İran prezidenti Məsud Pezeşkian ötən gün ölkə iqtisadiyyatının vəziyyəti ilə bağlı keçirilən toplantıda yenə molla rejimini hədəfə alıb.
Tribuna.az xəbər verir ki, o, mollaları dolayısı ilə bacarıqsızlıqda ittiham edib.
Pezeşkian çıxışında bildirib ki, maaşları artırmaq üçün pul yoxdur. “Deyirsiniz ki, pul verin. Bizim nə qədər pulumuz varsa, hamıya paylayırıq. Büdcədə 2% artım o deməkdir ki, biz özümüzü mümkün olan ən son həddə qədər sıxmışıq. Sonra da deyir ki, maaşları artır, amma vergi də alma. Çox gözəl, mən maaşları artırım, bəs bu pulu haradan verim?”
O vurğulayıb ki, İran nefti sanksiya altındadır və onun pulundan istifadə etmək imkanları yoxdur. Bunun ardından isə İranı özlərinin böhrana sürüklədiklərini qeyd edib. “Biz özümüz ölkəni böhrana sürükləyirik, sonra da deyirik ki, niyə belə oldu? Allah o kəsə rəhmət eləsin ki, öz potensialını bilsin. O ‘SWOT’ analizi dedikləri şeyi birinci özümüz üçün edək, özümüzü tanıyaq, hansı imkanlara malik olduğumuzu görək. Ətrafımıza baxaq, hansı təhlükələrin olduğunu görək. Sonra oturaq baxaq ki, biz bu imkanlarla və bu vəziyyətlə haradayıq, hara getmək istəyirik və bu yolu necə getməliyik”.
Pezeşkian İran parlamentinin deputatlarını da tənqid edib. “Deputatlardan biri deyirdi ki, suyu belə düzəltmirlər, belə edirlər. Mən də dedim ki, gəl, haranı deyirsənsə sənə verirəm, səlahiyyət də verirəm. Get, suyu düzəlt. Kənardan durub “belə etmirlər” demək asandır. De görüm necə edirlər? Təkcə deməklə olmur, gəl səlahiyyət verim, get icra et!”
Fərda Uğur









