsaylı əhalisi olan ucqar yaşayış məntəqələri məqsədli şəkildə köçürülür. Bəzi kiçik kəndlər isə infrastruktur boşluqlarını qismən örtmək üçün daha iri yaşayış məntəqələrinə birləşdirilir.
SXR bildirir ki, söhbət inkişafdan yox, tənəzzülün hüquqi rəsmiləşdirilməsindən gedir: regionlar ardıcıl olaraq əhalisini itirir, boşalan ərazilər isə təsərrüfat məqsədləri üçün istifadə olunur. Bu vəziyyət Moskvanın vilayətləri dirçəltməli olan “yeni məskunlaşma baş planı” barədə bəyanatları ilə kəskin ziddiyyət təşkil edir.
Kəşfiyyatın qənaətinə görə, sənəd əslində dərin demoqrafik böhranı, məkanlararası bərabərsizliyi və periferiyanın perspektivsizliyini təsdiqləyir. Tibbi xidmət, təhsil və iş yerləri olmayan yarıboş kəndlər cəlbedici deyil; “əhalinin yayılması” cəhdləri isə real problemləri kosmetik şəkildə gizlətməkdən başqa bir şey deyil.
Nəticə olaraq, SXR vurğulayır ki, bir neçə iri aqqlomerasiyadan kənarda Rusiya sistemli tənəzzül nümayiş etdirir: depopulyasiya dərinləşir, kəndlər məhv olur, inkişaf fərqləri artır, səs-küylü proqramlar isə kağız üzərində qalır.
İmran Kərimli









