Qədir Süleyman: “Yoxdan var yaratmağa çalışdım”

Qədir Süleyman: “Yoxdan var yaratmağa çalışdım”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənc rejissor Qədir Süleyman “Qüssə” adlı yeni qısametrajlı bədii film çəkib.

Filmin rejissoru və ssenari müəllifi Qədir Süleyman, operatoru Elgün Rüstəmzadə, ikinci rejissoru isə Məmmədəli Əbilovdur. Ekran işində baş rolu Fərhad İsrafilov canlandırır. Digər rollarda Qurban Məsimov, Murad Hacızadə, Nur Paşazadə, Amaliya Yusubova, Mahirə Dərviş və Səidə Hüseynzadə çəkiliblər.

Tribuna.az-a açıqlama verən rejissor bildirib ki, filmin ssenarisi Anton Pavloviç Çexovun “Qüssə” hekayəsinin motivləri əsasında hazırlanıb və əsərin ideyası Azərbaycan reallığına uyğunlaşdırılıb.

Onun sözlərinə görə, ssenarinin yazılmasına 2025-ci ilin oktyabr-noyabr aylarında başlanılıb. Təxminən üç ay davam edən hazırlıq prosesindən sonra 2026-cı ilin yanvarında ssenari tam hazır olub. Mart ayında isə çəkilişə hazırlıq mərhələsinə start verilib. Çəkilişlər üçün Pirşağı və Bakının “Sovetski” ərazisində yerləşən pinəçi emalatxanası məkan kimi seçilib.

Qədir Süleyman qeyd edib ki, filmin çəkilişləri aprelin 25-26-da cəmi iki gün ərzində başa çatdırılıb. O, rejissorluq təhsilini bu il başa vurduğunu, 21 yaşında ilk filmini minimum maliyyə ilə ərsəyə gətirdiyini vurğulayıb. Rejissor bildirib ki, texniki dəstək C. Cabbarlı adına Azərbaycanfilm Kinostudiyası tərəfindən göstərilib, aktyor heyəti isə layihədə təmənnasız iştirak edib. Filmin montajı isə müxtəlif texniki səbəblərə görə iki aya yekunlaşıb.

Rejissorun sözlərinə görə, film gənc yaşlarında oğlunu itirmiş bir atanın dərin kədərini ətrafındakı insanlarla bölüşmək cəhdindən bəhs edir. Lakin qoca kişinin üzləşdiyi insanlar onun ağrısına biganə qalır, gündəlik problemləri və şəxsi maraqları ilə məşğul olurlar. Ekran əsərində fərdi tənhalıq, cəmiyyətin laqeydliyi və paylaşılması mümkün olmayan kədərin ağırlığı faciəvi rakursdan təqdim edilir.

Dəniz Pənahova 

Tribuna.az