Mingəçevirdə “Ölməz” tamaşası təqdim olundu-FOTO

Mingəçevirdə “Ölməz” tamaşası təqdim olundu-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mingəçevirdə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş “Ölməz” monotamaşası təqdim edilib. Tamaşa Heydər Əliyev Fondunun dəstəyi ilə baş tutub.

Tribuna.az xəbər verir ki, təqdimat Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı, Sumqayıt Dövlət Dram Teatrı və Mingəçevir Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə keçirilib.

Səhnə əsərinin müəllifi və quruluşçu rəssamı Elşən Sərxanoğlu, quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, rejissoru isə Ümid Abbaszadədir. Monotamaşada Elay Xasıyev çıxış edib.

Tamaşada Natiq Qasımovun igidliyi, vətənə bağlılığı və fədakarlığı bədii formada təqdim olunub. Səhnə əsərində onun altı silahdaşını itirdikdən sonra beş gün ərzində təkbaşına mühasirəyə qarşı göstərdiyi müqavimət, həmçinin Xocalıda girov götürülmüş 22 sakinin həyatını xilas etmək üçün nümayiş etdirdiyi qəhrəmanlıq xüsusi vurğulanıb.

Qeyd edək ki, Natiq Qasımov 1971-ci ildə Gədəbəy rayonunun Kiçik Qaramuradlı kəndində anadan olub. Uşaqlıq illərində ailəsi ilə birlikdə Mingəçevirə köçüb. Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq cəbhəyə yollanaraq döyüşlərdə böyük şücaət göstərib.

1992-ci ildə Xocalının Pirlər kəndində beş gün mühasirədə qalan qəhrəman döyüşçü sonadək müqavimət göstərib. Ermənilərin girov götürdüyü mülki şəxsləri öldürəcəkləri ilə hədələməsi səbəbindən silahını yerə qoyaraq sığındığı Alban kilsəsindən çıxsa da, son ana qədər əlindəki Azərbaycan bayrağını düşmənə təslim etməyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 iyun 2024-cü il tarixli sərəncamına əsasən, Natiq Qasımov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.