Azərbaycan Prezidenti İlham Əliyevin ötən günlərdə yerli mediaya verdiyi müsahibə Ermənistanda geniş müzakirə mövzusuna çevrilib.
Tribuna.az xəbər verir ki, əsasən müxalifət nümayəndələri dövlət başçısının fikirlərini özləri üçün təhlükə kimi gördüklərini qeyd ediblər.
Politoloq Suren Surenyants bununla bağlı deyib ki, Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Bakının müharibədən sonrakı regional nizamlamaya strateji yanaşmasının aydın ifadəsi kimi qəbul edilməlidir.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi məsələsində “Tramp yolu” ifadəsindən istifadə olunmasına rəğmən, Azərbaycan üçün mahiyyət dəyişməyib.
Surenyants daha sonra qeyd edib ki, davamlı sülh qarşılıqlı etimad və güc tətbiq etmək imkanını məhdudlaşdıracaq beynəlxalq zəmanətlər tələb edir. “Bunsuz istənilən razılaşma kövrək qalacaq”.
Digər erməni politoloq Karen İgityan isə iddia edib ki, guya, Azərbaycan hələ də Ermənistanı düşmən adlandırır. O qeyd edib ki, rəsmi Bakı Zəngəzur dəhlizini hərbi yolla açmaq niyyətində ola bilər. Lakin bunun üçün nəyə əsaslandığını bildirməyib.
İgityan vurğulayıb ki, Ermənistanın sərhədləri Azərbaycan tərəfindən tanınmayana qədər mövcud deyil. “Ermənistan onları tanıyana qədər Azərbaycanın sərhədləri də mövcud olmayıb. Lakin Paşinyan onları təhvil verib”.
Erməni politoloq sonda nağıl danışmaqdan da imtina etməyib. O iddia edib ki, əgər 2020-ci il müharibəsi dayandırılmasaydı, Azərbaycanın itkiləri dəfələrlə çox olardı. “Azərbaycan ən azı 15.000 əsgər itirəcəkdi. Lakin Nikol onları xilas etdi”.
P.S. Ermənilərin bu tip yanaşmaları yeni deyil. Əksinə, onlar mütəmadi olaraq elə rəy yaratmağa çalışırlar ki, sanki Azərbaycan Ordusu döyüşməyib, Paşinyan könüllü olaraq Qarabağdan çəkilib. Eyni zamanda, bu dəstənin təbliğatı əsasən “Azərbayca Ermənistana hücum edəcək” düşüncəsi üzərində qurulub. Məqsəd isə erməni cəmiyyətində təkcə qorxu yaratmaq yox, həm də düşmənçilik toxumları səpməkdir.
Əslində, heç bir arqument tapa bilməyən erməni politoloqları səfsəfə və nağıl danışmaqla özlərini nümayiş etdirməyə çalışırlar. Fakt odur ki, Azərbaycan Prezidentinin aydın və səlist fikirləri erməni revanşistlərini nokauta salıb.
Fərda Uğur









